Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:49

Simonyan: 'Düşünmürəm ki, sülh müqaviləsində 'Artsax' sözü olmalıdır'


Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan

Ötən həftə baş nazir Nikol Paşinyan demişdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıya bilər və tanımalıdır və Qarabağ məsələsi sülh müqaviləsindən ayrı olmalıdır

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın fikrincə, Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin mətnində “Artsax” (Qarabağ-red) sözü olmamalıdır.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır.

Simonyanın sözlərinə görə müstəqilliyini əldə edəndən bəri Ermənistanın qonşularına ərazi iddiaları olmayıb və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:

“Elə bir sənəd yoxdur ki, mən orda nəyinsə olub, nəyinsə olmamasını deyə bilim. Amma gəlin bir məsələni dəqiqləşdirək: Ermənistan Respublikasının qonşu ölkələrə heç vaxt ərazi iddiaları olmayıb və söhbət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsindən gedir”.

“Biz bir-birimizin ərazi büytövlüyünü hələ 1991-ci ildə tanımışıq...”

Azatutyunun “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa Dağlıq Qarabağ öz müqəddəratını müəyyən etmək hüququnu itirə bilərmi” sualına spiker belə cavab verib:

“Biz bir-birimizin ərazi büytövlüyünü hələ 1991-ci ildə tanımışıq və sonralar da imzalanmış sənədlər var ki, biz orda da bir-birimizin ərazi bütövlüyünü tanımışıq. Ermənistan Respublikasının müstəqllik əldə edəndən bəri heç vaxt ərazi iddiaları olmayıb. Söhbət Artsax (Qarabağ-red) xalqının öz müqəddaratını müəyyən etməsi hüququndan gedib. Bunlar hüquqi məsələlərdir və mən düşünmürəm ki, “Artsax” sözü Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə daxil edilməlidir və ya edilə bilər. Bu mənim şəxsi rəyimdir və düşünürəm ki, həmkarlarım da bu rəyi bölüşürlər”.

Azatutyun yazır ki, Qarabağ separatçılarının oktyabrın 3-də keçirilmiş iclasında onların lideri Araik Arutyunyan demişdi ki, onlar Qarabağ münaqişəsinin mövcudluğunu nəzərə almayan bütün sənədləri qəbuledilməz hesab edirlər.

Bundan əvvəl ötən həftə baş nazir Nikol Paşinyan demişdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıya bilər və tanımalıdır və Qarabağ məsələsi sülh müqaviləsindən ayrı olmalıdır.

Paşinyan bunu da demişdi ki, “Qarabağ məsələsi üzrə əsas danışıqçı Qarabağ olmalıdır”.

Rəsmi Bakı Qarabağ münaqişəsinin artıq mövcud olmadığını bildirir.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib.

Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG