Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:16

Sakinlər 'Akkord'a xəbərdarlıq edir: 'Qaz verilməsə...'


Gəncləri qocaldan Gənclər şəhərciyi
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00
Direct-ə keçid

Gəncləri qocaldan Gənclər şəhərciyi

«Bizi illərdir ki, aldadırlar. Daha vədlərdən keçib. Bu qışı da soyuqda qala bilmərik. 10 günə evlərimizə qaz verilməsə, qaz tələbi ilə Prezident Administrasiyasına yürüş etməkdən başqa çarəmiz qalmayıb».

Bunu AzadlıqRadiosuna «Akkord» şirkətinin inşa etdiyi «Abşeron» Gənclər şəhərciyinin bir qrup sakini deyir.

«5 İL KEÇİB»

Ötən şənbə «Abşeron» Gənclər şəhərciyində binaların əksəriyyətinə qaz verilməməsi ilə əlaqədar sakinlər etiraz aksiyası keçirib. Aksiyaya gələn «Akkord» şirkətinin əməkdaşları problemin tezliklə həll olunacağını vəd ediblər. Şəhərcikdə yaşayanlar AzadlıqRadiosuna bildirirlər ki, şirkət işçilərinin vədinin üstündən 5 gün ötməsinə baxmayaraq, heç bir dəyişiklik yoxdur.

Şəhərcikdə yaşayan Mahirə Sultanovanın sözlərinə görə, qazın verilməməsinin səbəbi şirkətlə «Azəriqaz» ASC-nin ortaq məxrəcə gəlməmələridir: «Aralarında pul haqq-hesabı var, təpik bu boyda əhaliyə dəyir. Təmirli verdikləri evi 3 aydan sonra təzədən təmir etdik, bu, bir tərəfə qalsın. Biz bura köçəndə demişdilər, «1 aya qaz veriləcək». 5 il keçib, gözdən pərdə asmaq üçün gətirib bir-iki binaya qaz çəkiblər, bununla da iş bitdi».

120-150 MANAT İŞIQPULU

Şəhərcikdə yaşayan Həsən Abdullayev deyir, yay-qış – daim şəhərciyin içərisində toplaşıb etirazlarını bildirirlər. Səslərinə şirkətin əməkdaşlarından başqa gələn olmur: «Bizi incidən elə bu şirkətdir. Hər dəfə toplaşanda gəlib nağıl danışıb gedirlər. Əlac toplaşıb Bakıya – Prezident Administrasiyasına yürüş etməyə qalıb. Yayda səs-küy saldıq, gəlib sakitləşdirdilər ki, oktyabradək hamının evində qaz olacaq. Bu da oktyabrın tən ortası… Boş vəd eşitməkdən cana doymuşuq. Soyuqlar düşüb, yuxarı mərtəbələrdə qalırıq, evdə xəstə, qoca, uşaq var».

Sakinlərin deməsinə görə, qazın olmaması üzündən qışboyu elektrik qızdırıcılardan istifadə etməli və hər ay 120-150 manat işıqpulu ödəməli olurlar.

«İŞİN ÇOXU BİTİB, AZI QALIB»

«Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyasının mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, şirkətin nümayəndələri şənbə günü şəhərciyə gedərək sakinlərin şikayətlərini dinləyiblər: «Şəhərcikdəki mavi yanacaq problemi tezliklə həll olunacaq. Orada davamlı iş gedir. Söhbət çoxbinalı bir şəhərcikdən gedir. İşin çoxu bitib, azı qalıb. Hazırda işlər davam edir».

Mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyev şirkətlə «Azəriqaz» arasında hansısa maliyyə problemiylə bağlı deyilənləri təkzib edib.

XS
SM
MD
LG