Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:41

Ayaz Arabaçı. Ad tapa bilmədiyim şeir


Mən sənin xoş gününə
Hamıdan artıq xoşam
Mən də istəyirəm ki,
Sənə nəğmələr qoşam.
Elə gözəl nəğmələr
Ki, hər dəmdə oxunsun
Yanıqlı bir ney kimi
Ürəklərə toxunsun.
Mən də istəyirəm ki,
Sənə baxım ucalım.
Əzəmətli adından
Güc aldıqca güc allım
Hay salım hər bir yana
Bu mənim vətənimdir.
Təkcə dərdi, qəmi yox,
Nəyi desən mənimdir.
Di gəl qəlbim çat verib,
Seçimdəki min ahdan.
Nigaranam bu gündən,
Nigaranam sabahdan.
Ütülü sir-sifətlər
Bürüyüb hər tərəfi
Muzeylərdə gəzirik
Ləyaqəti, şərəfi.
İstəyirəm yazam ki,
Hər kəsin üzü gülür.
Hər gözdən, hər kəlmədən
Üstümə dətd tökülür.
Bir andaca gözümdə
Ölür fidan duyğular,
Hələ ki, çox lillidi
Çox bulanıqdı sular

Çəkir məni özünə
İndi başqa hədəflər.
Nə züylər işdən qalır
Nə zurnalar, nə dəflər.
Tutulub öz içində
Hamı məhbusa dönüb.
Bu gün qızıl-qırmızı
Təpəyə dağ deyirlər,
Ağa qara deyirlər,
Qaraya ağ deyirlər.
Axı səni mən necə
Ürəklə vəsf eləyim,
Olan-qalan ruhunu
Mədh ilə qəsb eləyim.
Durum nədən söz açım
Dinir köhnə bayatın.
Rəzildən də rəzildi
Bu gün sənin həyatın.
Hansı pullu birinin
Oğlu Murova gedib,
Gedən də gedibdisə
Xızıya ova gedib.
İndi igid odur ki,
Arxasında pul dura,
Əyləncə mərkəzisən
5-10 dənə quldura.
Vətən sən çox borclusan,
Səndən çox şey umuruq.
Biz də çox günahkarıq
Hər şeyə göz yumuruq.
Bu gün saxta geyimdə
Saxta libaslardasan,
Elə parçalayıblar
Bilinmir ki, hardasan.
Mən də canım deyirəm,
Azərbaycanım sənə.
Gücüm ona çatır ki,
Şam kimi yanım sənə.
Mən sənə ahu gözlü
Şeirlər yazammıram
Saxta şöhrət, saxta şan,
Saxta ad qazanmıram.
Söylə necə yaşayaq,
Söylə necə ucalaq
Tamarzımı qocalaq
Bu dünyada hər şeyə,
Öz oğluna, qızına
Uzaq vətən, yad vətən,
Təhsili rüşvət vətən,
Ordusu bərbad vətən.
Öz adınla gözəlsən
Soyun bu çirkin donu.
Yaltaqlıq vüsət alır,
Saxla bu marafonu.
Susuruq fağır-fağır,
Dözürük mətin-mətin,
Can veririk içində
Rüşvətin-üfunətin.
Boğuluruq qıyan yox,
Bizə saman çöpünü
Kim alacaq, söylə kim,
Harınların köpünü.


Əmir səni bir ucdan
Haram pul tuluqları.
Nə bir vaxt kömək olur,
Nə haqdan kərəm gəlir.
Orduya sağlam gedən
Oğullar vərəm gəlir.
Mən bu boyda dərdləri,
Nə təhər gözəl yazım,
Yalandan qoşma qoşum,
Yalandan qəzəl yazım.
Bu gün çox ilanların
Başında tac görürəm
Millətimi, xalqımı
Səfil və ac görürəm.
Sözdə bölüb günəşi,
Bölüb ayı verirlər
Bizə maaş yerinə
Tula payı verirlər.
Sonra da minnət qoyub,
Minirlər boynumuza
Qul olmaq zorundayıq
Neçə-neçə donuza.
Mən də vətən deyəndə
Köksüm, sinəm qabarır.
Ləpələnir dəniz tək,
Ürəyimin qübarı
Hər yeri bir div kəsib,
Bac-xərac içindəyik.
Hər yanımız qızıldı
Ehtiyac içindəyik
Bu bölgünü kim qoyub
Bu nə mütənasibdi
Desin bir haqq adamı
Kimə nə münasibdi.
Bundan böyük eyibmi,
Dinən deyir eybi yox,
Birinin yüz evi var.
Yüzünün bir evi yox
Mənim Azərbaycanım,
Hər şey siyasiləşib
Səni sevmək istəyən
Ürəyim asiləşib
Bu boyda çılpaqlığa
Mən nə təhər don verim
Ürək arzularıma
Söylə necə son verim.
XS
SM
MD
LG