Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:40

Süleyman Sani Axundov. Gənc maşinistka və qoca yazıçı


On səkkiz yaşında sevimli bir qız. Keçmişi bilməz.

Yaşmaq görməmiş, çarşaf bürünməmiş, molla, seyid tanımaz, siğə kimi çürük məhv olmuş sözləri anlamaz.

Cəhrə, falaqqa kimi asari-ətiqəmizdən xəbəri yox.

O, bir sözlə Şura balasıdır. Adı Nərgiz, özü də onun kimi bir çiçək. İşlədiyi yer Azərnəşr sarayı. Saat dörddə gələr, saat onda qulluğunu bitirər. Nərgiz çox iti işlər. Yazdığı zaman barmaqları yazı maşınında ləzgihəngi oynardı. Nərgiz həssas qızdır. Maşında yazdığı zaman əsərin təəssüratını onun simasından oxumaq olar. Dodaqlarında təbəssüm - demək əsərdən aldığı zövq, nəşə qəlbini şad etmiş. Barmaqları altında şaqqıldayan düymələr kimi özü də şaqqıldar - demək əsərdən aldığı zövq, nəşə ona artıq təsir etmiş. Gözlərində atəş, qaşları hərəkətdə, qəlbi çarpar - bu da əsərdən aldığı bədii həyəcandır.

Nərgiz məşğul olduğu otaqda səkkizə kimi maşinistka işləyir. İş zamanı bu otaq
bir pulemyot bölüyünə dönür. Şaqqıltıdan ağız deyəni qulaq eşitmir, fəqət bu hal
adət etməyənlər üçündür. Maşinistkalara gəldikdə, onların əlləri işdə olduqda
ağızları da bikar qalmayır. Mehriban söhbət etdikdə pulemyotların səsləri, incə,
həzin səda verir. Fəqət mübahisəyə keçdikdə şaqqıltı səsi artır. Sözləşmədən sonra
qovğaya keçdikdə batareya aramsız uraqan atəşi açır.
Bir axşam, yetmişə qədəm qoymuş bir qoca əlində əsa, ayaqlarında qaloş,
əynində isti palto, boynu şərf ilə sarınmış, qoltuğunda zorba və özü kimi köhnə bir
kitab, qapını açdı. Maşinistkalar sanki bir komandaya tabe olaraq əllərini
saxladılar. Otaqda səslər kəsildi. Sükunət içində qapı yanında oturan gənc qız:
- Əmi, nə istəyirsiniz? - deyə soruşdu.
- Qızlarım, sizdən Nərgiz kimdir?
- Mənəm, - deyə pəncərə ağzında oturmuş gənc qız cavab verdi. İxtiyar onun
yanına gedərək:
- Qızım, mənim bu əski əlifba ilə yazılmış əsərlərimi maşınında yeni əlifbaya
keçirməlisən, çapa veriləcəkdir.
- Əmi, o kitabdan ölü iyi gəlir. Maşinistkalar gülüşdülər.
- Qızım, doğrudur, bu kitab ölülər zamanı yazılmışdır.
- Əmi, o ölülərin keçmişi biz dirilərə nə lazımdır'?..
- Yox, qızım, keçmişi bilmək lazımdır. Atalarımız demişlər:
Zimistan çəkməyən bülbül,
Baharın qədrini bilməz.
- Əmi, düzü, mən o ilan-qurbağa hərfləri bilmirəm, - deyə qız boynundan atmaq
istədi.
- Qızım, mən diktə edərəm, sən yazarsan, müdiriyyətdə belə qət olunmuş.
- Onda bir qədər səbir ediniz, əlimdə yazdığımı bitirim.
- Yaxşı, qızım, gözlərəm, - deyə qoca soyunmağa başladı.
Bu gündən qoca yazıçı ilə gənc maşinistka işə şüru etdilər.
Yazı zamanı Nərgiz tez-tez dayanıb, eşitmədiyi sözlərin mənasını soruşurdu.
- Əmi, bu yazdığımız vəqələr hansı ölkədə zühur etmiş?
- Qızım, indiki Şura vətənimiz Azərbaycanın keçmişində, çar zamanında.
- Nə yaxşı mən o zaman olmamışam! - deyə Nərgiz öz halından şad oldu.
Qoca yazıçı ilə gənc maşinistkanın məşğulliyyəti 10-12 gün davam etdi.
Qoca yazıçının yazdığı əsərlərin gücü ilə əski həyata atılaraq, qanlı faciələr
içində boğulan gənc qızlarla bərabər Nərgiz də boğulurdu.
- Əmi, bir az tənəffüs edək, - deyə Nərgiz tez-tez otaqdan çıxırdı.
Qayıtdığı zaman yaşarmış gözlərindən mütəəssir olduğu bəlli olurdu.
- Əmi, hekayənizin qəhrəmam bu yazıq qızcığaz axırda tələf olacaqdır? - deyə
Nərgiz sorduqda, sanki qocadan aman istəyərək, onu diri buraxmağını rica edirdi.
Qoca yazıçı gülərək:
- İndi ki, ona elə artıq acıyırsan, eybi yoxdur, qızım, öldürmərik, - deyə onunla
zarafat edirdi.
Əski əsərlərinin gənc qıza belə təsir etdiyini gördükdə qoca yazıçı Nərgizə
dedi:
- Bəli, qızım, o zaman həyat belə idi. Ona görə də bu günkü gözəl və şən həyatı
qiymətləndirmək üçün, əski həyatı öyrənməliyik.
Nərgiz gülümsəyərək, qoca yazıçı ilə razılaşdı.

* * *

Şura Azərbaycanımız on beş ilin ərzində nə qədər irəliləmiş, nə qədər artmışdır.
Ölkəmizin sosializm quruluşu, sosializm mədəniyyəti əski həyatı dərin
kölgəliklərdə buraxmışdır.
Bu gün Nərgiz kimi şura balalarımız, əski həyatı, qaranlıq keçmişi yalnız
kitablardan və muzeylərdən öyrənirlər.
XS
SM
MD
LG