Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:47

Süleyman Sani Axundov. Namus


Axşam vaxtı idi. İyirmi yaşlı bir gənc həyəcanlı, bığlarını gəmirərək, otaqda o baş-bu başa gəzinir, öz-özünə söylənirdi.

- Yox, daha səbir kasam dolub daşmış... öldürməsəm ürəyim sakit olmaz, düşmənlərimin tənəli baxışlarında, dostlarımın istehzalı təbəssümlərində bunu aydın oxuyuram. Qoçu Sadığın oğlu Rəşid, qeyrətin, namusun harada qalmış?

Gəncin anası yanaşı otaqda axşam üçün yemək hazır edib süfrəyə qoyurdu.
Yarıaçıq qapı arasından oğlunun sözlərini eşidirdi. Öldürəcəyi kim olduğunu
duyurdu. Onu sakit etmək üçün otağa girdi.

- Oğlum, xörəyin soyuyur, gəl otur, ye, - deyə anası Rəşidi yemək otağına təklif
etdi.

- Ana, sənin o duz-çörəyin, bu məmələrindən əmizdirdiyin südün mən oğluna
haram olsun.

- Ay oğul, nə deyirsən, nə üçün belə qəzəbə gəlmisən? De görüm sənə nə
olmuş?

- Daha bundan bədtər nə olacaqdır? Bacım Leyla mənim bu qeyrət papağımı o
dikdaban çəkməsi altına salıb tapdalayır... Bu qədər qardaşları tərəfindən öldürülən
bacılardan ibrət almır. Yoxsa, o elə fikir edir ki, mən Şura hökumətindən qorxub
bu binamusluğu qəbul edəcəyəm? Xam xəyal... Hamı təqsir sən anamdadır...

- Rəşid, mən bədbəxt nə etmişəm?

- Onu etmisən ki, Leylanı, o biqeyrət Kamilə verməyə mən razı deyildim, sən
məni vadar etdin. Dedin: "Kamil oxumuş cavan oğlandır, özünün də yaxşı qulluğu
var". Onun elm oxuduğu başına dəysin. Mənə qeyrəti, namusu lazımdır, o da ki
onda yoxdur. Deyirəm, Kamil, bu arvadının ipini çək, səhərdən axşama kimi
bulvarda yava qızlar kimi açıq gəzib onunla-bununla mırt vurub gülür, bizi rüsvay
edir. Deyir, sənə borc deyil, arvad mənimdir, nə sayaq saxlayacağam, özüm
bilərəm.

- Oğlum, acığın tutmasın, Kamil doğru deyir, indi hamı Leyla kimi açıq gəzir.
Qorxma, bacın namuslu, ismətli qızdır. O, elə iş tutmaz ki, sənə, ya ərinə alçaqlıq
gətirə. Oğlum, qoçubazlıq zamanı getdi. İndicə asudə olmuşuq. Atan zamanı nə
gün çəkdiyimizi bilirsən? Gündüzlər düşmənlərin qorxusundan rahat bayıra çıxa
bilməzdik, gecələr bir hənirti gəldikdə hamımız dik atılardıq. Sən özün keçmişdə
indiki kimi belə arxayın gəzə bilərdinmi?

Belə sözlər ilə anası oğlunu sakit etməyə çalışırdı. Rəşid anasının dedikləri
sözdə həqiqəti hiss edirdi. Doğrudan da, atası zamanı bütün ailənin günü qara idi,
həmişə qorxu altında yaşayırdılar. Onun özü məktəbli bir uşaq olduğu halda,
atasının əmrilə belinə tapança bağlamağa məcbur idi. Bacısının günü daha qara idi.
O, atasının qorxusundan ki, sənə naməhrəmin gözü sataşar - otağından kənara çıxa
bilməzdi. Anası onu da doğru deyirdi ki, o indi Şura hökuməti zamanı gəzə bilir.
Lakin sabiqdən irs qalmış tərbiyənin təsiri onda dərin kök salmışdı. Qadınların açıq
və azadə gəzməyinə o razı ola bilmirdi, çünki nadan atasından və cəmi qohuməqrəbasından
aldığı yanlış tərbiyə üzündən: "Açıq gəzən qadında qeyrət, namus
olmaz" kimi sözlərə möhkəm inanmışdı.
Anası oğluna etdiyi nəsihətin təsirini görüb dedi:
- Oğlum, heç vaxt unutma ki, düşmənlərimiz atam güdaza verən kimi səni də
vermək istəyirlər. Onların vəsvəsəsinə inanma, böyük bir ailədən bir kişi sən
qalmısan, sən də tələf olsan, mən küçələrə düşərəm. - Dur oğlum, gedək, xörəyin
soyuyur.
Anasının səyi ilə Rəşid bir qədər sakit olub yemək otağına keçdi.

* * *

Rəşidi yoldan çıxaranlar atasının düşmənləri idi anası Gülsüm bunu yaxşı
bilirdi. Onlar köhnə ədavəti unutmamışdılar. Lakin Şura hökumətindən çəkinərək
aşkar çıxış edə bilmirdilər. Hiylə ilə Rəşidi tələf etmək istəyirdilər. Onun bacısını
əllərində intiqam aləti etmişdilər.
Anasının nəsihətindən sonra Rəşid sakit olub bacısına əziyyət vermirdi. Bir
ittifaq da buna daha artıq səbəb olmuşdu. Belə ki, Rəşid son zamanları tibb
fakültəsində təhsil alan bir yəhudi qızına məhəbbət bağlamışdı. Liya adında bu
gənc qız, qoca anası ilə Leyla olan həyətdə yaşayırdılar. Bu kasıb ailə, ancaq bu iki
nəfərdən ibarət idi. Liya özü oxuduğu halda müəllimlik edib, xüsusi dərs verməklə,
həm özünü və həm də anasını saxlayırdı. Liya Leyla kimi qaraqaş, qaragöz bir qız
idi. Onların bədənləri, boyları da bir biçimdə idi. Liya, Azərbaycan dilini gözəlcə
bilirdi. Liya Leylaya rusca dərs verirdi.
Rəşid Liya ilə görüşmək qəsdilə bacısıgilə tez-tez gəlib-gedərdi. Leyla buna
artıqca şad idi ki, qardaşı ona Liya ilə gəzməyə mane olmurdu.

* * *

Rəşidin düşmənləri rahat olmurdular. Onlar Gülsümün evini sahibsiz qoymaq
fikrində idilər. Rəşidi tələf etmək üçün yeni planlar çəkirdilər. Leylanın dalınca
pusquçular salıb, onun hara getdiyindən və nə iş tutduğundan məlumat toplayaraq,
Rəşidə adsız məktublar yazırdılar, min dürlü iftiralar düzəldirdilər. Liyanı da
əllərində alət etmişdilər. Onu müsamirələrə dəvət edib Leylanı oraya çəkmək
istəyirdilər. Lakin Leyla ya getmir, ya da gedəndə Kamil ilə gedirdi. Bu isə onların
planlarını pozurdu.
Axırda bir hadisədən istifadə edərək düşmənlər Rəşidi tələyə salıb məramlarına
nail oldular. Belə ki, bir qış gecəsi klubda kostyumlu və rəqsli müsamirə verilirdi.
Kiyev şəhərindən gəlmiş Liyanın nişanlısı bu müsamirəyə, namizədilə bərabər
Leylanı da təklif etdi, lakin o razılıq edib, gedə bilməyəcəyinə üzr istədi. Liya
müsamirəyə hazırlanaraq əntiq kostyum arayırdı, Leyla, cehiz getirdiyi əski
Azərbaycan biçimi ilə tikilmiş ipək libasını ona göstərib sordu:
- Liya, bu paltar yararmı?
Liya, bu əski çəpgən, kürdü katibi, büzmə darayı tumanı və qeyrilərini
gördükdə gözləri parlayaraq dedi:
- Ah, nə gözəl paltardır, mən ömrümdə belə şeylər görməmişəm.
Yəqinimdir ki, müsamirədə hamının gözə məndə olacaqdır.
Liya şadlığından Leylanı qucaqlayıb öpməyə başladı.
- İndi, gey görüm, əyninə necə gələcəkdir? - Leyla paltarı ona uzatdı.
Liya geydi, sanki bu libas onun boyuna biçilmişdi. Bu paltarda Liya Leylaya o
qədər bənzəyirdi ki, seçmək belə olmurdu.
- Bəs başıma nə örtüm? - deyə Liya soruşdu.
- Bu saat onu da düzəldərəm, - deyə Leyla başqa sandıqdan bir əski İran tirmə
şalı çıxarıb onun başına saldı.
Saat doqquz yarımda Liya nişanlısı ilə müsamirəyə getdi. Düşmənlərin
adamlarından birisi orada hazır idi. O, Liyanın tanışı idi. Onu belə libasda
gördükdə əvvəl tanımadı. Sonra onun paltarını tərif edib belə gözəl libasın kim
verdiyini soruşdu. Liya nağıl etdi və əfsus etdi ki, Leyla gələ bilmədi. O, bir qədər
Liya ilə söhbət etdi. Sonra klubdan çıxıb getdi.

O gecəsi Rəşid anası ilə naxoş xalasını yoxlamağa getmişdi, xalası bərk xəstə
idi. Leylaya da xəbər verilmişdi, amma o hələ gəlib çıxmamışdı. Anası Rəşidi evə
göndərib, özü bacısının yanında qaldı. Saat on tamamda Rəşid soyunub yerinə
girdi. Gecənin bir vaxtı qapı döyüldü. Rəşid dik atıldı. O, fikir etdi ki, xalası
keçinir, onu çağırırlar. Paltonu çiyninə atıb qapını açdı. Kürkə bürünmüş naməlum
bir şəxs ona bir məktub verib cəld getdi. Rəşid otağa qayıdıb məktubu açdı, oxudu,
rəngi qaçdı. Kağız əlində payız yarpağı kimi əsirdi.
- Yenə düşmənlərimin iftirasımı? Yox, böhtana oxşamır... "Gəl öz gözünlə gör"
deyirlər. Binamus bacı, xalası evdə can verir, onu son görüşə çağırır, o, klubda
aşnabazlıq edir... Ey biqeyrət bacı, əgər bu məktubda yazılan doğru olursa, sənin
sabahkı günəş ziyasını görməyəcəyinə and içirəm! - Bunu deyə Rəşid cəld geyinib
tapançasını paltonun qoltuq cibinə qoydu, qapını açıb küçəyə çıxdı. Hava ayaz idi.
Rəşid paltonun boynunu qaldırıb yola düşdü. Fikir və xəyal onu elə aparmışdı ki,
yolu azıb küçələrdə dolaşırdı. Öz-özü ilə danışırdı: "Bacımı öldürməyə mənim
ixtiyarım varmı?" deyə özünə sual verirdi. Nə üçün? Kamil ona inanıb başına
buraxır. Məgər onda heç namus hissi yoxmu?.. Yaxşı olmazmı ki, aparım məktubu
ona göstərim... Yox, əvvəl məktubda yazılanı təhqiq etmək lazımdır. Rəşid başını
qaldırdıqda özünü klubun qabağında gördü. Açıq qapıdan musiqi səsi gəlirdi.
Kluba daxil olmaq istədikdə, gözü koridorda bir cavan oğlan ilə Şərq libasında bir
gənc qadına sataşdı. Qadın sağ divarda bən olunmuş aynanın qabağında durub
başının tüklərini düzəldirdi. Rəşid onun üzünü tamam görə bilmirdi, lakin
əynindəki əski Şərq libası bacısı Leylanın olduğuna şübhə etmirdi. Bu vaxt oğlan
ondan ayrılıb paltar saxlayan xidmətçinin yanına getdi, xidmətçi paltoları
qarmaqdan çıxarıb ona verdi. Oğlan paltonu alıb qadına tərəf getdi. Onu kürsü
üstünə qoyub şalı əlinə götürdü və qadının başına saldı. Rəşidin bədəninə lərzə
düşdü. O, Leylanın bu əski tirmə şalını tanıdı. Bu vaxt qapıçı gəldi, ondan içəri
girməyə dəvətnamə istədi.
- Mən içəri girmək istəmirəm, yoldasımı gözləyirəm, - deyə Rəşid cavab verdi.
- Burada durmaq olmaz, küçədə gözləyə bilərsiniz, - deyə qapıçı qapını örtdü.
Rəşid küçəyə çıxdı. Klubun qapısından bir qədər uzaqlaşıb pusquda durdu.
Aradan bir az keçmiş oğlan ilə qadın klubdan çıxdılar.

Oğlan göz gəzdirib fayton aradı, tapmadı. Sonra qolunu qadının qoluna salıb yola
düşdülər. Rəşid özünü bir dərvazaya qısıb, onları irəli buraxıb arxalarınca düşdü.
Onlar tinə çatdıqda durdular. Rəşid cəld bir sütunun dalında gizləndi. Küçədə bir
kəs yox idi. bu zaman yan küçədən fayton qaraltısı göründü, oğlan bir qədər
irəliləyib: "Fayton, fayton" deyə səslədi. Rəşid bundan istifadə ederək tapançasını
çıxarıb özünü qadının üstünə atdı. Güllənin atılması, qadının yerə sərilməsi bir
anda oldu. Oğlan özünü itirib, qışqıraraq qaçmağa başladı. Rəşid istədi ki, güllənin
birisini də onun başına sıxsın, Liya zəif bir səslə dedi:
- Rəşid, nə üçün məni öldürdün? Mən sənə nə etmişəm? Tapança, Rəşidin
əlindən düşdü:
- Liya sənmisən? - deyə qışqırdı.
Lakin Liyadan səs çıxmadı, çünki onun cavan ömrü bir cəhalət gülləsinə
qurban olmuşdu, Rəşid əyilib ona baxdı.
- Şübhəsiz zavallı Liyadır, öz əlimlə sevdiyim günahsız qızı qanına boyadım, -
deyə fəryad etdi.
Güllənin səsinə, Liyanın nişanlısının qışqırığına küçələrdən milislərin fitləri
qalxmağa basladı.
Rəşid qaçmaq fikrində deyildi. O, bacısını öldürmək qəsdinə düşən gündən qət
etmişdi ki, xahişini əmələ gətirdikdən sonra öz ixtiyarı ilə hökumətə təslim
olacaqdır, o idi ki, milislər əllərində silah onu əhatə etdikdə, Rəşid qaçmayıb dedi:
- Bu yəhudi qızını bacım bilib səhvən öldürmüşəm, sizə təslim oluram. Məni
milis idarəsinə aparın ki, şəhadətimi verim, - bunu deyə tapançasını onlara uzatdı.
Onu həbsə aldılar. Düşmənlər məramlarına çatdılar. İki qoca qadının ümid
çıraqlarını söndürdülər.

* * *

Beş aydan artıq idi ki, Rəşid həbsxanada yatırdı. Bu günlərdə onun mühakiməsi
olacaqdı. Bu mühakiməni Rəşid böyük iztirab və təlaş ilə gözləyirdi. Lakin onun
bu həyəcanına səbəb, qorxu hissi deyildi, onu təşvişə salan o idi ki, şayəd
məhkəmədə indiki yeni nəzərlərini, dərin düşüncələrini, onda əmələ gəlmiş böyük
ruhani təğyirlərini son sözündə camaata layiqincə yetirə biləcəkdirmi? Ona
inanacaqlarını? Yainki işini yüngülləşdirmək üçün bir hiylə sanacaqlarmı? Rəşid
son fikirlərindən qorxmurdu, çünki özünü qurtarmaq məqsədində deyildi, biləks
məhkəmədən özü üçün ən ağır cəza tələb edəcəkdi. O etdiyi silinməz cinayətdən
sonra yaşamaq təmənnasında deyildi. Lakin ölümə gedərkən, indiyə kimi fəxr ilə
tutduğu yolun yanlış olduğunu öz həmfikir və həmməsləki olan gənc yoldaşlarına
sübut etmək istəyirdi. Onda zühura gəldiyi təğyirlərin düz və səmimi olmasını
onlara anlatmaq istəyirdi.

Bu təğyir Rəşiddə birdən əmələ gəlməmişdi. Əvvəlləri həbsxanada yatarkən
sevdiyi qızı öldürməsinin baisi bacısını sanıb ona düşmənçiliyi artmışdı.
- Liyanın əsil qatili mən deyiləm, bacımdır, - deyə ondan intiqam almaq istərdi.
Anasına gəldikdə ona da ədavət bağlayıb görüşmək istəməzdi... Bu isə köməksiz
qalmış zavallı ananın gecə-gündüz göz yaşı tökməyinə səbəb olurdu.
Hər cümə günü, başqa analar və arvadlar kimi Gülsüm həbsxananın qabağında
saatlarca durub oğlu ilə görüşmək istəyirdi. Lakin növbə ona çatdıqda xəbər
verdilər ki, müqəssir anası ilə görüşmək istəmir. Hətta Rəşid anası gətirdiyi şeyləri
de qəbul etmirdi. Biçarə ana həbsxananın divarına söykənib saatlarca ürək yaxıcı
göz yaşlarını tökərdi. Başqa görüşə gəlmiş analar, arvadlar onun halına acıyardılar.
Zavallını bir tövr sakit edib evinə aparardılar. Buna baxmayaraq, Gülsüm hər cümə
yenə gəlirdi ki, bəlkə, bu dəfə oğlu fikrini dəyişdirib, onunla görüşəcəkdir, ya
gətirdiyi şeyləri qəbul edəcəkdir. Ümidi puça çıxardı. Onun halına həbsxananın
qapıçısı yanırdı.
O, bir cümə günü, Gülsümdən Rəşidin dostlarının adlarını öyrənib belə bir
hiylə qurdu; gələn cümə növbə Gülsümə çatdıqda qapıçı dedi:
- Ana, oğlun şeyləri qəbul edir, ver aparım.
Biçarə arvad sevindiyindən özünü itirmişdi, əlləri əsə-əsə qəzetə bükülmüş
çayı, qəndi, papirosu və özü bişirmiş olduğu halva və külçəni ona uzatdı.
- Oğlum, bunu Rəşidə verəndə de ki, onun dərdindən belim bükülmüş,
ağlamaqdan gözlərimin nuru getmiş. Bu gün-sabah bu qəm və qüssədən öləcəyəm,
bircə mənlə görüşsün ki, qəbrə rahat gedim.
- Yaxşı anam, deyərəm. Qorxma, oğlun səninlə görüşəcəkdir, ancaq bir az səbir
elə. Çox cavan dustaqlar sənin oğlun kimi əvvəl vaxtlar heç kəsi görmək istəmirlər,
sonralar, özləri qohumları ilə görüşməyə tələsirlər.

Qapıçı şeyləri ondan alıb dedi:
- İndi get, ana, ümidini kəsmə.
Gülsüm ondan razılıq edib getdi. Qapıçı şeyləri Rəşidə dostlarının birisinin adı
ilə verdi. Beləliklə, qapıçı bir müddət həm anasını və həm də oğlunu aldadaraq, hər
ikisini razı etdi.
Rəşidi həbsxanada ayrıca kameraya salmışdılar. Buna onun özü də şad idi,
çünki halı elə sükut və təkliyi tələb edirdi.
Rəşid bütün günləri, saatlarca yerində uzanıb dərin fikirlərə dalırdı. Azadəliyin
nə böyük səadət olduğunu indi düşünürdü... Uca və kiçik pəncərədən düşən
günəşin işığının necə böyük bir nemət olduğunu indi anlayırdı.
- Mən nə üçün bacımı bu iki böyük nemətdən məhrum etmək istəyirdim? Bizim
arvadlarımız, anadan olandan qəbrə gedənə kimi belə həbsxanalarda yaşayan
dustaqlar deyildirlərmi? İnsafı, vicdanı olan şəxs belə ədalətsizliyə razı olarmı?
- Açıq, azadə gəzən qadınlarda namus, ismət olmaz... Bu fikir düzdürmü?
Demək, bütün mədəni millətlərin qadınları namussuzdur... Bu nəzəriyyə
doğrudurmu? Çarşaf yavalığın qarşısını alar; bu haqlı bir tədbirdirmi?
Rəşid öz-özünə belə sualları verib, həqiqət harada olduğunu dərin
düşüncələrdən sonra arayıb tapırdı. Uzun gecələr, tutduğu cinayətin qanlı
mənzərəsi gözlərinin qarşısında böyüyürdü. Sevgili Liyasının solğun
dodaqlarından çıxan "Rəşid, məni nə üçün öldürdün, mən sənə nə etmişdim?"
səsləri qulaqlarından çıxmırdı. Bəzən də bacısının pərişan üzü, müztərib gözləri,
anasının zəif, qansız siması məzlum baxışları gözlərinin önündə canlanırdı. Bəzən
də yuxusunda anasını küçələrdə dilənən görürkən diksinib oyanardı. Bu zaman
Rəşidin yadına anasının bu sözləri düşürdü:
"Oğlum, düşmənlərin vəsvəsəsinə qulaq asıb məni küçələrə salma, əsil
biqeyrətlik budur, oğlum".
Rəşid bu acı həqiqəti indi anlayırdı.
- Doğrudan da düşmənlərimin bir saxta məktubuna inanıb üç ailəni bədbəxt
etdim, buna namuslu deyərlər? Günahsız Liyanın qoca anasını küçələrə atdım, belə
qatil bağışlanmağa layiqmi? Yox, yox, - Rəşid suallarına cavab verirdi.

* * *

Rəşid daha anasının görüşündən boyun qaçırmırdı. Hər cümə, gülər üzlə onu
qəbul edib mehriban söhbətlər edərdi. Ona təsəllilər verərdi. Gülsüm oğlunun belə
təğyirinə artıq şad idi. Bir dəfə Rəşid soruşdu:
- Ana, nə üçün bacım məni görməyə gəlmir?
- Oğlum, səndən qorxur, sən tutulan gündən bəri bacın evdən heç bir yerə
çıxmır, gecə-gündüz ağlayır, bir an rahat olmur. Gördüyün sağlam Leyla, əriyib
çöpə dönmüşdür. Deyir: "Qardaşının bədbəxt olmasına bais mən oldum. Kaş o
yanımda olaydı, başıma çarşaf salıb evdən bayıra çıxmağıma izin verməyəydi. Mən
onun əmrini şadlıqla qəbul edərdim".
Rəşid gülümsəyib dedi:
- Qorxmasın, mən irəliki Rəşid deyiləm. Bu gündən sonra daha heç bir kəsdən
cəkinməyərək açıq, azadə, könlü istəyən yerə getsin. Ana, onlara cəlladlıq
etdiyimiz yetər, belə həbsxanalarda saxladığımız bəsdir, onların hüquqlarına, mal
və canlarına, namuslarına toxunmaqlarımız bir namussuzluqdur. Qadınlar hər
cəhətcə, erkəklərlə müsavidirlər. Bu sadəcə şeyi mən burada uzun müddət dərin
fikirləşib, düşunüb anladım.
Gülsüm, oğlunun dediyi sözlərin çoxunu anlamadısa da, onda olan böyük
dəyişikliyi hiss edirdi.
- Ana, bu dediklərimi bacıma yetir və gələn cümə də mənim gorüşümə gətir.
Ona deyəcək sözlərim çoxdur. Daha durma, get, bacımı şad et...
Gülsüm şadlıqdan özünü elə itirmişdi ki, oğlu ilə belə salamatlaşmayıb, cəld
getdi.

* * *

Üç gün idi ki, vilayət məhkəməsinin cinayət şöbəsi tərəfindən Rəşidin işinə
baxılırdı. Başqalarına ibrət olmaq üçün məhkəmə ciddi və təntənəli bir surətdə
qurulmuşdu. Böyük məhkəmə salonu maraqlanan tamaşaçılarla dolu idi. Bu gün
məhkəmənin sonu olduğu üçün gələn adamların sayı iki qat artmışdı. Salonda
qadınlar şöbəsinin üzvlərindən başqa qeyri çarsaflı qadınlar da çox idilər. Onlar
məhkəmədən qatil üçün edam cəzası tələb edirdilər. Bu isə Gülsümün və Leylanın
ürəklərinə ox kimi sancılırdı.

Qadınlar şöbəsi tərəfindən təyin olunmuş natiqin odlu çıxışı camaata böyük
təsir buraxmışdı. Rəşidin hökumət tərəfindən təyin olunmuş vəkili bu təsiri
pozmağa səy edirdisə də, müvəffəq olmadı. Rəşid başını aşağı salıb heç kəsə
baxmırdı. Dərin-dərin fikirlərə dalıb özünün harada olduğunu duymurdu.
- Vətəndaş müqəssir, söz sizindir, - deyə sədr elan etdi. Salonda elə sakitlik
əmələ gəldi ki, milçək uçsaydı, qanadlarının səsi eşidilərdi.
Rəşid qalxdı. Yüzlərcə gözlər, onun zərif, gözəl, lakin solğun simasına, uşaq
baxışlı gözlərinə, uca, incə boyuna, qıvırcıq saçlarına dikildi.
Rəşid həyəcana gəlmiş əsəblərini, hiddətli çarpan qəlbini sakit etmək üçün su
istədi. Verdilər, içdi, sonra zəif, titrək, xoş səslə son sözlərini başladı. Tərcümeyihalını,
içərisində yaşadığı mühiti, qoçu atasından aldığı tərbiyəni doğru, düzgün
təsvir edərək, etdiyi cinayətə keçdi. Onun nitqi gəldikcə yandırıcı oda, kəskin
qılınca dönürdü. Həbsxanada çəkdiyi böyük ruhi əziyyətdən sonra, özündə əmələ
gəlmiş təğyirləri elə saf və sədaqətlə isbat etdi ki, kimsədə bir şübhə izi belə
qalmadı. Hamının rəhmini, məhəbbətini qazanmağa müvəffəq oldu. İndi onun
ölümünü heç kəs tələb etmirdi, biləks, azad olmasını diləyirdilər. Bir az bundan
əvvəl edamını tələb edən qadınların gözlərində mərhəmət və şəfqət yaşları
görünürdü.
Rəşid nitqini bitirərək üzünü qadınlara tərəf çevirib:
- Bacılar, mənim kimi azad olmağınıza mane olan qara fikirli cavanlar və bütün
ərlər aradan götürülməlidir. Mən də sizin rəyinizə şərik olaraq məhkəmədən özümə
ən ağır cəza tələb edirəm, - deyə Rəşid oturdu.
Qadınlar tərəfindən "yox, yox, istəmirik" sədası qalxdı.
Məhkəmə üzvləri müşavirə otağına keçdilər. Salonda səslər ucaldı, qızğın
bəhslər başlandı. Qadınlardan bir neçəsi Gülsüm və Leylanı əhatə edib:
- Qorxmayın, bacılar, bu işdə ölüm yoxdur, - deyə təsəlli verirdilər.
Aradan yarım saat keçmiş sədr, üzvlərlə bərabər salona daxil oldular. Hamı
ayağa qalxdı. Böyük sükut içərisində sədr qətnaməsini oxudu.
- Müqəssir dörd il müddətində azadlıqdan məhrum edilir, lakin onun cavan və
səmimi bir insan olduğunu nəzərə alaraq cəzası iki il azaldılır.
Salondan şadlıq sədası yüksəlmiş, adamlar sevinc dalğaları arasında axın-axın
bayıra çıxırdılar.
XS
SM
MD
LG