Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:41

Süleyman Sani Axundov. Qatil uşaq


Otuz-qırx il bundan əvvəl, bəlkə indi də Azərbaycanın çox yerlərində
müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhmətilə becərilmiş taxılı biçməkdə aciz qalaraq, iranlı biçinçilərinə möhtac olmaqları idi.

Yayın isti günləri idi. İran biçinçiləri eyinlərində cındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan, Araz çayını keçərək, Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynu yoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmanları gəzib: "Cəddimin payını ver" deyə kəndlilərdən "seyid vergisi" tələb edərdilər. Dini və adəti - mövhumata qərq olmuş sadədil məzlum kəndlilər, hər bir vergidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cürət edib onların tələbini rədd edə bilməzdi.

* * *

Zəmili kəndi dağ ətəyində, meşə qırağında düşmüşdü. Bu kəndin əhli əkinçilik
və maldarlıqla məşğul olardı. Tarlaları yüksək yerlərdə olduğu üçün dağlar
arasından axan çaylardan istifadə edə bilməzdilər. Ona görə yağmur az yağan ili
əkinləri yanıb zəhmətləri hədər gedərdi.
Bu kəndin qurtaracağında, meşənin başlanğıcında əski və ufaq daxmada
Qızxanım adlı bir qadın on iki yaşlı oğlu ilə yaşayırdı. Bu qadın beş il idi ki, dul
qalmışdı. Əri Mehdiqulunu artıq dərəcədə sevərdi və sevməyə də haqlı idi, çünki
Mehdiqulu həlim təbiətli, gülər üzlü, rəhmdil bir şəxs idi. Ölənə kimi bir dəfə də
olsa, Qızxanımı incidib əziyyət verməmişdi. Bundan əlavə Mehdiqulu kənd əhli ilə
də gözəl rəftar edərdi.
Tarlasını hamıdan qabaq şumlayıb qurtarardı və sonra dul qadınların, xəstə
düşmüş kəndli qardaşların yerlərini pulsuz-parasız öz öküzləri ilə sürərdi; buna
görə kəndlilər onu çox istərdilər. Bu yaxşılıqların əvəzi idi ki, indi dul qalmış
Qızxanımın tarlasını "ho" edib əkərdilər və biçin zamanında kömək edərdilər. Bir
tərəfdən də oğlu Mərdanı özlərinə çoban tutub, pul verməklə Qızxanıma kömək əllərini uzadırlar. Qızxanım bu qeyrətli kəndlilərin sayəsində öz oğlu ilə yaxşı güzəran edərdi.

Qızxanım əri kimi işlək, xoş xasiyyətli, namuslu bir qadın idi. Bir ittifaq
kəndlilərin məhəbbətini ona daha da artırmışdı: cavan Qızxanım dul qaldıqdan
sonra dübarə ərə getməmişdi. Elçilərə belə cavab verərdi:
- Sevgili ərimdən sonra kimsəyə arvad olmaq həvəsində deyiləm və oğlum
Mərdanın da qəlbini yaratmaq istəmirəm. O qeyrətli uşaq böyüyüb məni hamıdan
yaxşı saxlayacaqdır.
Bu fikir yanlış deyildi. Mərdan sağlam, cəsur bir uşaq idi. Anası ilə mehriban
rəftar edib itaətindən boyun qaçırmazdı.
Atası Mehdiqulu asudə vaxtlarını ovda keçirərdi. Bəzi vaxt Mərdanı da özü ilə
ova aparardı. Bu isə uşaqda ovçuluq həvəsini artırardı. Atası öləndən sonra uşaq
onun ov tüfəngini də özü ilə götürərdi. Anası mane olmaq istədikdə deyərdi:
- Ana can, qorxma, tüfəngdən mənə xata gəlməz, bəlkə, məni yırtıcı heyvandan
mühafizə edər. Atmaqda da ustayam.
Günəş ahəstə-ahəstə dağ başından enirdi. Getdikcə gözə batıcı şöləsi zəifləşirdi.
Dünyaya buraxmış zərrələrini geri çəkərək sanki deyirdi: - Siz də bir qədər rahat
olun, balalarım.
Bir azdan sonra günəş dağın dalına enərək gözdən qaib oldu. Kəndə qaranlıq
çökməyə başladı. Aradan bir on dəqiqə kecdikdən sonra dağın arxasından qara
buludlar qalxaraq, kəndin üstünü aldı.
Qızxanım daxmadan çıxıb darvazaya gəldi. Qara buludları gördükdə yazıq
qadının ürəyi iztiraba düşdü.
Mərdan hər gün günəş batdıqda malları kəndə gətirərdi. Qəflətən şimşək qızıl
ilan kimi göyün üzündə oynayaraq dağlara dəhşətli bir səda buraxdı. Bu səsdən
diksinərək, Qızxanım ürəyində dua etməyə başladı.
Gurultu getdikcə artırdı. Bir azdan sonra şiddətli yağmur yağmağa başladı.
Qızxanım daxmaya girib köhnə, yamaqlı şalına büründü və yenə qapıya çıxdı. Bu
vaxt qısaboylu, qaraqaş, pırtlaqgöz bir cavanseyid, əbasını başına çəkmiş, doqqaz ilə gəlirdi. Qızxanımı gördükdə ona tərəf yönəldi.
- Bacı, mən qərib seyidi allah qonacı saxlamağı rica edirəm.
- Ağa, cəddinə qurban olum, bu ev heç bir qonağı qapısından naümid
qaytarmamış, ancaq mənim ərim vəfat etmiş. Mən bir dul qadınam, kişisiz evə sən
naməhrəmi necə buraxım?
Seyid bunu eşitdikdə və cavan Qızxanımın gözəl simasını gördükdə qara pırtlaq
gözlərindən od parladı.
- Bacı, seyid övladı hər bir evə məhrəmdir, məni belə yağmurda qapıdan
naümid qaytarsan, bu evi, bişək-şübhə, bəla tutar.
Qızxanım seyidin qarğışlarından çox qorxardı. Oğlu xəstə olanda, başı
ağrıyanda, ya sancı tutanda hər bir şeydən əvvəl seyidə nəzir edərdi. İndi seyidin
sözlərini eşitdikdə ürəyi qorxuya düşdü. Bir tərəfdən də namuslu qadın yad kişini
evinə buraxmaqdan həya edirdi. Bu halda intizarını çəkdiyi oğlu yadına düşdü.
- Ağa, içəri buyurun, yağış sizi isladır. - Hər ikisi həyətə daxil oldu. Qızxanım
daxmaya girib çırağı yandırdı və sonra seyidi içəriyə təklif etdi.
- Buyurun, ağa, rahat olun.
Seyid islanmış əbasını çıxarıb əyləşdi.
- Bacı, bəs oğlun haradadır?
- Ağa, oğlum kəndin mallarını otarır, indi gələr. Ancaq yağış çox şiddətli yağır.
Oğlumdan nigaranam, çünki uşaqdır, dağdan axan selə düşüb tələf olar.
Seyid dedi:
- Xof etmə, bacı, sən mən seyidi müsafir etdin, cəddim Məhəmmədəlmustafa
buyurmuşdur ki, mənim övladım olduğu evə bəla nazil olmaz. Bu saat oğlun sağsalamat
gəlib çıxar.
- Allah ağzından eşitsin, ağa.
- Əlbəttə, biz seyidlərin ağzından çıxan sözlərin hamısı allah, peyğəmbər
kəlamıdır. Ancaq, bacı, səndən bir söz soruşmaq istəyirəm. Sən belə gözəl və
cavan qadın nə üçün ikinci ərə getməmisən?
- Ağa, mən ərimi çox istəyirdim. O öləndən sonra əhd etdim ki, bir də
başqasına getməyim. Onun tək varisini böyüdüm.
- Əhsən, əhsən, görürəm sən çox vəfalı qadınsan. Lakin nadanlıqdan cəddimin
əmrindən çıxmısan və günah da etmisən. Məgər bilmirsənmi ki, cəddim
Məhəmmədəlmustafa öz şəriətində bir kişiyə 4 arvad almağı caiz buyurmuşlar. Bundan əlavə, siğə yolu da qoymuş. Biz seyidlərə gəldikdə bunlar da lazım deyil. Bir dua oxumaqla hər bir qadın bizə halal olur.

Mən buraya girdikdə o duanı oxudum ki, sən mənə halal olasan. Bunların sirri
bilirsənmi nədir? İslam tayfası törəyib artsın, yer üzünü tutsun, kafirlərə qalib
gəlsin.
Bu halda qızıl inəyin mələməsi Qızxanımın qulağına çatdı, cəld dişarıya çıxdı
və qapını açıb inəyi içəriyə buraxdı. Sonra gözlərini doqqaza dikdi ki, görsün oğlu
gəlirmi?
Yağış kəsilmişdi, lakin yoldan hələ sel axırdı.
Uzaqdan Qızxanımın gözünə bir qaraltı göründü. Gözlədi ki, görsün kimdir. Bir
azdan sonra Mərdan və arxasınca Bozdar gəlib çıxdı. Qızxanım soruşdu:
- Oğlum, nə üçün belə gec gəldin? Yağış mallara xəta yetirmədi ki?
- Xeyr, ana, sel guclü olduğuna görə malları dağdan endirmədim ki, dərələrdən
keçə bilməzlər, hamının mallarını bir-bir qapılarına kimi aparıb, həyətlərinə
buraxdım.
- Gəl, ağıllı oğlum, rahat ol, bir seyid qonağımız da var. Yağış tutmuşdu, çox
yalvardı ki, içəriyə qoyum.
- Yaxşı etmisən, ana! Belə havada qonağı yolda qoymazlar.
- Sən get rahat ol, mən də inəyimizi sağıb pəyəyə salım.
Mərdan içəri daxil olub seyidə salam verdi və "xoş gəlmişsiniz" - deyə halını
soruşdu. Sonra islanmış yapıncısını çıxarıb divardan asdı və tüfəngini də bucağa
qoydu. Seyid tüfəngə nəzər yetirib Mərdana dedi:
- Oğlum, tüfəng götürməyə hələ uşaqsan.
- Ağa, 12 yaşında kəndli balasına uşaq deməzlər. Bu gün sizin bəxtinizdən
əlimə ov keçmədi. Dovşan çoxdu, ancaq mən onları ov etmirəm, çünki ətini heç
kəs yemir. Ov edəndə də köpəyim Bozdara verirəm.
- Oğlum, dovşan ətini, at ətini peyğəmbərimiz məkruh1 buyurmuşlar, yeni
istəsən yeyərsən, istəməsən yeməzsən.
Mərdan soruşdu:
- Belə nə üçün? Desin ya halaldır, ya haram.
- Oğlum, şəriətimizdə çox sirlər vardır. Sən başa düşməzsən.
Qızxanım əlində bir badya süd daxil oldu. Sonra süfrə salıb, küpədən yağ
çıxarıb sapılcaya qoydu və gedib qayğanaq bişirib süd, qatıq ilə süfrəyə qoydu.
- Ağa, başqa xörəyimiz yoxdur, allah verəndən yeyin.
- Allah evinizə bərəkət versin, bunlar da çoxdur. Təamdan sonra Qızxanım
süfrəni yığışdıraraq dedi:
- Ağa, biz kəndlilər erkən yatıb, erkən də durmağı adət etmişik.
Bilirəm, siz də yol gəlmisiniz, yorulmusunuz. İzin verin, yerlərinizi salım.
Seyid dedi:
- Mənim də adətim elədir.
Qızxanım, oğlu və qonaq üçün içəridə, özü üçün də dəhlizdə yer hazır etdi.
Mərdan və seyid rahat olandan sonra Qızxanım çırağı götürüb dəhlizə keçdi və
orada yatmaq istədi. Birdən yadına düşdü ki, Mərdanın köynəyi yarımçıq qalmış,
səhər istəyəndə verə bilməyəcəkdir. Ona görə köynəyi tikməyə məşğul oldu.
Qızxanım gecə yarıya kimi köynəyi hazır etdi. Sonra çırağı söndürüb özü də yatdı.
Qızxanım yenicə yuxuya getmişdi ki, komanın qapısı açıldı, bunun cırıltısı
Qızxanımı oyatdı.
- Kimsən? - deyə səsləndi.
- Bacı, mənəm, bayıra çıxmaq istəyirəm, köpəkdən qorxuram, -deyə seyid
cavab verdi.
- Səbir edin, ağa, çırağı yandırım, - Qızxanım şala bürünüb çırağı yandırdı və
aftafaya su töküb seyidə verib dedi: - Evin sol tərəfinə gedin.
- Bacı, köpəkdən qorxuram, dişarıya çıx, onu qoyma.
- Köpək pəyənin yanında yatır. O sizi görməyəcəkdir. Eybi yoxdur, mən də
çıxaram.
Dişarıya çıxdılar, yağmurdan sonra hava çox gözəl və gündüz kimi aydınlıq idi.
Seyid aftafanı yerə qoyub Qızxanıma tərəf gəldi.
- Gözəl xanım, bayıra çıxmaq bir bəhanə idi. Mən sənin eşqindən bu gecə
gözlərimi yummamışam, mənim istədiyim gərək ola, - bunu deyib seyid
Qızxanımın əlindən yapışdı.
Qan, həyalı, namuslu qadının başına sıçradı, əlini çəkib şala büründü.
- Ağa, sən məni bihəya qadınmı sayırsan? Heç peyğəmbər övladı belə iş
edərmi? Səni evimə buraxıb qonaq etmişəm, qabağına duz-çörək qoymuşam, heç
ondan utanmırsanmı? İndiyə kimi mənim əlimdən bir naməhrəm tutmamış.
Seyid dedi:
- Mən bayaq sənə dedim ki, mən sənə naməhrəm deyiləm, siğə duasını da
oxumuşam. Mənlə mülaqat etsən nəinki günah, savabdan da savabdır, çünki bir
seyid övladının məramını əmələ gətirirsən. Burada nə günah ola bilər? Onu da bil
ki, hərgah mənim xahişimi əmələ gətirməsən, elə bir qarğış edəcəyəm ki, bu ev
yanıb kül olsun, istəkli balan da tezliklə əlindən getsin, indi səndən cavab
gözləyirəm.
Yazıq qadın seyidin ayaqlarına düşüb yalvarmağa başladı:
- Ağa, səni and verirəm o cəddinin pak olan ruhuna, mənim namusuma
toxunma, mənim balamı əlimdən alma.
Seyid Qızxanımın şalını başından dartıb yerə atdı və onu qucaqlayaraq dedi:
- Görürəm, sən öz ixtiyarın ilə mənim xahişimi əmələ gətirməyəcəksən.
Namuslu qadın həyasından qışqırmırdı ki, səsini qonşuları və oğlu eşidər.
Ancaq öz gücü ilə seyidin əlindən xilas olmaq istəyirdi. Bu halda Mərdan oyandı.
Yuxulu uşaq dəhlizdən gələn işığı görüb səhər açılmışdır sandı. Cəld dəhlizə
çıxdıqda həyətdə çılpaq anasını seyidin qucağında çapalayan görcək qan qeyrətli
uşağın başına sıçradı. Tez içəri girib tüfəngi qapdı və həyətə çıxdı.
- Nə edirsən, binamus kişi?
Bunu eşitcək seyid Qızxanımı buraxdı. Mərdan onu qarovula götürüb tüfəngin
çaxmağını cəkdi. Seyid şimal ruzigarından qopan qocaman ağac kimi yerə sərildi.
Bunu görcək Qızxanım qışqırdı:
- Nə etdin, oğlunu, seyid qatili oldun, evimiz tarmar olacaqdır.
- Bəs sən istərdin ki, mənim anamın namusuna toxunanı sağ qoyum. Məgər
mən Mehdiqulunun oğlu deyiləm? Sən, ana, qorxma, hamıya cavabı özüm
verəcəyəm, - deyə Mərdan anasına təsəlli verdi.
Tüfəngin səsinə və Qızxanımın qışqırığına yaxın qonşular tökülüb gəldilər.
Əhvalatı biləndən sonra dedilər:
- Əhsən sənə igid və namuslu oğlan, lənət olsun belə binamus seyidə.
XS
SM
MD
LG