Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:27

Süleyman Sani Axundov. Qonaqlıq


Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.
Hökumətin sütunu kimdir?

- Əlbəttə, bəylər! - Ev sahibi dedi. - Biz nücəbasız hökumət yaşaya bilməz.

Hökumətin sütunu bizik.

Tacir dedi:

- Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz.
Hökumətin sütunu biz tacirlərik.
Alim dedi:

- Hökumətləri yaşadan bilikdir, onsuz heç bir quruluş davam edə bilməz,
pozulub məhv olar. Hökumətin sütunu alimlərdir.
Ruhani dedi:

- Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirən biz ruhanilərik.
Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar.
Bizik hökumətin sütunu.

Zabit dedi:

- Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə,
döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz.
Hökumətin sütunu biz əsgərlərik.

Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə
təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi,
onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi:

- O qoca kəndlini həkəm seçək, nə desə, ona razı olaq.

Hamısı bu təklifə razı oldular. Kişini işdən avara edib çağırdılar, bəhslərini
söylədilər. Kəndli dedi:

- Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qan-tər
içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə, heç bir
hökumət yasaya bilməz. - Bunu deyib cəld işinə getdi.
XS
SM
MD
LG