Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:46

Süleyman Sani Axundov. Uşaqlıq həyatımdan xatirələr


Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır.

Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Məhtaban. Atamın bu arzusıı əmələ gəlir.

Böyük oğlu Qəhrəman öz sağlığında, hələ uşaq ikən vəfat edir.

Mənim təvəllüdümdən iki ay sonra özü də vəfat edir. Üç körpə uşağın pərvəriş, təlim və tərbiyəsi annam Dürnisənin öhdəsinə düşür.

Dayım Səfərəli Vəlibəyov (Zaqafqaziya səminariyasının müəllimi) bacısının bu ağır vəzifəsini bir qədər yüngülləşdirmək məqsədilə böyük qardaşım Rüstəmi, altı yaşında uşaq ikən, yaşadığı Qori şəhərində aparır. Orada öz yanında hazırladıb Tiflis şəhərində gimnaziyaya qoyur. Mən də bacım Mahtabanla anamın himayəsində, Seyidli kəndində yaşamağa başladıq. Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir.

Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir.

KƏND MƏİŞƏTİ

Seyidli və onu əhatə edən kəndlilərin bağ-bağatı o dərəcədə boldur ki, göz
ətrafda ot və ağacdan savayı bir şey görmür. Haraya baxırsan bağ, bağ və yenə də
bağ. Hətta göyün üzü agacların arasından parça-parça görünür. Dar doqqazlarından
başqa açıqlıq yer yoxdur. Buranın üzüm bağları Gürcüstan bağları kimi gələsər
deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışlar.
Payız fəsli üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi
bəzəyirlər.
Mən gözlərimi açdıqda özümü belə zəngin təbiət içində gördüm. O məni
mərhəmətli qucağında yaşadarkən, həyatın ağır, zəhərli hallarını - yetimlik,
yoxsulluq məşəqqətini unutdururdu. Biz uşaqların bütün günləri bağlarda keçirdi.
Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq. Qayıtdıqda da çox vaxtı,
əllərimizə bir parça çörək alaraq, yenə də bağa qaçardıq. Cürbəcür meyvələr orada;
çiçəklər, göy otlar orada; rəngin pərvanələr, oxuyan quşlar orada. Bizi bağlara cəlb edən şeylər bunlar idi.

İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. Bahar vaxtı ağaclar
hər növ rəngin çiçəklər açaraq, bağları gülüstana döndərirdi. Bu zaman quşlar yuva
tikməyə məşğul olduqda, biz də onlara bəhs edərək evcik tikib çiçəklərlə bəzərdik.
Bu mövsümdə yetişməyə başlayan meyvələrə gəldikdə, biz onların deyməyini
gözləməzdik. Alça çiçəyini töküb bir balaca böyüyən kimi göy olmağına
baxmayaraq, duz ilə yeyərdik. Sonra tut ilə gilas dəyməyə başlardı.
Yay fəslində ərik, gavalı boyürtkən deyərdi. Payız geldikdə, böyüklərlə
bərabər, üzüm, heyva, nar, əzgil, zoğal, alma, armud, qoz və qeyri meyvələr
yığmağa məşğul olardıq. Hətta qışda da özümüz üçün iş tapardıq. Qar hər yeri
bürüyən zaman, biz bağın xiyabanlarında qardan top qayırar, onları yumalamağa
başlardıq. Top getdikcə irilənərək axırda boyumuzdan hündür olardı, daha
yumalamağa gücümüz çatmazdı. Ya da qardan adam, heyvan heykəli qayırardıq.
Lakin bu oyunun axın ağlamaq olardı. Çünki üşümüş əllərimizi oda verdikdə
sızıldamağa başlardı.
Uşaq bir qədər özünü anladıqda hər şeyin sirrini bilmək istəyir. O zaman ananın
təlim və tərbiyə rolu artır. Çünki birinci növbədə uşaq sualı ona verir. Doğrudur,
uşağın hər sualına cavab vermək müşküldür. Lakin mümkün olan dərəcədə cavab
verib onu sakit etmek lazımdır. Mən də anama çox sual verərdim. Bir dəfə anam ilə
bağımızda idim. Cırcırama aramsız cırıldayırdı.
- Ana, o cırcırama nə deyir, - deyə sual etdim.
- Oğlum, o cırcırama deyir ki:
Qarışqacıq-quruşqacıq.
Mənə dedi, qarışqacıq.
Dedi, dedi, dedi, dedi.
Mən anamın bu cavabına xeyli güldüm. Sonra o sözləri əzbərlədim. Cırcırama
oxuyanda mən də ona qoşulub deyərdim:
- Qarışqacıq-quruşqacıq,
Mənə dedi, qarışqacıq.
Dedi, dedi, dedi, dedi.
Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki doğrudan da,
cırcırama o sözləri deyirdi.

* * *

Yenə bir gün anam həyətdə oturub köynək tikirdi. Mən də yanında
oturmuşdum. Sərçələr "cik-cik" edərək həyətə səs salmışdılar. Tut ağacının başında
oturmuş sərçə birdən: "Cırrıt!" edərək səs saldı. Sərçələr o dəqiqə səslərini kəsib
özlərini çəpərin içinə soxdular. Mən buna təəccüb edib soruşdum:
- Ana, o sərçə nə dedi? Quşlar niyə gizləndilər?
- Oğlum, o sərçə dedi ki, qaçın, tez gizlənin, budur qırğı gəlir! Doğrudan da
bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı.
Qırğı dayanmayıb keçdi. Mən heyrətdə idim. Təəccüblə soruşdum:
- Ana, bu quş dilini sən haradan bilirsən? Mən də öyrənə bilərəmmi?
Annam gülərək dedi:
- Niyə bilmirsən! Quşlara fikir versən, öyrənə bilərsən. Tağı əmoğlun
ovçudur. O, quşlar, heyvanlar haqqında çox şey bilir. Ondan soruş, desin.

TAĞI ƏMİ

Əmim Mirzə Məmmədin üç oğlu var idi: Tağı, Aslan, Mehdi. Tağı böyük,
Mehdi kiçik qardaş idi. Sonuncu İranda tibb təhsil edərdi. O, İrana gedən zaman
mən çox kiçik olduğuma görə yadıma gəlmir. Qardaşlardan yalnız Tağı evli idi.
Onun məndən iki yaş kiçik Məmmədağa adlı bir oğlu var idi. bu, mənim oyun
yoldaşım idi. Tağı əmi sair əmizadələrimə nisbətən məndə böyük təsir buraxmışdı.
Səxavətli, rəhmdil, həlim təbiətli bu şəxs öz xasiyyəti cəhətincə hamının hörmətini
qazanmışdı. Atam kimi onun da ova artıq həvəsi var idi. Qızılquş, qırğı, tula
saxlayıb, ölənə kimi ondan əl götürmədi. Ata məhəbbətini görmədimsə də, atalıq
məhəbbətini bu sevgili əmizadəmdə gördüm.
Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırqovul
qaçıb canını qurtara bilməzdi. Ov tulaları da çox təlimli olardılar.
Mən əvvəllərdə quşların adlarını, növlərini, yaşayışlarını, xasiyyətlərini
bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə
öyrədən Tağı əmi oldu. Göyün üzündə bir qara nöqtə kimi görünən alıcıquşu mənə
göstərərək deyərdi:
- Bax, o göy üzündə süzən quş qaraquşdur. Ova çıxıbdır.
- Tağı əmi, o yuxarıda quş yoxdur. O, kimi ov edəcəkdir? – deyə
soruşduqda:
- Onun ovu yerdədir. Alıcı quşların gözləri çox iti olar. Onlar yerdə siçan
kimi xırda bir heyvanın hərəkət etməyini görərlər. İndi o qaraquş da yerdə
dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına
alacaqdır. Sonra bir uca dağın başında oturub yeyəcəkdir, - deyə Tağı əmi mənə
cavab verərdi:
Mən qaraquş, quzğun, çalağan, qızılquş, qırğı, yapalaq, bayquş, sar kimi ət
yeyən vəhşi quşları, alacəhrə, şeyda bülbül, sarıköynək, baltadimdik kimi oxuyan
bağ quşlarını, ya da turac, qırqovul, kəklik, çil, bildirçin kimi ov quşlarını
məktəbdə şəkildən yox, hələ uşaq ikən təbiətin özündə, Tağı əminin vasitəsilə
gördüm, öyrəndim. Onun mürəbbilik vəzifəsi bir bunlarla bitmirdi. Mühitimdə
gördüyüm şeylərin adlarını, onlarla əmələ gələn dəyişiklikləri yenə də ondan
öyrəndim. Mən əvvəllər qurdlar ilə kəpənəklərin əlaqədar olduqlarını bilməzdim.
Bir dəfə bağda ala-bəzək bir qurdu yarpağa büküb gətirdim.
- Tağı əmi, bax gör nə qəşəng qurddur? - deyə ona göstərdim.
- Doğrudur, gözəldir. Lakin bu qurd kəpənək olanda daha da gözəl
olacaqdır, - deyə Tağı əmi əlavə etdi.
Mən təəccüb edərək soruşdum:
- Bundan necə kəpənək olacaqdır? Onun qanadları var, bunun yoxdur.
Tağı əmi cavab verdi:
- Bu qurd yarpaq yeyə-yeyə böyüyəcəkdir. Sonra hörümçək kimi tor hörüb
içində qalacaqdır. Bir müddətdən sonra onun gözləri, ayaqları yox olub topal
olacaqdır. Sonra topala qanadlar, göz gələcəkdir.
Yazın isti günlərinin birində baramasını deşib çıxacaqdır. Bağda uçub çiçəklərə
qonduqda, sən də papağını əlinə alaraq onu tutmaq fikrinə düşəcəksən.
Mən o vaxta kimi ipək qurdunun saxlanılmasını görməmişdim. Sonralar
özümüz qurd saxladıqda Tağı əminin nağıl etdiyini öz gözümlə gördüm.

* * *

O zaman məndə iki arzu vardı. Biri at minib seyr etmək, digəri Tağı əmi kimi
quş ovuna getmək. Bunların birincisinə Tağı əmi razı olaraq, ikincisi üçün:
- Hələ ova gedən vaxtın deyil, gələn il səni qırğı ilə bildirçin ovuna
aparacağam. Qızılquş ovuna atla gedərlər. Yaxşı at minmək öyrənsən, ona da
apararam, - deyə məni sevindirdi.
Tağı əmi dediyinə əməl edən şəxs idi. O gündən atları suvarmağa göndərəndə
mənə də boz madyana minməyə izin verdi. Anam təşvişə düşərək:
- Ay Tağı, at uşağı yıxar, - dedikdə:
- Qorxma, heç zad olmaz. Bizlər at üstündə böyümüşük, - deyə onu sakit
etdi.
Mən get-gedə kənd uşaqları arasında birinci at minən oldum. Bir hadisə anamı
qorxuya saldı. O məni bir müddət at minməyə qoymadı. Belə ki, bir dəfə Həsən
adlı yoldaşımla Ağdam bazarına gedirdim.
- Gəl çapışaq, - deyə yoldaşım təklif etdi. Onun altında üçyaşar ürgə idi,
mənimkində Tağı əminin boz madyanı.
- Kəhər at altımda olsaydı, gəl çapışaq deməzdin, - deyə Həsəni utandırdım.
- Eybi yoxdur, sənə bir qədər ara versəm, razı olarsanmı?
- Olaram, - deyə cavab verdim.
Bazarla, çapışdığımız yerin məsafəsi iki kilometrə kimi var idi. Yol enli və
hamar idi. Qorxulu yol üç döngə idi. Mən irəlidən Həsən arxadan atların başını
buraxdıq. İki döngəni salamat keçdik. Üçüncü döngəyə xeyli qalmış Həsən gəlib
məni keçdi. Bunu gördükdə mən atın başını yığdım. Lakin Həsən ürgəni saxlaya
bilməzdi. Bazara dönən döngəni keçdikdə ürgə Həsəni üstündən üç metrəyə qədər
atdı. Bunu gördükdə adamlar yüyürüşdülər. Mən də gəlib çatdım. Həsənin qıçı iki
yerdən sınmışdı. Onu xalça üstə qoyub evlərinə apardılar. Seyidlinin məşhur
sınıqçısı Məşədi Yusif onu bir ayın ərzində sağaldıb ayaq üstə qoydu. Həsən irəliki
kimi yenə bizimlə oyun yoldaşı oldu. Onda axsamaqdan əlamət belə qalmamışdı.
Bu məşhur sınıqçını, uşaqlar üçün yazdığım "Nurəddin" adlı hekayədə yad
etmişəm.

QUŞ TUTMA

Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, ala-cəhrə, sərçə kimi
quşları tutmağı öyrənmişdik. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda,
ağaclar altında çox gözəl olan yerdə qururduq. Özümüz də uzaqda, ağac altında
gizlənib, pusquda dururduq.
Qaratoyuq bağın xəzəllərini toyuq kimi eşələyə-eşələyə gəlib axırda cələ
qurduğumuz yerə çıxırdı. Eşələndiyi vaxt ayağı cələnin qıldan qayrılmış gözünə
düşürdü. Qaratoyuq ayağını çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. O zaman
quş ayağını azad etmək üçün dartmırdı və çapalayırdı. Bunu gördükdə biz
qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsı salırdıq. Qaratoyuq əsarətə
tez öyrənişir, sonra oxumağa başlayır. Hətta onu tar ilə oxumağa öyrədirlər.
Sərçı tutmaq üçün heç cələ də lazım gəlmirdi. Həyətin bir küncündə xəlbirin
altına və yanlarına dən tökürdik. Xəlbirin bir yanını qaldırıb altına karandaş kimi
hamar çubuqdan dirək verərdik. Çubuğun alt ucuna uzun sap bağlayıb pusquda
durardıq. Sapın ucu əlimizdə olardı. Sərçələr dənləyə-dənləyə gəlib xəlbirin altına
girdikdə birdən sapı çəkərdik. Sərçələr nə qədər cəld qaçsalar da, yenə bir-ikisi
xəlbirin altında qalardı.
Bunların maraqlısı çərtmə ilə alacəhrə tutmaq idi. Bütöv qozu iki parça edərdik.
Parçanın birin tam ortasından deşərdik. Bu deşiyə çöp taxardıq. Onun ucuna da
bircə dənə at qılından kəmənd kimi halqa qayırıb bağlayardıq. Çöpün ucunu qoz
ləpösindən yuxarı çıxartmırdıq. Çərtməni bağda ya yerə sancardıq, ya da ağacda
budağa bağlardıq. Alacəhrə qoza çox aşiqdir. Çərtməni görə-görə yenə də özünü
onun üstə atır. Lakin qoz ləpəsini dimdiklərkən, həmişə ayaqlarını halqanın içinə
düşməkdən gözləyir. Nə qədər cəldlik etsə də axırda dadlı qoz ləpəsi onun əsir
düşməsinə bais olardı. Ayağı tora düşüb asıla qaldıqda, qışqırıq salardı.

MƏMMƏDAĞANIN ALACƏHRƏSİ

Çox köçəri quş var ki, qış mövsümü Qarabağda qalıb isti yerlərə köçməyir. O
cümlədən biri də bağ quşu alacəhrədir. Nağıl etdiyim il qış bollu qar və çovğun ilə
gəldi. Hər növ havaya öyrənmiş sərçələr belə qışa davam gətirə bilirdilər. Onlar gündüzlər özlərini həyətdə, tövləyə, peyinliyə, evlərin dəhlizlərinə soxaraq yem tapırdılar. Gecələr də samanlığa, dəyələrə, daxmaların, güləş damların deşiklərinə girərək özlərini soyuqdan mühafizə edirdilər. Lakin bağlarda yaşayan şux, sevimli alacəhrəciklər belə havada həm acından, həm də soyuqdan artıq əziyyət çəkirdilər. Bunların bütün pənah yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilidilər. Gecələr də orada yatırdılar. Həmin qış, yoldaşım Məmmədağanı çiçək azarı tutdu. Bu xəstəliyə düşməni soyuqdan saxlamaq lazımdır. Məmmədağa Tağı əminin tək övladı idi. Ona görə onun xatiri əziz idi.

Məmmədağanın çox gözəl xasiyyəti var idi. Mən onu hər vaxt mühafizə edərək
qoymazdım ki, uşaqlar ona əziyyət versinlər. Əmizadələrimin köhnədən qalma bir
qara damı var idi. Orada heç kəs olmurdu. Məhsul saxlamaq üçün anbar idi.
Qara damlar qışda çox isti olarlar. Necə də olmasın! Dərin quyu kimi yerin
içinə girən damlara ortadan bir baca qoyub üstünə bir metroya qədər qalın torpaq
tökürdülər. Bu ağırlığa davam gətirməsi üçün torpaq pillələr qazırlar. Onun üstünü
örtürlər. Buna dəhliz deyirlər. Babalarımızın bu köhnə "imarət"inə nədən "qara"
adı verildiyini bilirsinizmi? İki şeydən: biri üstünə tökülən qara torpaqdan, o biri
tüstüdən, içərisi hirslənib qurum tutaraq, qaralmağından.
Tağı əmi Məmmədağanı soyuqdan saxlamaq üçün arvadı Bacı-xanımla dama
yığışdı. Ocağa böyük kötüklər qoyub yandırırdılar. Gecə-gündüz damda ocaq
sönməzdi. Bayırdan içəri girdikdə sanki bir hamama girirdin. Mənim günlərimin
çoxu burada keçirdi. Tağı əmi ovdan cürbəcür hadisələr söyləyirdi.
Məmmədağanı sevindirmək üçün bir dəfə çortmə qurub bir ala-cəhrə tutdum.
Məmmədağa buna çox şad oldu. Qəfəs olmadığı üçün alacəhrəni bir gün aşsüzən
altında saxladıq: zavalı quşcığaz o qədər aclıq çəkmişmiş ki, azadlığı üçün əsla
çalışmayıb, ancaq qarnını doydururdu. O biri günü ayağına uzun sap bağlayıb
damın içinə buraxıdıq. Quşcığaz yenə də qaçmaq fikrində deyildi. Damın içində,
dəndən tutmuş çörək, qənd qırıntılarına kimi nə düşürdü dimdikləyib yeyərdi.
Məmmədağa elə öyrənmişdi ki, ona süd doğraması, südlü aş, firni və qeyri xörək
verdikdə alacəhrə də boşqabın qırağına qonub onunla bərabər yeyərdi. Bir azdan
sonra sapı da ayağından açdıq. Buna çox şad idi. Çünki damda sap ilə rahat gəzə
bilmirdi. Həmişə dimdiyi ilə sapı ayağından çıxartmaq istəyirdi. Bu gündən sərbəst olaraq, damın içində cik-cik edə-edə gah uçurdu, gah yorğan-döşək yükünün üstə oturub mürgüləyirdi. Lakin damdan bayıra çıxmırdı.

Bir səhər damda oturmuşduq. Birinci gün idi ki, hava açılıb gün çıxmışdı.
Günəşin şəfəqi damın bacasından içəriyə düşmüşdü. Ala-cəhrə cik-cik edərək
damda uçurdu. Birdən bacadan çıxıb getdi.
- Ah, quşum qaçdı! - deyə Məmmədağa qışqırdı.
- Qorxma yenə gələcəkdir. Belə isti yeri, yemək-içməyi buraxıb getməz, -
deyə Tağı əmi onu sakit etdi. Doğrudan da, bir azdan sonra yenə də cik-cik edərək
bacadan içəri uçdu.
Bu sevimli quşcığaz tamam qış damda yaşayıb baharda bağa uçdu. Lakin köhnə
məkanını və dostlarını unutmayıb gahdan bir ziyarət edirdi.

İLANLARLA MÜBARİZƏ

Yazın isti günlərindən başlamış payızın əvvəlinə kimi, bağlarda gəzdikdə, dar
doqqazlarla getdikdə, koluqda, qulançarlıqda biz uşaqlar, özümüzü zəhərli
ilanlardan gözləməliyik. Açıqlıq yerdə bu asan idi. Lakin bağda, qalın otlar içində
qıvrılıb yatmış ilanı hardan gorub, özümüzü bu müzür heyvandan mühafizə
edəydik? Dostumuz koramal otların arası ilə hərəkət etdikdə məlum olurdu. Amma
zəhərli ilanlar məlum olmurdu. Bir yay olmayırdı ki, ilan uşaq vurmamıs olsun.
Onlar da bizdən paylarını yaxşıca alardılar. İsti günlərdə çəpərlərin döşü ilanlarla
dolu olardı. Onlar yuvalarından çıxıb özlərini günə verərdilər. Biz də dəstə
bağlayıb onlarla müharibə edərdik. Hər birimizin əlində uzun çomaq olardı. Kimin
gözünə qıvrılıb yatmış, ya hərəkət edən ilan sataşsaydı, tez çomağı ilə vurub
öldürərdi. Hər kəs çox öldürsəydi, o, birinciliyi qazanardı.
Bilmirəm haradan çıxmışsa, guya kərtənkələlər ilanlara ağu verirlər, ona görə
bunları da düşmənlər sırasma qoyub qırardıq. Bu barədə Tağı əmidən soruşduqda
o, belə cavab verdi:
- Yalan sözdür; kərtənkələlərin zəhəri yoxdur. özləri də zəhərli həşəratı
yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. O ki qaldı ilana, onun iki zəhərli
dişi var. Zəhər dişinin dibində nazik pərdəli iki tuluğun içindədr. İlan çaldıqda pərdələr yırtılıb zəhər yaralının qanına qarışır, onu zəhərləyib öldürür.
Tağı əminin bu verdiyi məlumatdan sonra biz kərtənkələ qırmağı tərk etdik.

TAĞI ƏMİNİN TƏRLANI

Tağı əminin iki növ ov quşu olardı. Biri qızılquş, o biri qırğı. Qırğı ilə Tağı əmi
bildirçin tutardı. Qızılquş ilə qırqovul, kəklik, turac ovuna gedərdi,
Son zamanlar Tağı əmi bir yerə getdikdə quşları mənə tapşırırdı. Quşlara nə
qədər və nə cür ət verməyi Tağı əmi mənə öyrətmişdi.
- Bax, ət yağlı olmasın, - deyə Tağı əmi dübarə tapşırardı.
Mən Tağı əminin hər hərəkətini götürmüşdüm. Onun kimi bəhləni geyirdim.
Quşun bağını qıfıldan açardım. Əti əlimə alaraq, bir-iki addımdan quşu
muşqururdum. Ac quş tez özünü ətin üstünə atırdı. Lakin Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cürət edə bilmirdim. Qorxurdum ki, dövr edib havaya qalxsın, tuta bilməyim.

Nağıl etdiyim il, Tağı əmi dağdan gəldikdə, özü ilə bir qızılquş da gətirdi. Bu,
tərlan idi. Tağı əmi onu yuvadan düşürmüşdü. Ona lazım olan tərbiyəni verərək
ova hazırlayırdı. Bir müddət ac saxlayıb yem vaxtı həyətdə ağaca buraxırdı. Sonra
əlinə cücə götürərək heyətin o biri başından çağırırdı. Tərlan cücəni gördükdə uçub
əlinə qonurdu. Cücənin tuklərini yolmağa başlayırdı. Ətini deddikdə Tağı əmi
cücəni quşun əlindən alıb onu yenə ağaca buraxırdı. Dübarə çağırırdı. Quş uçub
gəlirdi. Bir-iki dəfə belə etdikdən sonra yedirirdi. Sabahısı cücə əvəzinə ət
götürürdü. Bəzi vaxt qırmızı dəsmalı bükərək ətə oxşadırdı. Tərlan ona da gəlirdi.
Bu tərlanın caynaqları qeyri quşlara görə çox iti idi. Bəhlədən keçib ələ batırdı.
İki bəhləni bir-birinin üstündən geyməyincə onu ələ götürmək mümkün deyildi.
Bir dəfə Tağı əmi bazara getmişdi. Tərlan həyətdə, öz müəyyən yerində qıfıl
üstündə bağlı idi. Mən və Məmmədağa bağda idik. Birdən həyətdə qışqırıq qopdu.
Biz qaçaraq gəldik. Onda gördük ki, Tərlan, Məmmədağanın bir yaşında bibisi
oğlu Əyyubu basmarlayıb cücə kimi altına alıbdır. Arvadlar da quşu tutub çəkirlər
ki, uşağı buraxsın.

- Nə qayırırsınız? - deyə qışqırdım. - Quşu çəkməyin, yoxsa uşağın ətini
qopardar. - Cəld arvadlan kənar edib tərlanın ayaqlarını sıxmağa başladım. Quşun
caynaqları açılıb uşağı buraxdı. Arvadlar bu ittifaqdan elə heyəcana gəlmişdilər ki,
quşu boğub öldürmək istəyirdilər. Mən mane oldum. Yaxşı ki, bu halda Tağı əmi
özü gəlib çıxdı. Arvadları sakit edərək dedi:
- Yaxşı, mən quşumu bu gündən damda saxlayacağam. Siz də
uşaqlarmızdan muğayat olub, başına buraxmayın.
Tərlanın Əyyuba hücum etməsinə onun qırmızı köynəyi səbəb olmuşdu. Tərlan
qırmızı şeyə həris idi. Harada görsəydi üstünə atlanardı. Tağı əminin bu tərlanı
axırda məşhur bir quş oldu.

AXTAR VƏ ŞƏNGÜL

Axtar və Şəngül Tağı əminin ov tulaları idi. Axtar erkək, Şəngül qancıq idi.
Axtar qısaboylu, gödəktüklü, bozrəngli, görkəmsiz tula idi. Gödək, məxmər kimi
hamar, düm ağ rəngli, üstü qara xalı və zolaqlı tükü var idi. Beli, ayaqların, burnu
incə idi. Qaşlarının üstündə iki gözə bənzəyən xalı vardı.
Bu tulaların zahirləri başqa olduğu kimi, xasiyyətləri də başqa idi. Axtar
qaşqabaqlı, tənbəl, İstirahət sevən tula idi.
Şəngül diribaş, şən, mehriban, sevimli bir heyvan idi.
- İt də gülərmi? - deyə şübhə edən şəxs Şəngülün gülər halətini gördükdə -
bəli, gülər, - deyə təsdiq edirdi. Budur, tənbəl Axtar həytdə uzanıb özünü günəşə
verir. Şəngül isə oynamaq istəyir. Nə etsin?
Kimlə oynasın? Bozdar köpəkləmi? O, qocalmış, gözlərinə pərdə gəlmiş
heyvərə bir köpəkdir. Onunla oynamağı Şəngül sevmir. Bir dəfə onunla oynadıqda
Bozdar nədənsə acıqlanıb onu boğmuşdu: Ondan bəri Bozdar ilə yaxınlıq etmirdi.
Tənbəl də olsa, yenə öz yoldaşı Axtar, Şəngül qısıla-qısıla gedib, Axtarın
ayağından çəkməyə başladı. Axtar başını qaldırıb, dişlərini ağardaraq mırıldadı.
Şəngül kənara çəkildi. Axtar yenə uzandı. Bir azdan sonra Şəngül gəlib Axtarın
qulağından yapışaraq çəkməyə başladı. Acıqlı Axtar qalxaraq onun üstə hücum
etdi. Şəngül qoyub qaçdı. Axtar yenə uzanıb yatmağa məşğul oldu. İndi Şəngül
onu başqa yol ilə təngə gətirməyə başladı. Axtarın üstündən o tərəf-bu tərəfə
tullanaraq onu narahat etdi. Axtar bilirdi ki, oynamayınca Şəngül ondan əl çəkməyəcəkdir. O idi ki, bir dəfə üstündən tullandıqda cəld qalxıb onu basmarladı.
Sonra buraxıb özü qaçdı. Şəngül axır məramına çatdı. Axtar şövqə gəlib onunla
oynamağa başladı.

Şəngül ilə Axtarın əsil bayramı Tağı əmi kəhər atı minib, qızılquşu əlinə
götürərək ova gedəndə idi. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun
qumru səsi onları xəbərdar etmişdi. İndi Axtarı tanımaq olmurdu. Tənbəllik necə
olmuşdu? Hərəkətsizlik harada qaldı? Şəngülə gəldikdə o, şadlıqdan özündən
çıxardı. Gah sirk itləri kimi Axtarın üstündən tullanardı, gah qoca Bozdarın
quyruğundan dartardı, gah da darvazanı cırmaqlayıb qaçmaq istəyirdi.
Bunların xasiyyətləri ovda büruzə verərdi. Axtar ovun izini aradıqda aram və
diqqətlə hərəkət edərdi. Şəngül isə səbirsizliklə gah irəli qaçardı, gah yana üz tutub
gedərdi. O zaman Tağı əmi:
- Şəngül qaldı! – deyə onu çağırardı. O da sahibinə tabe olaraq o saat geri
qayıdardı, ovun izini yenidən aramağa başlardı.
Ovu tapdıqda Axtar da, Şəngül də öz təlimləri üzrə sağ əllərini qaldıraraq Tağı
əmiyə baxırdılar. Tağı əmi:
- Bas! - dedikdə atlanıb quşu qaldırardılar. Lakin burada da Şəngül bəzi
vaxt, ələlxüsus Tağı əmi gecikdikdə əsəbiləşərək ovu izinsiz qaldırardı.
ЗƏRİK SƏFƏRİ
Yazın axırı idi. Biçin başlanmışdı. Tağı əminin ailəsi Çəriyə köçmüşdü. Çərik,
Seyidli kəndinin əkin və otlaq yerləri idi. Orada bizim dəyirman və əkin yerlərimiz
var idi. Tağı əmi məni bikef gördükdə:
- Qəm etmə. Biçin qurtarıb xırman başlandıqda gəlib səni də aparacağam.
Orada Məmmədağa ilə vələ minərsiniz. Sonra tez-tez bildirçin ovuna gedəcəyik, -
deyə mənim könlümü aldı.
Aradan on gün keçmiş Tağı əmi öküz arabası ilə gəlib çıxdı.
- Hazır ol, sabah səni də Çəriyə aparacağam. Məmmədağanın balıq qarmağı
burada qalmışdır. Onunkunu da, özünkünü də götür, orada balıq tutarsınız, - deyə
Tağı əmi tapşırdı. Hazır tilov olmadığı üçün Tağı əmi iynəni əyib bizə qarmaq
qayırmışdı.
Səhər erkən araba qoşuldu. Tağı əmi bəhləni mənə vererək dedi:
- Al bəhləni gey, qırğım sən aparacaqsan, arabanı mən sürəcəyəm.

Mən buna çox şad idim. Şəngül ilə Axtar məndən də artıq şad idilər. Anam
məni ötürdükdə:
- Bax, oğlum, günəşdə gəzmə, çayda çimmə, yoxsa qızdırarsan, - deyə
tapşırdı. Lakin özü də bilirdi ki, bunlara əməl olunmayacaqdır. Yola düşdük.
Şəngül ilə Axtar arabanın ağır ayağı ilə gedə bilməyib gah irəli qaçırdılar, gah da
qayıdıb qarşımıza gəlirdilər. Ağdamdan Çəriyə 9-10 kilometr yol idi. Çərəyin
tarlalarına çatdıqda Axtar ilə Şəngül ovlamağa başladılar. Tağı əminin gözləri
tulalarda idi.
- Axtar ovun izinə düşmüşdü. Qırğını mənə ver, - deyə Tağı əmi arabadan
düşdü. Mən qırğını ona verdim. Tağı əmi qırğının qayışını açdı. Bu halda Axtar sağ
ayağını qaldıraraq marığa durdu. Tağı əmi qırğını ovcuna aldı. Axtara
yaxınlaşaraq:
- Axtar bas! - deyə əmr etdi. Tula o saat özünü bildirçinin üstünə atdı.
Bildirçin pırıltı ilə qalxdı. Tağı əmi qırğını gəmşədi. Bildirçin əlli addım
qaçmamışdı ki, qırğı onu havada caynağına alıb yerə endi. Mənzilə gəlib çatınca
Tağı əmi altı bildirçin tutdu.
- Nahara sizə bildirçin çığırtması verəcəyəm. Məmmədağanın qızıl inəyi də
yenicə doğmuşdur. Ləzzətli bulaması var, - deyə Tağı əmi tərif etdi.
Mənim gəlməyimə Məmmədağa çox şad idi. Biçarə nə etsin? Böyüklər işə
məşğul, oynamağa uşaq yox.

BALIQ YERİNƏ İLAN

Bir gün Məmmədağa ilə dəyirmanın aşağısında çinarların kölgəsində oturub,
qarmaq ilə balıq tuturduq. Bir saatdan artıq ovlamağın nəticəsində adama barmaq
iriliyində iki balıq tutmuşduq.
- Eh! İndiyə kimi əlimizlə gəlmələrdən bundan çox tuta bilərdik, - deyə
Məmmədağa şikayətləndi.
- Doğru deyirsən, dur gedək axtaraq, - deyə mən də onun fikrinə şərik
oldum.
Dəyirmanı yatırtdıqda, suyu dəhnədən arxa buraxardılar. Su axarkən yeri oyub
çuxurlar, oyuqlar əmələ gətirərdi. Dəyirman işlədikdə arxın suyu kəsilərdi. Su
ancaq oyuqlarda, çuxurlarda gölmə tutardı. Məmmədağa ilə bu gölmələrdə balıq
axtarırdıq.
Yenə də ayaqlarımızı soyunub, qollarımızı çirmələyərək balıq axtarmağa
başladıq. Bir az vaxtda 7-8 balıq tutduq. Arx aşağı gedər kən bir böyük gölməyə rast gəldik. Paltarımızı soyunmağa məcbur olduq. Su gölmədə göbəyimizə kimi çıxırdı. Bir az suyu araşdırmışdıq ki, Məmmədağa səsləndi:
- Bay, balıq əlimə dəydi!
- Hanı, hanı? - deyə mən də onun yanında axtarmağa başladım. Bir azdan
sonra mənim də əlimə bir uzun şey dəydi.
- Nə uzun balıqdır... Söz ağzımızda yarımçıq qaldı. Qara zolaqlı, ucları dişdiş
bir ilan suyun üzünə çıxdı.
- İlan! - deyə qışqırdım. Biz cəld Sudan çıxdıqda ilan da üstümüzə hücum
edərək quruya çıxdı. Lakin gölmənin ətrafı yamac olduğundan sürüşüb yenə suya
düşdü. Bizim qışqırığımıza xırmandan Tağı əmi ilə bərabər adamlar töküldülər.
İlan sudan bir barmaq yuxarıda deşik tapıb başını oraya soxmuşdu. Adamlar kürək
ilə onu öldürüb sudan çıxartdılar. Tağı əmi ilana baxaraq dedi:
- Yaxşı salamat qurtarmısınız. Bu ilan gürzədir. Çox zəhərli ilandır.
Görünür yuxarıdan sürüşüb suya düşmüşdür, sonra çıxa bilməmişdir.
Mən Seyidlinin çəpərlərində belə ilan çox görmüşdüm və uşaqlar ilə də
öldürmüşdüm. Lakin gürzə olduğunu bilmirdim. Bu hadisəni uzun müddət unuda
bilmədim. Buna səbəb Krılovun "Uşaq və ilan" təmsili idi ki, uşaqlığımda
əzbərlətmişdilər. İndi də onu yadımda saxlamışam:
İstər ilan balıq tuta, ilan tutub bir uşaq,
Parçalanıb qorxudan o vaxtında dil-dodaq.
İlan baxıb uşağa aqil ol, deyib, əgər
Artsa belə cürətin, çox zərər sənə deyər.
Hifz elədi bu səfər allah səni, şükr qıl,
Bundan sonra zarafat etdiyini tanı, bil.

TALESİZ QUŞCIĞAZ

Taxıl biçilib döyülmüşdü. Qalmışdı dəyirman işi. Tağı əmi asudə idi.
Günlərinin çoxunu ovda keçirirdi. Yaxında ov etdikdə məni də özü ilə aparırdı. Bir
gün Məmmədağa anası ilə Seyidliyə getmişdilər. Onlar bir də axşam
qayıdacaqdılar. Tağı əmi dedi:
- Dur, biz də onlar gəlincə bildirçin ovuna gedək.
Mən bu təklifdən artıq şad oldum, çünki axşama kimi yoldaşsız nə edəcəyimi
özüm də bilmirdim. Tağı əmi ov torbasını boynundan asaraq dedi;
- Vəzifələrimizi ayıraq. Axtar ilə Şəngül bildirçini izləyib qaldıracaqlar,
mən də qırğını vaxtında vuracağam. O da ovu tutacaqdır.
Sən də onları bu torbaya dolduracaqsan.
Mən Tağı əminin sözünə gülüb dedim:
- Mənim işim haımsından asandır.
Ov üçün uzaq getmek lazım deyil. Biçilmiş tarlaların küləşliyindən
bildirçinlərin "bit-billit" səsləri gəlirdi. Tağı əmi zəmilərə çatdıqda:
- Axtar tet! Şəngül tet! Ha burda, ha burda, Şəngül qaldı! - deyə tulaları
ovlatmağa başladı. Bu gün Şəngül Axtara üstün gəlmişdi. Birinci ovu qaldıran o
oldu. Tağı əmi bildirçinin başını kəsib mənə verdikdə Axtarın ayağı altından bir
bildirçin də qalxdı. Qırğını buraxmağa fürsət olmadı. Bildirçin uçub yaxın bir
kolun içinə girdi.
- Eybi yoxdur, o da bizim malımızdır, hara getsə axırda sənin torbanda
olacaqdır, - deyə Tağı əmi kola tərəf üz qoydu. Bizdən irəli tulalar yüyürüb kola
çatdılar. İkisi də başlarını kolun içinə soxduqdan sonra dalı-dalı çəkilməyə
başladılar. Bu vaxt biz onlara çatdıq.
- Tağı əmi, tulalar nə üçün geri çəkildilər, - deyə soruşdum.
- Yəqin ilan görmüşlər, bu saat bilərik, - deyə Tağı əmi kola diqqətlə
baxmağa başladı. - Səhv etməmişəm, ilandır, özü də gürzə. Qıvrılıb yatmışdır. Bu
saat onu tutacağam, - deyə Tağı əmi qırğını mənə verdi.
Tağı əmi ilandan əsla çəkinməzdi. Bir balaca ağac ilə başından basıb. İndi də
tənbəki cibindən çıxarıb içindən bir qədər qır çıxartdı. Sonra həmin çubuğun sapı
ilə ilanın başından basıb boğazından yapışdı. Hazır etdiyi çubuq qırını ilanın
boğazına salıb onu bir qədər əlində saxladı. Sonra yerə qoydu. İlan hərəkətsiz
qaldı. Mən təəccüb edərkən Tağı əmi dedi:
- İlanın zəhərindən başqaları öldüyü halda, ilan özü tənbəkinin qırından
zəhərlənib tələf olur. İndi bu ilan şişib kötük kimi olacaqdır.
- Bunu deyə Tağı əmi ilanı götürüb kolun üstünə qoydu. Sonra qırğını
məndən alıb:
- Axtar tet! Şəngül tet! - deyə tulaları kola girməyə çağırdı.
Şəngül ilanın ölüsündən də qorxaraq kola yaxın düsmədi. Axtar isə özünü
kolun içinə soxdu. Lakin bildirçini orada tapmadı. Məlum oldu ki, bildirçin ilan
fəqərəsindən istifadə edərək özünü başqa yerə ver mişdir. Axtar da ovdan əl çəkən hərif deyildi. Tezliklə onun izinə düşüb tapdı. Tağı əmi deyən kimi bu da bizim malımız oldu. Günəş qüruba enirdi. Torba da getdikcə şişirdi.
- Daha kifayət edər, - deyə Tağı əmi evə tərəf döndü. Bir az getmişdik ki,
Şəngül ayağını qaldıraraq Tağı əminin üzünə baxdı.
- Bu da Şəngülün xatiri üçün, - deyə Tağı əmi qırğını ovcuna aldı. Şəngül
bunu gördükdə özünü bildirçinin üstünə atdı. Qırğı bu son bildirçini də tutdu. Tağı
əmi bunu qırğıya vermək istədikdə:
- Tağı əmi, o bildirçini öldürmə, mənə ver, onu evə diri aparacağam, - deyə
rica etdim.
- Yaxşı, al bunu. Torbadan bir bildirçin ver, qırğıya yedirdim.
Mən Tağı əmiyə bir ölü bildirçin verdim, o da diri bildirçini mənə verdi.
Bildirçini cibimdə əlimlə tutmuşdum. Zavalı heyvancığın ürəyi elə döyünürdü ki,
deyəsən bu saat partlayıb, canı çıxacaqdı.
Fikrim daim bunda olaraq necə qayıdıb ilan olan kola çatdığımızı bilmədim.
Tağı əmi ilanı göstərərək dedi:
- Görürsən necə şişmişdir?
Mənim yenə də fikrim cibimdəki quşda olaraq, ilana məhəl qoymadım. Tağı
əmi məni fikirli görərək dedi:
- Görürəm, həm yorulmusan, həm də acmısan, beləmi? Səbir elə, evə
yaxmlaşmışıq.
- Yox, Tağı əmi, mən yorulmamışam, amma acmışam.
Yorulmağımı boynuma almadım ki, Tağı əmi bir də məni ova aparmaz. Lakin
məni qəmgin və pərişan edən cibimdəki quşcığaz idi, ona çox acıyırdım. İndi bunu
Tağı əmidən almağıma peşman idim. Bu torba başları kəsilmiş quşlara heç də
acımırdım. Onları bu diridən xoşbəxt hesab edirdim. Onlar ölüb getmiş, daha bir də
dirilib oxumayacaqlar, yuva tikib bala çıxarmayacaqlar... Yenə də quşcığazın ürəyi
döyünürdü. Bir an rahat olmurdu. Bu isə mənə təsir edirdi. Nə edim? Buraxımmı!
Onda Tağı əmi mənə nə deyər? Məni sevməz, bir də ova aparmaz. Yox, bu
yaramaz, - deyə fikrimi dəyişdirmək istədim. Lakin cibimdəki ürəyi döyünən
heyvancıq mənim də üreyimin döyünməsinə səbəb oldu. Daha səbrim tükənmişdi.
Quşu azad etməkdən artıq, özümü bu əzabdan xilas etmək fikrində idim. Axırda
belə bir hiylə gəldim: bir az Tağı əmidən geriyə qalaraq, əlimi cibimdən çıxarıb:
- Vay, yıxıldım! - deyə özümü yerə atdım. Bildirçin cibimdən çıxıb pırıltı
ile uçmağa başladı. Qırğı bunu gördükdə çırpınıb Tağı əminin əlindən çıxdı.
Ayaqlarından uzun qayış sallana-sallana bildirçini tutub yerə endi. Tağı əmi onu qırğının əlindən alıb başını kəsdi. Sonra iki bölük edərək tulalara atdı.
- Görürəm, çox yorulmusan. Düz yerdə ayağın büdrəyir, yerə yıxılırsan, -
deyə Tağı əmi gülməyə başladı. Mənim fikrim ölən quşda ikən, soruşdum:
- Tağı əmi, tox qırğı da ov dalınca gedərmi?
- Sənin quşun kimi bəxtsizlərin dalınca gedər, - deyə Tağı əmi təbəssüm ilə
cavab verdi.

QAYIBIN İTİ

Qayıb kişinin əvvəli mal-qaralı, qoyun-sürülü, dövlətli bir kəndli idi. Get-gedə
dövləti əlindən çıxıb bir cüt öküz, bir inək sahibi olmuşdu. Əvvəlki dövlətdən ona
Qaraqıllı adlı bir çoban iti yadigar qalmışdı. Sonsuz Qayıb kişi bu köpəyi övlad
kimi sevirdi. Hərgah bir adam ondan:
- Qayıb əmi, arvadının ölümünü istərsən, yoxsa itinin? - deyə sual etsəydi:
- Əlbəttə arvadımın, - deyə cavab verərdi. Qayıb kişinin bu itə bir belə
məhəbbət bağlaması hamını heyrətə gətirirdi. Səbəbini arayanlar deyirdilər ki, bir
falçı onu inandırıb ki, nə qədər Qaraqıllı sağdır sən bir zaman, yenə irəliki kimi
dövlət sahibi olacaqsan.
İtin özünə gəldikdə, adi çoban itlərindən xeyli iri, qüvvətli, cəsur və hünərli bir
heyvan idi. uzun qara tükləri onu çox heybətli göstərirdi. Qaraqıllının qorxusundan
bir qurd Qayıbın sürüsünə yaxırı gələ bilməzmiş. "Qayıbın iti" adı ilə ətrafda
məşhur olaraq, bu köpək dillərdə zərbi-məsəl kimi söylənirdi. Birisi itini çox tərif
etdikdə:
- Nə çox tərif edirsən? Qayıbın iti olmayacaqdır ki, - deyə onun sözünü
kəsərdilər.
Mən də bu itdən çox şeylər eşitmişdim. Lakin özünü gönnəmişdim.
Qayıbın iti hürməzdi. Yol ilə dinc gedən adamlarla isə işi olmazdı. Başqa itlər
kimi onların üstünə getməzdi. Lakin birisi qabağından istər atlı, istər piyada
qaçmaq istədikdə qızmış şir kimi üstünü alardı.
Mən Çərikdə olan zaman Qayıb kişi də biçin və xırman işlərinə məşğul idi. İti
də yanında idi.
Bir gün Tağı əmi ovdan çox quş gətirmişdi. Bir neçəsini xurcuna qoyaraq mənə
dedi:
- Boz madyanı min, bunları Hümmətgilə apar.
Hümmət Tağı əminin xalası oğlu və həm də qaynı idi. Tağı əmi məni ata
mindirdikdə dedi:
- Bax, Qayıbgilin obasının yanından keçərkən atı yavaş sür. Olmayaolmaya
çapasan.
- Arxayın ol, Tağı əmi, çapmaram, - deyə ona söz verdim.
Hümmət əmigil ilə bizim aramız üç kilometrə kimi idi. Gedənbaş obanın
yanından səlamət keçib getdim. Tapşırığı əmələ gətirib qayıdarkən yenə obanın
yanından keçdikdə atı yavaş-yavaş sürdüm. Bir vaxt bir it hürə-hürə üstümə gəldi.
Bunun səsini eşitcək başqaları da tökülüb gəldilər. Atı addım-addım sürərkən
nəzərim itlərdə idi. Onların içində Qayıbın itini arayırdım. Lakin ona oxşar bir it
yox idi. Bu mənə ürək verdi. Bir qədər getdikdən sonra itlərin səsləri kəsilməkdə
idi. Cürətlənib madyanı tərkimlədim. Bir də baxıb gördüm ki, tozu duman kimi
qatdıraraq, bir qara it gəlir. O saat atı saxladım. İt mənə çatan kimi atın önündə
ayaq üstə qalxdı. Başı atın başı ilə bərabər oldu. Qorxudan nəfəsimi içimə
çəkmişdim. Bir az belə durduqdan sonra Qaraqıllı dönüb yavaş-yavaş getməyə
başladı. Mən elə qorxmuşdum ki, atı yavaş sürməyə də cürət etmirdim. İt xeyli
getmişdi ki, mən də atı yürüş ilə sürməyə başladım. İt obaya yaxınlaşırdı, mən də
mənzilə.
- Yox, daha gəlməz, - deyə özümə ürək verdim. Tağı əmigil də təpədən
mənə tamaşa edirdilər. Bu mənə cürət verdi, madyanı çapmağa başladım. Tağı əmi
əllə mənə nə isə işarə edirdi. Lakin mən nə istədiyini anlamadım. O və başqaları
mənim qarşıma tərəf yüyürməyə başladılar. Bundan mən şübhələnib geriyə
baxdım. Onda gördüm ki, yaramaz köpək məndən əl çəkmək istəmir. Atı saxladım.
İt nəinki kimi atın qabağında dikəldi. Bu səfər at rahat durmayıb başını yırğaladı. O
saat köpək madyanın alt dodağını dartıb parçaladı. İt bununla kifayətlənərək
obalarına tərəf yola düşdü. Madyanın ağzından qan çeşmə kimi axırdı. İt gözdən
itdi. Lakin mən daha səhvimi təkrar etməkdən çəkinərək yerimdə durmuşdum. Tağı
əmi hamıdan irəli gəlib çatdı.
- İt səni yaralamayıb ki? - deyə təşvişlə sordu.
- Yox, Tağı əmi, ancaq madyanın ağzını qapdı, - deyə cavab verdim.
- Madyan cəhənnəmə, sən səlamət çıxmısan. Min belə madyan sənə qurban,
ancaq bu sənə nəsihət olsun. Bundan sonra böyüklərin sözündən çıxmazsan.
XS
SM
MD
LG