Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:25

«Gedin məni bıçaqla vuranı tapın…»


Hüquq müdafiə təşkilatları jurnalistin məhkəməyə zorla gətirilməsini pisləyir
Hüquq müdafiə təşkilatları jurnalistin məhkəməyə zorla gətirilməsini pisləyir

«Bu adamın mənim işimə heç bir aiddiyatı yoxdur. Gedin məni bıçaqla vuranı tapın»-, iyulun 3-də keçirilən məhkəmə prosesində «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil belə deyib.


Nəsimi Rayon Məhkəməsində «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə proses başlanıb. Hakim Şahin Abdullayevin göstərişindən sonra jurnalist Aqil Xəlil məcburi qaydada məhkəməyə gətirilib.


Aqil Xəlil bildirib ki, ona bıçaqla Sergey Strekalin xəsarət yeriməyib və ümumiyyətlə, bu adamı tanımır.


Prokuror istintaq zamanı nə üçün onun Strekalini tanıdığını etiraf etməsi barədə sual verib. Jurnalist deyib ki, o, prokurorluqda 19 saat dindirilib, barmaqları qapının arasına qoyulub, ona müxtəlif təzyiqlər göstərilib və belə ifadə verməyə məcbur edilib.


Sergey Strekalin isə istintaqda verdiyi ifadələrini təsdiqləyib və həqiqətən də jurnalistə bıçaqla xəsarət yetirdiyini bildirib.
Prosesdə jurnalistin vəkili Elçin Sadıqov bir neçə dəfə vəsatət versə də onların heç biri təmin edilməyib. Vəkil ilk olaraq prosesin dayandırılması haqda vəsatət verib. Bildirib ki, Sergey Strekalinin televiziyalarla verdiyi ifadəsi beynəlxalq konvensiyalara ziddir və bu məhkəmə istintaqını əvvəlcədən istiqamətləndirə bilər. Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirəyə gedib. Vəsatət baxılmadan saxlanılıb.


Bundan sonra onun vəkil işin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət verib. Onun fikirlərinə görə ittihamnamə ciddi sübutlara söykənmir. Vəkil iddia edir ki «Azercell»dən alındığı bildirilən telefon danışıqları Aqil Xəlilinin nömrəsindən olmayıb və bu danışıqların mətni «Azercell» tərəfindən rəsmən təsdiqlənməyib. Vəkil hesab edir ki, iş ibtidai istintaq üçün Baş Prokurorluğa qaytarılmalıdır. Məhkəmə bu vəsatəti də təmin etməyib.


«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin həyatına iki dəfə sui-qəsd edilib. Jurnalist bunun peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib. Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistə qarşı təzyiqləri və məhkəməyə zorla gətirilməsini pisləyib.


XS
SM
MD
LG