Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

AŞ PA Herkel və Lloydun hesabatını qəbul etdi


Azərbaycan Avropa Şurasına 2001-ci ilin yanvarında üzv olub
Azərbaycan Avropa Şurasına 2001-ci ilin yanvarında üzv olub
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) toplantısında Azərbaycanla bağlı müzakirələr başa çatıb. Hesabat böyük səs çoxluğu ilə qəbul olunub.

Müzakirələrdə çıxış üçün 17 deputat yazılıb. İlk söz alan Azərbaycan üzrə həmməruzəçi Andres Herkel bildirib ki, «siyasi məhbusların sayı əvvəlki illərlə müqayisədə çox deyil və bu, müsbət inkişafdır. Lakin biz bu kiçik müsbət addımları siyasi məhbuslar problemi ilə qarışdıra bilmərik. Şuraya üzv ölkədə siyasi məhbusların olması qəbuledilməzdir».


Cənab Herkel deyib ki, hüquq sistemində korrupsiyanın mövcudluğu, məhkəmələrin müstəqil olmaması problem olaraq qalır: «Növbəti seçkilərə kimi sərbəst toplaşmaq azadlığı sahəsindəki problemlər həll olunmalıdır. Seçki qanununa da dəyişikliklər edilməlidir».


AŞ PA-nın Azərbaycan üzrə digər həmmurəzəçisi Toni Lloyd isə bildirib ki, Azərbaycanda demokratiya istəyənlər çoxdur, lakin eyni səviyyədə də demokratiyaya müqavimət göstərən qüvvələr var. Onun sözlərinə görə, parlamentin güclü müxalifətə, Azərbaycanın isə bütövlükdə ədalətli seçkilərə ehtiyacı var. Britaniyalı deputat deyib ki, siyasi məhbusların mövcudluğu daha çox ölkədə ədalət məhkəməsinin olmaması ilə bağlıdır. O, siyasi məhbus kimi tanınan Natiq Əfəndiyev və Rasim Əkbərovun vəziyyətini qeyd edib. Bildirib ki, bu adamların azad olunması yaxşı olardı: «Azərbaycanın bu Assambleyada yeri var, lakin bunun üçün gərək Bakı da öhdəliklərini yerinə yetirsin».


AŞ PA-nın Cənubi Qafqazda əsir və itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Platvoet isə bildirib ki, Azərbaycanda iqtisadi inkişaf var, lakin 25 faiz əhali yoxsulluq içindədir: «Adamlar hələ də siyasi baxışlarına görə, həbs olunurlar».


Daha sonra isə əsasən, Türkiyə və Azərbaycandan olan nümayəndələr çıxış ediblər. Onlar hesabatın bir çox məqamlarıyla razılaşdıqlarını, bəzi məqamlarla isə razılaşmadıqlarını bildiriblər.


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov obyektiv tənqidlə razılaşdığını bildirib. Deyib ki, Azərbaycanın nümayəndə heyəti hesabatın hazırlanmasında iştirak edib. Onun sözlərinə görə, sənəddəki tənqidlərə baxmayaraq «obeyktiv tənqid Azərbaycanın gələcəyi üçün xeyirlidir».


Müzakirələrdə həbs olunan sabiq nazirlər - Fərhad Əliyev və Əli İnsanovun, həmçinin deputat Hüseyn Abdullayevin də vəziyyətinə toxunulub. Cənab Seyidov bildirib ki, İnsanov korrupsionerdir.


Andres Herkel isə hesabatın tənqid xarakteri daşımasını ölkədə vəziyyətin yaxşı olmaması ilə bağlayıb: «Nə Azərbaycan müxalifəti bu zaldadır, nə də Monitorinq Komitəsinin iclasında iştirak edib».


Toni Lloyd isə sənədin Azərbaycanda inkişafı qeyd etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın bir istiqaməti var - Avropa və Qərb: «Biz Azərbaycanın irəliyə inkişafına qiymət verməkdə davam edəcəyik. İnkişaf sabit olmalıdır, indiki səviyyə isə yetərli deyil».


Müzakirələrdən əvvəl isə Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden Azərbaycanı islahatları davam etdirməyə çağırıb. O, bu barədə Strasburqda dinləmələrdən bir neçə saat qabaq keçirdiyi mətbuat konfransında bildirib. Linden deyib ki, Avropa Şurasının Azərbaycanla problemləri olub, lakin vəziyyət dəyişir: «Bizim Azərbaycanla keçmişdə - seçkilər dövründə problemlərimiz olub. Bizim rəyimizə görə, seçkilər tam azad və ədalətli olmayıb. Lakin ölkə üzrə son hesabatda bir sıra inkişaflar qeyd edilir. Bu isə ümidverici haldır. Mən Azərbaycanda islahatlar prosesinin yaxın gələcəkdə də davam edəcəyinə ümid edirəm».


Qurumun Monitorinq Komitəsinin üzvləri, deputatlar Andres Herkel və Toni Lloydun hazırladığı hesabatda Azərbaycanda bəzi müsbət inkişafların qeydə alınması ilə yanaşı, siyası və söz azadlıqları, insan haqları ilə bağlı sahələrdə ciddi problemlərin qaldığı bildirilirdi.


Hesabatda Monitorinq Komitəsi 2008-ci ildəki prezident seçkisinə xüsüsi önəm verib. Azərbaycana seçkilərin azad və ədalətli, beynəlxalq standartlara uyğun keçirilməsi tövsiyə olunub.


Azərbaycan Avropa Şurasına 2001-ci ilin yanvarında üzv olub.


XS
SM
MD
LG