Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Cabbar Savalanlı 10 gündür qeyri-qanuni həbsdə saxlanılır


Azerbaijan -- youth activist Jabbar Savalan, 2010
Azerbaijan -- youth activist Jabbar Savalan, 2010
AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının məhkəməsinə hazırlıq iclası aprelin 15-nə təyin olunsa da iclas başlanmamış təxirə salındı. İttiham aktı Cabbar Savalanlıya hazırlıq iclasından bir gün əvvəl təqdim olunduğundan onun ittiham aktı ilə tanış olması və öz müdafiəsini qurması üçün hakim İlqar Məmmədov prosesi aprelin 22-nə keçirdi.

VƏKİL CİNAYƏT İŞİ BAŞLANMASINI İSTƏYİR


Cabbar Savalanlının vəkili Anar Qasımov isə məhkəmənin nəzərinə çatdırdı ki, müdafiə etdiyi şəxs barəsindəki həbs müddəti aprelin 5-də bitib. Vəkilin vəsatətinə görə, Cabbar Savalanlı 10 gündür ki, qanunsuz həbsdə saxlanılır. O, Savalanlının məhkəmə zalından azadlığa buraxılmasını istədi. Dedi ki, həm yerli qanunvericiliyə, həm də beynəlxalq konvensiyanın 5-ci maddəsinə görə, məhkəmə qərarı olmadan heç kəs həbsdə saxlanıla bilməz. Vəkil müdafiə etdiyi şəxsin 10 gün qanunsuz həbsdə saxlanması faktı üzrə cinayət işinin başlanması üçün xüsusi qərarın qəbul edilərək Baş Prokurorluğa göndərilməsini də xahiş etdi.

Dövlət ittihamçısı Mövlud Osmanov isə vəsatətə etiraz etdi. Dedi ki, bütün vəsatətlər yalnız hazırlıq iclasında müzakirə oluna bilər.

HAKİM DEYİR SAVALANLINI BURAXSA, QANUNU POZMUŞ OLAR


Vəkil Anar Qasımovsa bu vəsatətin hazırlıq iclasına aidiyyəti olmadığını və məhkəmədən vəsatətə dərhal münasibət bildirilməsini xahiş etdi: «Məhkəmədən xahiş edirik ki, bu gün onun azadlığa buraxılması məsələsi həll olunsun. Aprelin 22-də hazırlıq iclası keçiriləndə həbs qətimkan məsələsinə yenidən baxılar. Məhkəmə yenidən onu həbs etmək barədə qərar qəbul edərsə, həbs edər, ya da başqa iltizam seçər. Çox xahiş edirəm ki, bizim vəsatət dərhal baxılmalı vəsatət olduğuna görə, məhkəmə hazırlıq iclasından kənar qaydada bu məsələyə baxsın».

Anar Qasımov
Ancaq hakim hazırlıq iclasından kənar vəsatətin müzakirə olunmasını qanunsuzluq adlandırdı: «Sizin vəsatətinizə mən indi baxsam, həm təqsirləndirilən şəxsin hüququnu, həm də cinayət prosessual qanunvericiliyin tələblərini pozmuş olaram».

GÜNAH QANUNDAKI BOŞLUQDADI?


Hakim Cabbar Savalanlının barəsindəki həbs müddəti bitmiş olduğu halda həbsdə qalmasını qanundakı boşluqlarla izah etdi: «Bildirmək istəyirəm ki, ümumiyyətlə bu, hazırda cinayət hüququnda mübahisəli haldır. Bunu qanunvericilikdəki boşluqla izah etmək olar. Bununla əlaqədar bir neçə dəfə mübahisə qalxıb. Yəni təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin bitməsi ilə əlaqədar. İş məhkəməyə aprelin 4-də daxil olub, Cabbar Savalanlının həbs müddəti isə aprelin 5-də bitib. Müddətin artımı ilə əlaqədar hesab keçib məhkəmənin ixtiyarına. Sizin qaldırdığınız vəsatətə Allah qoysa, bir həftədən sonra qayıdacağıq».

Beləliklə, Cabbar Savalanlının hüquqlarını və qanunu pozmaq istəmədiyini deyən hakim Savalanlını daha bir həftə - yəni hazırlıq iclasına qədər həbsdə saxlayacaq. Hazırlıq iclasında isə onun həbs müddətinin uzadılıb-uzadılmaması məsələsinə baxacaq.

SİFARİŞLİ HƏBS

Cabbar Savalanlı
Cabbar Savalanlının anası Təravət Əliyeva oğlunun həbsini «sifarişli» adlandırır. Deyir ki, onu siyasi mənsubiyyətinə görə həbs ediblər. Ana oğlunun təhsil aldığı Sumqayıt Dövlət Universitetindən xaric olunmasını da siyasi baxışları ilə əlaqələndirir: «Getdim soruşdum nəyə görə qovmusuz, dedilər 2 aydır davamiyyəti yoxdur, ona görə də çıxartmışıq. Onu siyasətlə məşğul olduğuna görə çıxartdılar. Zəng edərdilər, maraqlanardılar, evə gələrdilər, soruşardılar bu uşaq məktəbə niyə gəlmir? Heç olmasa bir məktub göndərəydilər evə, bir xəbərdarlıq edəydilər. Necə ki şərlədilər tutdular, elə də məktəbdən çıxardılar».

Cabbar Savalanlı fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. İdarədə onun üzərinə baxış zamanı 0,74 qram tiryək aşkar edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin qanunsuz narkotik əldə edib saxlama maddəsiylə cinayət işi başlanıb. Fevralın 7-də isə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi də Cabbar Savalanlın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.
XS
SM
MD
LG