Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:02

Dövlət Departamentinin Azərbaycanda insan haqlarına dair hesabatı


ABŞ Dövlət katibi Hillari Klinton
ABŞ Dövlət katibi Hillari Klinton
ABŞ Dövlət Departamenti 2010-cu ildə dünya ölkələrində, o cümlədən Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, Azərbaycanda ötən il keçirilmiş parlament seçkiləri ATƏT-in demokratik seçkilər üçün müəyyən etdiyi bir çox əsas standartlara cavab verməyib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna əsasən, bu çatışmazlıqlara namizədlərin qeydə alınmasındakı problemlər, medianın seçkiləri balanslı işıqlandırmaması, sərbəst toplaşmaq hüququna məhdudiyyətlər, səslərin sayılması və protokolların tərtib edilməsində problemlər daxildir.

Hesabatda deyilir ki, prezident İlham Əliyev 2008-ci ildə 2-ci müddətə naqis seçkilər vasitəsilə gəlib.

2009-cu ildə isə prezidentlik müddətinə qoyulmuş limit - ciddi qüsurların olduğu referendum vasitəsilə ləğv edilib.

Ölkədə 50-dən çox partiya olsa da, prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası siyasi arenada dominantlıq edir.

İşgəncələr...

Hesabatda deyilir ki, Konstitusiya və cinayət məcəlləsində işgəncələr qadağan edilsə də

Hesabatda deyilir ki, 2010-cu ildə 169 nəfər həbsdə və hərbi xidmətdə işgəncə halları ilə üzləşib.
və belə əməllərə görə 10 ilədək cinayət məsuliyyəti nəzərdə tutulsa da, inandırıcı məlumatlar var ki, hüquq-mühafizə orqanları etirafedici ifadələr almaq üçün məhbusları döyür və hərbçilər özündən aşağı ranqlı həmkarlarına fiziki təzyiq edir.

Hesabatda deyilir ki, yerli hüquq müdafiəçilərinin məlumatına görə, ötən il Azərbaycanda 169 nəfər həbsdə və hərbi xidmətdə işgəncə halları ilə üzləşib.

Onlardan 7-i dünyasını dəyişib.

Ceyhun Zərbəliyev martın 25-də Nəsimi Rayon 19-cu polis bölməsində ölüb. Rəsmilər iddia ediblər ki, o, intihar edib.

Daxili İşlər Nazirliyi bildirib ki, daxili tədqiqat aparıb və bunun nəticəsində 3 nəfər daxili işlər orqanlarından xaric edilib.

Aprelin 14-də Salyan Polis İdarəsində 43 yaşlı Vüqar Əzizov vəfat edib. Onu narkotik istifadəsinə görə həbs ediblər. Öülümün rəsmi səbəbi kimi narkotik aludəçiliyi və arterial qanaxma göstərilib.

İyulun 14-də 21 yaşlı Orxan Məmmədov Şəkidəki hərbi hissədə ölüb.

Rəsmilər bildiriblər ki, ölümün səbəbi beyində şiş və başqa xəstəliklər olub. Məmmədovun qohumları isə məhkəməyə müraciət edib və mərhumun bədənində qançırlar olduğunu iddia edib.

Məlumata görə, sentyabrın 28-də Nadir Abdullayev polisin suallarına kobud cavab verdiyi üçün Ucar Rayon Polis İdarəsində döyülərək öldürülüb. Qohumları bildirib ki, Abdullayevə işgəncə verilib, onun bədənində çoxsaylı xəsarətlərin olduğunu bildiriblər.

Hesabatda işgəncə halları ilə üzləşdiyi deyilən şəxslər kimi Rauf Hüseynov, Qəzənfər Seydanov, Namir Pirməmmədov da göstərilir.

Həbsxanalar, həbslər...

Hesabatda deyilir ki, son illərdə həbsxanalarda infrastrukturun yaxşılaşdırılması üçün işlər görülsə də, bəzi cəzaçəkmə müəssisələrində saxlanma şəraiti həyat üçün təhlükəli olaraq qalır.

Əsas problemlər qida çatışmazlığı, kameraların həddən artıq dolu olmasıdır.

Bunun nəticəsində həyat üçün təhlükəli viruslar yayılır.

Ədliyyə Nazirliyi bildirir ki, 2010-cu ildə həbsxanalarda vərəmdən ölənlərin sayı ciddi şəkildə azalıb.

Amma hesabata görə, vərəm yenə də ölümlərin əsas səbəbidir.

Qanunlar polisə vətəndaşı saxlamağa və ordersiz 48 saat müddətində sorğu-sual etməyə icazə verir.

Amma praktikada polis vədəndaşları bir neçə günlüyünə ordersiz həbsdə saxlayır.

Bəzi hallarda isə hakimlər köhnə tarixlə orderlər verirlər.

Noyabrın 12-də Şərur Rayon Polis İdarəsi Sabit Əliyevi həbs edib və heç bir ittiham irəli sürmədən onu noyabrın 21-dək həbsdə saxlayıb.

Sabit Əliyev 7 noyabr parlament seçkilərində namizəd olmuş qardaşı Səxavət Əliyevin seçki müşahidəçisi idi.

Bakıda müxalifətin aksiyası dağıdılır. 3 iyul 2010
Qanuna görə ittiham 48 saat ərzində irəli sürülməlidir.

Hakimlər

Hakimlər icra hakimiyyətinin təsirindən azad deyil. Korrupsiyalaşıb və effektiv deyil.

Bir çox hökmlər məhkəmə prosesində ortaya qoyulmuş sübutlara əsaslanmır.

İcra hakimiyyətinin məhkəmələrə güclü təsiri problem olaraq qalır.

Etibarlı mənbələrdən gələn məlumatlara görə, hakimlər və prokurorlar Prezident Aparatı və Ədliyyə Nazirliyindən təlimatlar alır.

Hakimlərin maaşları davamlı şəkildə qaldırılsa da, onların rüşvət almasının adi hal olması haqda etibarlı ittihamlar var.

Mülkiyyət hüquqları

Hesabatda deyilir ki, qanunlar mülkiyyət hüquqlarını qorusa da, təcrübədə həmin qanunlara hörmət edilmir.

Yerli qeyri-hökumət təşkilatları mülkiyyət hüquqlarının pozulması ilə bağlı şikayətlərin artdığını deyirlər.

Bakının Füzuli və Şəmsi Bədəlbəyli küçəsinin sakinlərinə evlərinin söküləcəyi və hər kvadrat metrə görə 1830 dollar ödənəcəyi deyilib.

Narazı sakinləri evlərindən çıxarmaq üçün - hüquq müdafiəçilərinin bildirdiyinə görə - onların evlərinin qaz, elektrik və su təchizatı dayandırılıb.

Sakinlərin razılığı olmadan onların bir çoxunun evləri zorla sökülüb.

Hərbi xidmət

18-35 yaşlı kişilər məcburi hərbi xidmətdə olmalıdırlar.

Amma bir çoxları inanır ki, hərbi xidmətdən pulla möhlət almaq mümkündür.

Konstitusiya alternativ hərbi xidmətə şərait yaradır.

Amma bunun həyata keçirilməsi üçün aydın mexanizm yoxdur.

Bəziləri isə hərbi xidmətə getməkdənsə, həbsxananı üstün tutur.

Telefon və internetə nəzarət

ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilir ki, bir çoxları Azərbaycanda Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin telefon və internet kommunikasiyalarını izlədiyinə inanır.

Xüsusən də əcnəbilər, tanınmış siyasətçilər, biznes adamları və beynəlxalq əlaqələri olan şəxslərin.

Hesabatda deyilir ki, ötən il satirik eqreb.con saytına da ölkə daxilində giriş qapanıb.

Mətbuat

Hesabatda qeyd edilir ki, Azərbaycanda söz azadlığının məhdudlaşdırılması problem olaraq qalır.

Müxalif qəzetlər çap edilsə də, media monitorinqi ilə məşğul olan QHT-lərin rəqəmlərinə görə, keçən il jurnalistlər 100-dən çox fiziki və şifahi olaraq edilən təzyiqlə üzləşiblər.

Jurnalist Eynulla Fətullayev Bakı Appelyasiya Məhkəməsində - 25 yanvar 2011
Bu, 2009-cu illə müqayisədə 2 dəfə çoxdur.

Yeni Müsavat qəzetinin iki əməkdaşı jurnalist araşdırması üçün Bakı ətrafında nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən lüks villaların şəkilıərini çəkərkən naməlum şəxslər tərəfindən döyülüblər.

Xarici radiostansiyalar - Azadlıq, Amerikanın səsi və BBC radioları FM tezliyindən məhrum edildiyi üçün cəmiyyət elektron KİV-lər vasitəsilə tərəfsiz informasiya almaq imkanından məhrum olub.

Avropa İnsan Haqları Məhkəməsi jurnalist Eynulla Fətullayevin dərhal azadlığa buraxılması haqda qərar çıxarsa da, Azərbaycan hökuməti qərarı yerinə yetirməyib.

Jurnalistə qarşı "narkotik saxlamaq"la bağlı yeni ittiham irəli sürülüb. Hesabatda deyilir ki, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları inanır ki, bu, E.Fətullayevin həbsini uzatmaq üçün edilib.

2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatillərinin cəzalandırılmaması ilə bağlı narahatlıqlar da qalır.

İyulun 22-də Milli Mətbuat günündə prezident İlham Əliyev 32 qəzetin hərəsinə 20 min manat yardım ayırdı.

Onların arasında müxalifət qəzetləri də vardı.

Avqustun 1-də ölkədə iki böyük müxalifət qəzetindən biri - "Azadlıq" qəzetinin çapına 2 gün icazə verilmədi.

Nəşriyyat 16 min manat borcun ödənilməməsini əsas gətirdi.

Qəzetin baş redaktoru Qənimət Zahid mətbuatda bunu "ayrılan yardımın geri alınması" kimi qiymətləndirdi.

Ölkədəki özəl telekanallar daha çox hakimiyyətə sərf edən materiallar verir.

2006-cı ildə Milli Teleradio Şurası tərəfindən müvəqqəti bağlanmasına qədər nisbətən balanslı xəbər mənbəyi kimi qəbul edilən ANS isə - media müşahidəçilərinin fikrincə - bu hadisədən sonra daha ehtiyatlı, özünüsenzura mövqeyi tutmağa başlayıb. O tez-tez hakimiyyətyönlü kanallar kimi xəbərlər verir və xəbərə yanaşma bucağı nümayiş etdirir.

Siyasi məhbuslar...

Yerli hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbusların olduğunu deyirlər. Amma onların göstərdiyi rəqəmlərdə fərqlər var.

2010-cu ildə siyasi məhbus adlandırılanlardan 11-14 arası şəxs azadlığa buraxılıb.

Azad edilənlərin 6-ı jurnalist, 2-si isə bloqçudur.

Yerli hüquq müdafiə təşkilatları deyir ki, hələ də həbsdə 20-46 arası siyasi məhbus var.

Bəxtiyar Hacıyev
Hesabatda deyilir ki, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində həbs edilib. Ona ölkəni tərk etməyə imkan verilməyib.

Buna səbəb kimi onun məcburi hərbi xidmət borcunu yerinə yetirməməsi göstərilib.

Amma hüquq müdafiəçiləri güman edir ki, bu, siyasi motivli saxlanmadır və keçmiş namizədin fəaliyyəti və İnternetdə seçki saxtakarlığı ilə bağlı videolar yaymasına görədir.

Seçki və sərbəst toplaşmaq

Hesabatda qeyd edilir ki, 2010-cu ildə keçirilmiş parlament seçkilərində də seçki komissiyalarının tərkibi problem olaraq qalıb, komissiyaların tərkibinin daha balanslı olması üçün irəliləyiş olmayıb.

Məmurlar hakimiyyət namizədlərinin təxminən 100 faizini qeydə alsalar da, müxalifət namizədlərinin yalnız 30-40 faizi qeydiyyata alınıb.

Bundan başqa seçki qanunlarına düzəliş edilərək təbliğat müddəti də azaldılıb.

Seçkidən sonra müşahidəçilərə təzyiqlər edilməsi haqda xəbərlər yayılıb.

Konstitusiya vətəndaşlara icazə verir ki, qabaqcadan hakimiyyət orqanlarını məlumatlandırmaqla kütləvi aksiyalar keçirisinlər.

Amma praktikada kütləvi aksiya keçirmık istəyənlərdən dövlət orqanlarından icazə almaq tələb edilir.

Müxalifət hakimiyyətin qoyduğu məhdudiyyətlərə görə icazəli kütləvi aksiya keçirə bilmir.

İcazəsiz aksiyalara çıxanlar isə bir çox hallarda polis tərəfindən saxlanır.

Məsələn, Azadlıq blokunun aksiyaları dəfələrlə dağıdılmış, iştirakçıların bəzisi saxlanaraq bir neçə saatdan sonra sərbəst buraxılmış, cərimə edilmişdir.

ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, sərbəst toplaşmaq, fikir və birləşmək azadlıqlarına qoyulan məhdudiyyətlər insanların öz hökumətlərin dinc seçkilər yoluyla dəyişmək imkanlarını ciddi şəkildə azaldır.

Sərbəst hərəkət azadlığı

2006-cı ildə hökumət AXCP sədri Əli Kərimlinin xarici səfərlərə getməsinin qarşısını alıb.

Rəsmi izaha görə, 1994-cü ildə Ə.Kərimliyə qarşı açılan bir işlə bağlı onun pasportu yenilənmir.

Halbuki bundan qabaq onun pasportu yenilənmişdi.

Ə.Kərimli məhkəməyə müraciət edib və bütün məhkəmə instansiyaları onun əleyhinə qərar verdiyi üçün Avropa İnsan Haqları Məhkəməsinə üz tutub.

Rüşvətxorluq

Cəmiyyətdə korrupsiya və buna görə cəzasızlıq geniş yayılıb.

Nazirliklər və hökumətin ən yüksək səvəiyyələrində korrupsiya var.

Hesabatda deyilir ki, rüşvətxorluqla mübarizə tədbirləri bu problemin aradan qaldrılmasına ciddi təsir etməyib.

Hüquq-mühafizə orqanlarında da korrupsiya bir problemdir. Polis çox vaxt yol hərəkəti və başqa kiçik xətlara görə vətəndaşlardan heç yerdə qeydiyyata düşməyən cərimələr alır.
XS
SM
MD
LG