Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:41

Mirzə Ələkbər Sabir. Uçitellər















Tövqif edilmişdi mağıl Gəncə siyezdi,

Olmuşduq əcəb biz dəxi rahət, uçitellər!



Düşdü tovuğu turşuya bədbəxt "Nicat"ın,

Əyləşmədi bir ləhzə fərağət uçitellər!



Divan-dərəni bəndə çəkib aldı dübarə,

Bu bidət olan əmrə icazət, uçitellər!



İndi Bakıda başlanacaq, oldu bu iclas,

Olduq yenə ol məclisə dəvət, uçitellər!



Qoymur bu qapanmış bizi dünyada beş-on gün

Adətcə çəkib kef, edək işrət, uçitellər!



Bilməm bu siyezdin nədir axır bizə xeyri -

Hər ildə çəkək bunca əziyyət, uçitellər?!



Daim bu təşəbüsslər olur həqqüləməlsiz,

Millət pulu yox ta alaq ücrət, uçitellər!



Lazım gətirir xərc edək ancaq cibimizdən,

Həm xərc ola mayeyi-zəhmət, uçitellər!



Boylə əmələ aqil olan mürtəkib olmaz,

Layiqmi cibişdana xəyanət, uçitellər?!



Yəni nə deməkdir bu ki, sən pulunu xərc et,

Та elm oxuyub dərs ala millət, uçitellər?!



Millətdən ötür ağlayan axırda olur kor, --

Məzmunlu məsəldir bu ibarət, uçitellər!



Bildir də nə zəhmətlə bu iclasa yığışdıq,

Etdik nə qədər boş yerə söhbət, uçitellər!



Lağ-lağ danışıldı ki, nədir şiə və sünni,

Lazım ki, bir olsun bu şəriət, uçitellər!



Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan,

Bir yanda dəxi məktəbi-sənət, uçitellər!



Bu hərzəvü hədyanlara kimlər qulaq asdı,

Kim verdi bu axmaq sözə qiymət, uçitellər?!



Baş tutdumu beytülmalınız, söylə, sən allah?!

Çəkdiz, mən ölüm, hiç xəcalət, uçitellər?!



İslamın ölüb yoxsa sanırdız vükəlası?

Xudsər eləyirdiz də vəkalət, uçitellər?!



Bir millətə kim, siz olasız hadiyü hami,

Batsın yerə, ya rəb, belə millət, uçitellər!



Sidqi bu ki, bu barədə rəyimdir əlavə --

Sizlə edə bilməm də şərakət, uçitellər!



Fikrim budur ancaq olam öz keyfimə məşğul

Bu guşeyi-gülzardə xəlvət, uçitellər!



"Mey şişədə, cam əldə, ağır nəşə başımda"....

Bu şerin edəm virdini adət, uçitellər!
XS
SM
MD
LG