Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:53

Mirzə Ələkbər Sabir. Səbr eylə!















Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Üzün oldisə gər külfət yanında qarə, səbr eylə!



Əsiri-qeydi-fəqr oldun, yazıq, təslimi-hirman ol,

Çalışma, bir işə getmə, fəqət məyusü nalan ol,

Qəzayə çarə yox, giryan ol, üryan ol, pərişan ol,

Səbur ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol,

Çatar öz rizqi-məqsumun, dolan avarə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!



Maaşın ta ki, təng oldu ənis ol dərdü möhnətlə,

Boş ol, süst ol, ümidin qət qıl, yar ol ətalətlə,

Bunu təqdirə nisbət ver, yaşa daim rəzalətlə,

Həvadə seyr edən insana baxma çeşmi-qeyrətlə,

Burax kəsbi, unut səyi, yapışma karə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!



Yetərkən zalimin zülmü sənə dövrü qəzadən bil,

Çatarkən amirin zəcri, -- onu seyri-səmadən bil,

Ozün öz iczinə bais olurkən masəvadən bil,

Bu məşumiyyəti biganədən gör, aşinadən bil,

Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!



Əgər çox təngdil olsan bu işdən qıl fəğan, ağla,

Girişmə başqa bir tədbirə, ancaq hər zaman ağla,

Bütün dünyadən əl çək, aşikar ağla, nihan ağla,

Qapansın gözlərin, fıkrin, düşünmə, görmə, yan, ağla,

Tüpür namusa, baxma nəngə, gəlmə arə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!



Fəqət bir iş də görmək istər isən gör müsəlman tək,

Təhəmmül eylə cövri-mülkədarə, işlə heyvan tək,

Çalış, ək, biç, aparsın bəy, evin qalsın dəyirman tək,

Ayılma, haqqını qanma, xəbərdar olma insan tək,

Darılma, incimə, tab eylə hər azarə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!



Əgər az-çox var isə qeyrətin kafirlərə baxma,

Bir asan kəsbə məşğul olmaq ilə dindən çıxma,

Uşaqlarçın çörək çıxsın deyə ha, din evin yıxma,

Babalın boynuma, get fələlik et, qəlbini sıxma,

Sənə iş sahibi pul verməsə, yan narə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!



Və yaxud gər əsər varsa canında zorü-qüvvətdən,

Qolun güclü, üzün qansız, dilin xalisə rəhmətdən,

Qutar bir dəfəlik dərdü-ələmdən, bari-möhnətdən,

Quduzluq iştə bir pişə, gözəl hər dürlü sənətdən:

Bas al, kəs al, vur al, yıx al, qoşul füccarə, fəxr eylə!

Məqami-hörmətə çatdın dəxi həmvarə fəxr eylə!



Yanaş əşrarə, fəxr eylə!

Bulaş hər karə, fəxr eylə!

Tutulma nəngə, namusə,

Utanma arə, fəxr eylə!
XS
SM
MD
LG