Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:03

Mirzə Ələkbər Sabir. Fələ, özünü sən də bir insanmı sanırsan?!















Fələ, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlali gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Himmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Fəqr ilə ğina əhlinə kim verdi müsavat?
Mənadə də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsəyə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbası gün muzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın küfrünü şükranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan?!
XS
SM
MD
LG