Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:45

Mirzə Ələkbər Sabir. Bəsdir, bu qədər başlama fəryadə, əkinçi!


Azerbaijan -- Azeri poet Sabir, undated
Azerbaijan -- Azeri poet Sabir, undated













Bəsdir, bu qədər başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!

Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a gədə, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fəhləliyin badə, əkinçi?!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Aldı dolu əldən sərü samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını neylim?
Ol indi palaz satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə сох çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!
Çəltik də gətir, аrpа da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə əkinçi!

Sən hey de yoxumdur, çıxarıb canını, allam!
Vallahı oyub dideyi-giryanını, allam!
Şallağa tutub peykəri-üryanını, allam!
Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!

Cütçü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,
Öyrənməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəzi-mədarım,
Bəyzadəyəm, asayişədir cümlə qərarım;
Meysiz, məzəsiz bitməz olur şamü nəharım;
İştə belədir haləti-bəyzadə, əkinçi!
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!
XS
SM
MD
LG