Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:35

Mirzə Ələkbər Sabir. Bimərhəmət əyanlarına şükr, xudaya!















Bimərhəmət əyanlarına şükr, xudaya!
Bu sahibi-milyanlarına şükr, xudaya!

Millət qəminə baxmayan ənzari-kərəmlə
İyşani-zəvi-şanlarına şükr, xudaya!

İş bilməyən ancaq yemək-içməkdən əlavə,
Bu canlı dəyirmanlarına şükr, xudaya!

Bidadi-bəradərlə olan qanına qəltan
Qafqazdakı qurbanlarına şükr, xudaya!

Xassə Bakı şəhrində, о şöhrətli məkanda
Dərya tək axan qanlarına şükr, xudaya!

Xunxar olan əfradi-bəni-növünə daim
Bu vəhşiyü ğərranlarına şükr, xudaya!

Qurd isə, şəğal isə biyabanda olurdu,
Şəhr içrə bu heyvanlarına şükr, xudaya!

Gözlənməyən ədnalığın icadına ciddən
Himmət edən insanlarına şükr, xudaya!

Həmmamdə övrətlərə quldurluq edən bu
Qeyrətli müsəlmanlarına şükr, xudaya!

Sakit oturan boylə cinayətlərə qarşı
Bu sahibi-vicdanlarına şükr, xudaya!

Bilməm nə zaman qəhrin edər aləmi bərbad?!
Səbr etdiyin avanlarına şükr, xudaya!

Həll olmadı könlümdəki nisgilli müəmma....
Təcdid edirəm mətləi, mabədi var əmma....
XS
SM
MD
LG