Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:15

Mirzə Ələkbər Sabir. Bərəkallah















Sən beləsənmiş, balam, ay bərəkallah sənə!
Fisq imiş əmrin tamam, ay bərəkallah sənə!

Doğru imiş, şairin olmaz imiş məzhəbi,
Kafir olurmuş bütün mirzələrin əğləbi,
Ləğvü əbəs mətləbi, ləhvü ləəb məşrəbi,
Şuğlü qəzet, telqram, ay bərəkallah sənə!

Ay adama oxşamaz, bir üzünə baxsana!
Bomboz olub saqqalın, rəngü həna yaxsana!
Mömin olub, bir üzük barmağına taxsana!
Та ki, desin xasü am: ay bərəkallah sənə!

Yox xəbərin, binəva, hiç özündən sənin,
Lap malaqanlıq yağır girdə üzündən sənin,
Doğrusu, mən ürkmüşəm bəzi sözündən sənin....
Vermərəm artıq salam, ay bərəkallah sənə!

Heyf qapanmış sənin dideyi-həqbinlərin,
Mənzilinə yığmısan partretin cinlərin,
Gözlərinə çarpmayir yoxsa bu bidinlərin
Surəti hər sübhü şam, ay bərəkallah sənə!

Əqlin azıb, ay yazıq, boşlamısan karını,
Cümlə dəyişdirmisən kürkünü, paltarını,
Çəkmə, qaloş geymisən, pozmusan ətvarını,
"Felükə felülhəram", ay bərəkallah sənə!
Ağzına olsun qadam, ay bərəkallah sənə!
XS
SM
MD
LG