Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:08

Müxalif tələbə universitetdən qovulmaq təhlükəsində


Azerbaijan –anti-government slogans on walls in Gedebey – 06Apr2011
Azerbaijan –anti-government slogans on walls in Gedebey – 06Apr2011
GƏDƏBƏYDƏ AZADLIQ ŞÜARLARI

Bu səhər Gədəbəy rayonunda işə gedənlər küçələrdə «Demokratiya! Azadlıq!», «Azad mətbuat», «Diktaturaya son», «İndependent court», «İlham istefa» kimi yazılara rast gəliblər. Amma artıq günortaya həmin yazıların üstü rənglənib. Şüarlar oxunmaz olub.

Bu haqda AzadlıqRadiosuna rayon sakini Mehman Əliyev məlumat verib.

«GECƏ GİZLİN ŞÜAR YAZIB, QAÇIB GİZLƏNMƏK DEMOKRATİYA DEYİL»


Gədəbəy Rayon Polis İdarəsinin rəis müavini Bəhmən Məmmədov isə deyir ki, bu olayla bağlı polisə heç kim gətirilməyib:

«O, divar şüar yazılmaq üçün nəzərdə tutulmayıb. O şüar divara niyə yazılmalıydı? Yazılıbsa pozulması da təbiidir. Şüar üçün azad mətbuat var. Gecə gizlin şüar yazıb, qaçıb gizlənmək demokratiya deyil»

BÖLGƏLƏRDƏ POLİS TƏZYİQİ


Bölgələrdən başqa oxşar məlumatlar da çatdıraq. İctimai Palatanın aksiyasından sonra bölgələrdən təzyiqlər, təqiblərlə bağlı xəbərlər gəlir. Müxalifət partiyalarının üzvləri polisə çağırıldıqlarını, onlara hədə-qorxu gəlindiyini bildirirlər.

Məsələn, Neftçaladan Müsavat Partiyası üzvü Abbasağa Şəkiyev deyir ki, 2 aprel mitinqindən sonra altı gənci polisə çağırıblar. Onların aksiyada iştirak etmələrinin səbəbi ilə maraqlanıblar.

Müsavat Partiyası Ağcabədi rayon təşkilatındansa deyirlər ki, onların üzvlərinə, hətta keçmiş üzvlərinə də təzyiqlər var. Onlara partiyadan çıxmaları təklif olunur.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə isə müxalifətçilərə təzyiqlərlə bağlı deyilənləri təkzib etdi.

Cavid Mehrəliyev çıxış edərkən
«BUNLARIN MƏQSƏDİ ODUR Kİ, MƏNİ UNİVERSİTETDƏN QOVDURSUNLAR»


Bakı Dövlət Universitetinin müxalifətçi tələbəsi Cavid Mehrəliyev də təzyiqlərlə üzləşdiyini iddia edir.

Tələbə söhbətə ondan başlayır ki, son aksiyadan sonra üç gün ac-susuz saxlanma kamerasında qalıb.

«ə anamla görüşə icazə verdilər, nə vəkillə. Bizi pis halda saxlayırdılar. Havasızlıq idi, psixoloji təzyiq edirdilər. Ac saxladılar. İstəyirdilər ifadə verim ki, 23 avtomobilə ziyan vurmuşam, avtobusun şüşələrini sındırmışam, polis vurmuşam və sairə... »

Cavid Mehrəliyevin sözlərinə görə, beynəlxalq qurumların bəyanatlarından sonra azad buraxılıb. Amma bu dəfə də prorektor və dekan onu çağırıb sorğu-suala çəkiblər.

«Universitetdə məni danlayırlar ki, sənə demişdik mitinqə getmə, niyə gedirsən. Dedim ki, mən universitetin daxilində çağırış etməmişəm, daxili nizam-intizama əməl etmişəm. Çöldəsə öz işimdir. Müstəntiq kimi sorğu-sual elədilər. Soruşdular ki, niyə mitinqə gedirsiniz? Dedi ki, Amerikanın agentlərisiz- filan. Bu gün də dərsə getdim, dərsdə ola-ola qayıb yazdılar. «Starosta» deyir ki, mənə belə deyiblər. Sonra dekan müaviniylə danışdım. O da eyni cavabı verdi. Bunların məqsədi odur ki, məni universitetdən qovdursunlar».

Cavid Mehrəliyev tarix fakültəsində, üçüncü kursda oxuyur. Dediyinə görə, onu indiyə kimi iki dəfə universitetdən qovublar.

Tələbə Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür.

Bakı Dövlət Universiteti
«158 SAAT QAİBİ VAR, UNİVERSİTETDƏN XARİC OLUNACAQ»


Universitetin tarix fakültəsinin dekanı Sani Hacıyev isə AzadlıqRadiosuna deyilənlərin doğru olmadığını söylədi. O «tələbə dərsə gələ-gələ necə qaib yazmaq olar» deyə sual etdi. Amma tələbə ilə söhbət etdiyini, hətta universitetdən çıxarılma təhlükəsi olduğunu da bildirdi.

«Mən ona izahat verdim ki, fevraldan dərslərə girməmisən, 158 saat qaibin var və buna görə sən xaric olunursan. Özü də etiraf etdi, dedi ki, Türkiyədə olub. Mən ona dedim ki, sən ol mənim yerimə, qaydaları da bilirsən, bu qədər qaiblə səni çıxardacaqlar. Onda da adını belə qoyacaqlar - mitinqdə iştirakına gərə xaric olundu».

Sani Hacıyev deyir ki, Boloniya sisteminin qaydalarına görə, dərslərin 30 faizini buraxan tələbə ya kursda saxlanır, ya da xaric olunur. Dekanın söyləməsinə görə, tələbə iki dəfə kursda qaldığı üçün bu dəfə universitetdən xaric olunacaq.

«Bilmirəm sizə nə deyib, amma mən bunu gözləyirdim. Ona görə bu gün çağırdım. Söhbətimizin mövzusu bu olub. Başqa heç nə. Onu əzbər tanıyıram, hansı partiyanın üzvüdür, nədir... O da universitetin daxili qaydalarını pozmur, partiya təbliğatı aparmır deyə onunla problemim yoxdur. Problemi özü-özünə yaradır. Özü də tək bu il yox. Keçən il də belə olub, inişil də».

Zəfər Quliyev
«BU NƏ MƏNƏVİYYATA SIĞIR, NƏ MENTALİTETƏ, NƏ DƏ XXI ƏSRİN TƏLƏBLƏRİNƏ... »


Bunu siyasi analitik Zəfər Quliyev deyir. Onun fikrincə, yeni heç nə baş vermir.

«2003-ü, 2005-i xatırlamaq olar. Hər dəfə müxalifət hərəkətə gələndə hakimiyyət bu cür mübarizəyə, təbliğata başlayır».
Ekspertin fikrincə, bu üsullar artıq köhnəlib:

«Amma totalitar rejimlər yenə də müxalifətçiləri, onların ailə üzvlərini hədəfə götürür, onları liderlərinə qarşı qoyur».

Zəfər Quliyevə görə, hakimiyyət bu siyasəti dəyişə, dialoqa gedə, islahatlara başlaya bilərdi. Amma bunu bacarmır.
XS
SM
MD
LG