Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:46

TÜRKCƏ “TƏMSILAT”I TƏRCÜMƏ EDƏN TEHRAN SAKINI MIRZƏ MƏHƏMMƏD CƏFƏRƏ


Mirzə Fətəli Axundov

TÜRKCƏ “TƏMSILAT”I TƏRCÜMƏ EDƏN TEHRAN
SAKINI MIRZƏ MƏHƏMMƏD CƏFƏRƏ

Əziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü
uzun eləsin!

Şirin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına
səbəb oldu.

Əvvəla, sizdən bir xahişim vardır: əzəmətli ağam cənab Mirzə
Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadxah
şahzadə nəvvab-əşrəf-əmcəd, sərkar Cəlaləddin Mirzə hal-hazırda
xəstədir. Bu xəbər məni çox-çox kədərləndirdi. Xahiş edirəm ki, valahəzrət
şahzadənin xəstəliyinin nədən ibarət olması haqqında tezliklə
mənə mə’lumat verəsiniz ki, həyəcan və nigarançılığım aradan getsin.
Mənim bədbəxtliyimdəndir ki, bütün Iranda özümə bir nəfər sirdaş
tapmışdım, o da dostluğumuzun lap başlanğıcında xəstələndi.
Ikincisi isə, sizin mişksaçan qələminizə afərin, yüz afərin olsun ki,
“Molla Ibrahim Xəlil”i əslinə tamamilə uyğun və çox-çox gözəl tərcümə
etmişsiniz. Tərcümədə qətiyyən oriæinaldan kənara çıxılmamışdır.
Tərcümənin də əsas şərti budur ki, onda oriæinaldan nə artıq, nə də
əskik bir şey olsun. Bundan yaxşı, bundan yüksək tərcümə ola bilməz.
Tərcüməni mütləq çap etdirməyə çalışın!

Şəklimi həmin məktubla bərabər sizə göndərirəm. Əsərin tamaşalarında
iştirak edən bütün personaæların şəkillərini də hər bir əsərdə
çap etdirə bilsəydiniz, həqiqətdə misilsiz bir hədiyyə olar və kitablar
başqa bir gözəlliyə malik olardı.

Başqa əsərlərin tərcüməsini artıq Tiflisə göndərmək lazım deyildir.
Vaxtınızı itirməyin, hamısını birbaş çap etdirin! Mənim sizin qələminizə
böyük inam və e’tibarım vardır. Hər bir əsər çapdan çıxdıqdan
sonra 3-4 nüsxə mənə hədiyyə göndərin!
“Georq Klifford” sözlərinin mə’nasını soruşmuşsunuz. Deməliyəm
ki, bunlar hər ikisi bir nəfər əmirin adıdır, bir şəxsin adıdır...
Yə’ni Kliffordoğlu Georq. Necə ki, ərəblərdə Sə’d ibn-Vəqqas, Ömər
ibn-Sə’d və Əmr ibn-As əvəzinə – Sə’d-e Vəqqas, Ömər-ə Sə’d
Əmr-e As yazmaq mə’lumdur. Cümlənin mə’nası cəhətdən cənab
Linneyin hamisi olan Georq ibn-Klifforddan yüksək və əzəmətli olacaqdır”.
O ki qaldı “qığılcım” kəlməsi, türkcə qığılcım ən kiçik od şərarələrinə
deyilir. Farsca “əbizə”, “xədrə” və “sitarəçə” deməkdir.

Siz necə qaradağlısınız ki, bu kəlmənin mə’nasını bilmirsiniz?
Mən özüm bu kəlməni Qaradağda öyrənmişəm. Mən yeddi yaşımdan
12 yaşıma qədər Qaradağda Horand kəndində, sonra Vəlibəyli obasında
Ünküt eli içərisində yaşamışam. Paskeviçlə Naibüssəltənə1 arasında
başlanan müharibədən bir il əvvəl Arazın bu tayına – rus torpağına
keçib gəlmişəm.

“Həkim çullu” isə “biyabani” (çöllü) demək deyildir. Çul türk dilində
atın belinə salınana deyirlər. Rəvayətə görə, 90 il bundan əvvəl,
dərviştəbiətli bir həkim səyahət məqsədilə Irandan Nuxaya gəlmiş və
bir müddət bu şəhərdə qalmışdı. Onun təbabətdə və bir sıra qəribə
elmlərdə, guya, tam məharəti varmış. Onun adı bu şəhərdə və onun
ətrafında məşhurdur. Həmişə çula büründüyünə görə “Çullu həkim”
adı ilə şöhrət tapmışdır. Yə’ni çul və ya kəpənək geyinən həkim. Nuxa
camaatı hələ bu günə qədər həmin həkimi kimya sirlərini bilən bir
adam kimi zənn edirlər.

Üçüncüsü – əziz qardaşım! “Kəmalüddövlə məktubları” barədə
qeyd etmişsiniz ki, onları hələ oxumamışsınız. Pəs haradan bilirsiniz
ki, bədxahlıq məqsədilə yazılmışdır? Burada bədxahlıq yoxdur. Ancaq
irad tutmaq və tənqid vardır. Bu isə çox böyük bir məsələdir. Onun
izahı üçün uzun-uzadı danışmaq lazım gəlir. Əlbəttə, belə bir izahat bu
məktuba sığışmaz. Ona görə də qısaca yazıram ki, siz gərək tənqidin
şərtlərindən xəbərdar olasınız ki, bu məsələdən də baş çıxara biləsiniz.
Irad tutulmadan istehzasız, məzəmmətsiz və məsxərəsiz tənqidi
əsər yazıla bilməz. “Kəmalüddövlə məktubları” moizə, nəsihət deyil,
tənqiddir. Insanlar pis əməllərə adət etdiyi bir halda, tənqid vasitəsilə
olmayıb, moizə, nəsihət və ata məhəbbəti tərzində yazılan bir əsərin
bəşər təbiətinə heç bir tə’siri olmayacaqdır.

Insanların təbiəti moizə və nəsihətləri oxuyub, dinləməyə nifrət
edir. Halbuki insanlar tənqidi əsər oxumağa həmişə həvəskar olurlar.
Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyati
dəlillər sübut etmişdir ki, tənqid, istehza və məsxərədən başqa, pis və
yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə məhv etmək
olmaz. Əgər nəsihət və moizənin insanlara tə’siri olsaydı, mərhum
Şeyx Sə’dinin “Gülüstan” və “Bustan” əsərləri əvvəldən-axıra qədər
nəsihətdir. Pəs nə üçün Iran camaatı 600 ildən bəri onları oxuyur, lakin
oradakı nəsihət və moizələrə əsla əhəmiyyət vermir?! Nəticədə isə
zülm və istibdad gündən-günə artır ki, əskilməyir.
Nə isə, biz bu barədə mübahisəyə girişməməliyik. Əgər mübahisəyə
başlasaq, heç bir şübhə ola bilməz ki, siz məğlub olarsınız. Tənqid
fənni islam ədəbiyyatında bu günə qədər hələ tətbiq edilməmişdir.
Məhz buna görə də siz bu kimi əsərlərdən tez qorxuya düşürsünüz.
Nəhayət, xalqı tərbiyələndirmək, həmməzhəblərimizin əxlaqını saflaşdırıb
islah etmək, dövləti nizam-intizama salıb, onun əmrlərinin və qadağan etdiyi işlər haqqındakı hökmlərinin tə’sirini artırmaq üçün
tənqiddən faydalı heç bir vasitə ola bilməz.
Kəmalüddövlə vaiz və nəsihətçi deyil. O, tənqidçidir. Əgər o, vaiz
və nəsihətçi olsaydı, ona da Molla Məhəmməd Rəfi Vaizi-Qəzvini
kimi baxardılar. Əsərləri də Molla Rəfinin yazdığı “Əbvabül-cinan”
kimi duzsuz, tamsız, ləzzətsiz çıxardı. Elə bir adam tapa bilərmisiniz
ki, “Əbvabül-cinanı” öz meyli ilə kəsalətsiz oxumuş olsun? Kitabının
adından belə adamın zəhləsi gedir.

Lakin, Kəmalüddövlənin məktubları bir şəxsin əlinə keçərsə,
yeyib-yatmağı özünə haram edərək, bulaq başına çatan susuz bir adam
kimi onları oxuyacaq və onların mətləblərini anlamağa, onlardan ibrət
almağa və bilik əldə etməyə çalışacaqdır. Oxuduqdan sonra istər-istəməz
belə bir qərara gələcəkdir ki, tənqidçinin pislədiyi hər bir əməldən
uzaqlaşmaq və tə’rif etdiyi əməlləri mütləq icra etmək lazımdır.
Indi görün, nəsihətlə tənqid və nəsihətçi ilə tənqidçi arasında nə
qədər böyük fərq vardır! Tənqidin moizə və nəsihətdən bu qədər
üstün olmasının səbəbi nədir? Tənqidi əsəri susamaq ehtirasına oxşar
bir həvəslə oxumaq meyli haradan doğulubdur? Bu üstünlüyün səbəbi
odur ki, tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yazılır. Buna
görə də tənqidin oxunuşuna bu qədər böyük həvəs vardır. Bu elə bir
gizli sirdir ki, onu Avropa alimləri kəşf edə bilmişlər. Mənim xalqım
bu sirdən hələ də xəbərsizdir. Əgər inşallah, Kəmalüddövlənin məktubları
nəşr edilərsə, mənim xalqım da tərbiyə və mə’rifət meydanına
qədəm qoyar. Deməliyəm ki, mənim xalqımın fitri iste’dadı Avropa
xalqlarının fitri iste’dadından qat-qat artıqdır.
Tənqidin moizə və nəsihətdən üstünlüyünü sübut edən ən parlaq
misal sizin gözünüz qarşısındadır. Nə üçün uzağa gedək? Fərz edək ki,
bir vaiz nəsihətçi ata məhəbbəti şivəsində bir kitab yazaraq, kimyanın
həyatda mövcud olmadığını xalqa anlatmaq istəmişdir. Digər tərəfdən
isə başqa bir şəxs ortaya çıxmış və “kimya yoxdur və ya kimyanın olduğuna
inanmaq olmaz”, – sözlərini dilinə belə gətirmədən ancaq tənqid və
istehza məqsədi ilə “Molla Ibrahim Xəlil” hekayətini yazaraq, xalq
arasında yaymışdır. Indi deyin görək, bu iki növ əsərdən hansının insanların
təbiətindəki tə’siri üstün və aşkardır? Söz yox ki, “Molla Ibrahim
Xəlil” hekayətinin! Çünki bu əsər tənqid və istehza üsulu ilə yazılmışdır.
Tənqidin nəsihətdən başqa bir fərqi də vardır. O da bundan ibarətdir
ki, müasir adamların və gələcək nəsillərin əxlaq və tərbiyəsini islah
etmək işində nəsihətin qətiyyən tə’siri yoxdur. Halbuki tənqid
müasir insanların əxlaq və tərbiyəsinin islahı və təkamülündə tə’sirsiz
qalmadığı kimi, gələcək nəsillərin əxlaqı və tərbiyəsinin islah və təkamülündə
də tam tə’siri vardır. Bu cəhətdən o, arzu edilən nəticəni
verə bilər. Bu mətləbin də geniş şərh və izaha ehtiyacı vardır. Bu
sözün haqq olmasına dair Avropa alimləri geniş fikirlər söyləyib, əsərlər
yazmışlar. Avropa dövlətləri isə milyonlarla pul sərf edib, hər bir
böyük şəhərdə teatr adı ilə əzəmətli binalar tikdirmişlər ki, qadınlar və
kişilər oraya yığışaraq, öz həmvətənləri haqqında tənqid və istehza ilə
yazılmış əsərlərə qulaq assınlar və məsxərəyə qoyulanların vəziyyətini
görüb, onlardan ibrət alsınlar. Çünki onlar başa düşmüşlər ki,
moizə və nəsihətin insan vaxtını zay etmək və insana kəsalət gətirməkdən
başqa faydası yoxdur.

Siz Kəmalüddövlədən ata nəsihətləri eşitmək təmənnasında olmayın!
Birdəfəlik bilin ki, nəsihət və moizə istər ata məhəbbəti ilə olsun,
istərsə də cəhənnəm qorxusu və buna oxşar başqa təhdidlər altında
söylənilsin, fərqi yoxdur, insan təbiətinə heç bir tə’sir edə bilməz.
Bütün oğrular, yolkəsənlər, qatillər, zalimlər, müstəbidlər, fırıldaqçılar
– hamısı cəhənnəmin vəsfini dönə-dönə eşitmişlər, moizələrə
və nəsihətlərə az-çox qulaq asmışlar. Lakin bununla belə, yenə
də öz pis əməlləri və xasiyyətlərindən əl çəkməmişlər.
Amma insanları öz tay-tuşları, tanış və dostları yanında rüsvay etməyə
səbəb olan tənqid, istehza və məsxərə onları pis əməllərdən çəkindirir.
Əgər bir şəxs sizinlə mübahisəyə girişib, bunun əksini iddia
edərsə, onun dəlillərini mənə bildirin ki, Avropanın ən məşhur filosoflarının
əsərlərinə istinad edərək, ona elə dəlilli, sübutlu bir cavab
verim ki, bütün iddiaları alt-üst olsun.
Kəmalüddövlənin tənqidindən nə üçün inciyək gərək? Kəmalüddövlə
yad adam deyildir. O, bizim həmməzhəbimiz, həmvətənimizdir.
O, öz xalqımızın oğludur, o, elə bir qardaşımızdır ki, öz doğma qardaşlarının
əxlaq və əməllərini rişxəndə, istehzaya tutur.

Dördüncüsü – siz yeni əlifbanın surətini istəmişdiniz. Bildirməliyəm
ki, hələ lap əvvəllərdə mən yeni əlifba layihəsini bir növ tərtib
etmişdim ki, bütün nöqtələr düşüb və sait hərflər, yə’ni e’rab, samit
hərflərin yanında bitişik yazılırdı. Sonra cənab Ruhül-qüds başqa bir
layihə düzəltmişdir ki, kəlmələrin tərkibində hərflərin bitişik yazılması
da ləğv edilir və kəlmələr fasilədən və ayrı-ayrı yazılan hərflərlə yazılır.
Bütün nöqtələr atılır və saitlərin hamısı Avropa xalqlarının
əlifbası kimi samit hərflər sırasına daxil edilir. Doğrudan da Ruhülqüdsün
əlifbası mənim tərtib etdiyim əlifbadan çox-çox asandır. Buna
görə də mən onun razılığı və məsləhəti ilə, onun tərtib etdiyi layihədə
bə’zi dəyişikliklər əmələ gətirdikdən sonra hərflərin nümunəsini
Maarif Nazirliyinə göndərmişəm və yazmışam ki, ya Ruhül-qüdsün
bu əlifbasını qəbul etsinlər, ya da bu şərtlər əsasında bəyəndikləri şəkilləri
daxil etməklə, başqa bir əlifba düzəldərək onu həyata tətbiq etsinlər.
Beləliklə də, mənim yanımda Ruhül-qüdsün əlifbasının surəti
qalmamışdır ki, üzünü çıxardıb sizə göndərim. Mənim keçmişdə düzəltdiyim
əlifbanın surəti də qalmamışdır. Əgər istəsəniz, orada Maarif
Nazirliyinə müraciət edib, həm mənim keçmiş əlifbamı, həm də
Ruhül-qüdsün tərtib etdiyi yeni əlifbanın surətlərini alaraq, hər ikisini
oxuya bilərsiniz.
Sizdən xahiş edirəm ki, cənab Ruhül-qüdsün yeni əlifbası və onun
lüzumuna dair yazmış olduğu kitabçanı hörmətli Mirzə Yusif xandan
alıb oxuyasınız. O zaman başa düşərsiniz ki, 15 milyonluq Iran əhalisi
arasında nə üçün heç olmazsa, yarım milyon savadlı adam yoxdur.
Lakin Avropa ölkələrində bütün xalq savadlıdır.
Xahiş edirəm, mənə hərdənbir məktub yazasınız. Mən də sizi maraqlandıran
məsələlər haqqında sizə yazıb, mə’lumat verəcəyəm.
Bir də öz məktubunuzda cənab Ruhül-qüdsdən bərk incidiyinizi
bildirmişsiniz ki, nə üçün o, yazılarını e’tiraz və istehza ilə yazıb,
lazım idi ki, çox mülayim şəkildə, yə’ni vaiz və nəsihətçi kimi yazaydı.
Doğrudur, cənab Ruhül-qüdsün bütün yazıları və kitabçaları Kəmalüddövlənin
məktubları kimi tənqid şəklində yazılmışdır. Məhz
buna görədir ki, bütün savadlı insanlar onları vəsfəgəlməz şövq və
zövqlə oxuyurlar. Siz istəyirsiniz ki, Ruhül-qüds sizin üçün e’tirazsız,
məsxərəsiz, şirin moizələr və ata nəsihətləri yazaydı ki, təsadüfən əlinizə
keçəndə də, məhəl qoymadan otağın bir küncünə tullayaydınız.
Beləliklə də, məzmununu bir kimsə eşidib-bilmədən kağızı çürüyüb
tələf olaydı?
Pəh-pəh, əcəb zövq və səliqə sahibisiniz!.. Xeyr, belə deyil. Mən
güman edirəm ki, siz moizə və nəsihəti tənqiddən üstün tutan bir zövq
və səliqəyə malik deyilsiniz.
*Cənab Ruhül-qüds bir yerdə yazır: “Ingiltərə hökuməti istəyir
Sistanı alıb Əfqanıstana ilhaq etsin. Məşvərət məclisində Iran vəzirləri deyirlər:
“Bu işin çarəsi yalnız ondan ibarətdir ki, Ingiltərə səfirliyinin
mütərcimi Mirzə Ağa Xoylu ilə aranı sazlayaq”.
Sizin səliqənizə görə, bu mətləbi necə demək lazımdır ki, həm nəsihətamiz
olsun, həm də Iran vəzirlərinin əhvalını bu qədər fikir aydınlığı,
ifadə gözəlliyi və ləzzətlə bəyan etmiş olsun. Iran vəzirlərinə
bu sözləri isnad etmək, əlbəttə, böhtan və iftiradır, lakin onlardan bə’-
zən elə əməllər baş verir ki, Ruhül-qüdsün nöqteyi-nəzərincə, guya
onlar bu ağılda və şüurdadırlar. Bu sözlərdən onların qabiliyyəti hər
bir oxucuya mə’lum olur2.
Nə isə, Ruhül-qüds və Kəmalüddövlə – hər ikisi əsərlərini nə cür
yazmaq lazım gəldiyini çox gözəl bilirlər.
Sə’dinin və Molla Rəfi Vaizi-Qəzvininin dövrü keçmişdir. Əsrimiz
başqa əsrdir. Məktubumuzda yazdığımız kimi, nəsihətləri və moizələri
dinləyərək, onlara əməl edəcəyinizi iddia etməyin! Kəmalüddövlə
və Ruhül-qüds hər ikisi bilirlər ki, insan cəmiyyəti uşaqlıq dövründən
keçib, kamal dövrünə çatdıqdan sonra bu cür iddialar, bəşər təbiətinə
müxalif olan iddialar sayılır.

Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı.

15 məhərrəm, hicri 1283-cü il [25.III.1871-ci il]
Tiflisdə
XS
SM
MD
LG