Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:24

Ramiz Rövşən: "Bu gün iqtidarla müxalifəti birləşdirən qəribə bir məqam var"


Simsar.az saytı şair Ramiz Rövşəndən müsahibə alıb, amma saytın "Onlara sualı siz verin" adlı rubrikasında qonaqlara sualları redaktorlar, yazarlar verirlər...


1. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: Çağdaş Azərbaycan ədəbiyyatında müharibə mövzusunda yazılan yazıların səviyyəsi sizi qane edirmi?

- Ən azı Böyük Vətən Müharibəsindən (1941-1945) sonra bizim poeziyamızda müharibə mövzusunda, bəlkə də, bütün dünya poeziyasında misli-bərabəri az tapılan bir çox gözəl və təsirli şeirlər yazılıb.

Təəssüf ki, bu gün Qarabağ müharibəsi mövzusunda yazılan şeirlərdə ya ritorika, yalançı pafos güclüdü, ya da əksinə, sızıltı, ağlaşma.

Görünür, Xocalı qırğını kimi az qala bütün insanlıq çərçivələrindən kənara çıxan bu vəhşi müharibənin əsl mahiyyətini və ağırlığını dərk etməyimiz üçün vaxt lazımdır.


"Gündəlik qəzetləri Zamin Hacının köşə yazılarını oxumaqdan başlayıram. Bəzi cızmaqaraçılar kimi roman-filan yazmasa da, onda təkcə jurnalist yox, həm də yazıçı gücü var. Hadisələrə sanki arxa qapıdan yol tapır"
Vaxt özüylə hər şeyi gətirəcək.

O cümlədən, bu mövzuda yazılan bədii əsərləri də. Bir də ki, Qarabağ müharibəsi hələ bitməyib və bu mövzudakı əsərlərin hansı ruhda yazılacağı bizim bu müharibədən necə çıxacağımızdan çox asılıdı.

2. “Xalq cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova: Oxucularınız ilə ünsiyyətiniz niyə zəifdir?


- Hər bir şairin öz oxucularıyla ünsiyyəti hər şeydən əvvəl onun şeirləri vasitəsiylə olmalıdı.

Əgər bu gün mənim şeirlərimi Bakıdan Təbrizəcən əzbər bilən minlərlə adam varsa, deməli əksinə, oxucularımla ünsiyyətim çox güclüdür.

Əgər bunu deyəndə, siz şəxsi ünsiyyəti nəzərdə tutursunuzsa, yeddidən yetmiş yeddiyəcən müxtəlif yaşlı oxucularımla şəxsi görüşlərim də çox olur.

3. “Mərkəz” qəzetinin redaktoru Nicat Sadıxlı: Xocalı faciəsi zamanı ermənilər tərəfindən qəddarlıqla öldürülən, işgəncələrə məruz qalan uşaqların həyatına dair şeirlər niyə yoxdur və Xocalı ilə bağlı kino ssenarilərinin və dram əsərlərinin yazılmaması nə ilə bağlıdır?


- Bir millət kimi bizim üçün Xocalı təkcə faciə deyil, həm də təhqirdir. Ondan yazanda adam çox böyük sarsıntı keçirir.

Xocalı ilə bağlı mənim də şeirlərim var. Amma bu gün daha vacib olanı Xocalı faciəsinin şahidlərini danışdırmaq, onları lentə çəkmək, bu dəhşətli faktları tarix üçün saxlamaqdır.

Yəni, Xocalı faciəsi ilə bağlı sənət əsərlərindən daha vacib o faciəni sənədləşdirməkdir. Şeirlər, poemalar gec-tez yazılacaq, amma o canlı şahidlər gedəndən sonra o faciəni sənədləşdirmək, o cinayətləri sübut etmək çox çətin olacaq.

4. “Üç nöqtə” qəzetinin redaktoru Babək Göyüş: Bu il 65 yaşı tamam olmuş Ramiz Rövşən, heç 65 dəfə özünü dünyaya gəldiyinə görə qınayıbmı?


- “Bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi”. Məncə, sualın cavabı hələ lap cavanlıqda yazdığım bu misralarda var. Və misraların populyarlığı da onu göstərir ki, bu hiss təkcə mənim yox, çoxlarının ürəyindən keçib.

5. “Ədalət” qəzetinin redaktoru Əbülfət Mədətoğlu: Bu günün Ramiz Rövşəni 70-ci illərin Ramiz Rövşəni ilə rastlaşsaydı öncə ondan hansı suala cavab istəyərdi?

- Əgər rastlaşsaydıq, 70-ci illərin Ramiz Rövşəni yəqin məni tanımazdı. Çünki ən azı zahirən çox dəyişmişəm.

70-ci illərdəki Ramiz Rövşənin çox böyük iddiaları və ümidləri vardı. Onların bir xeylisini yerinə yetirə bilmədim.

Bunda təbii ki, yaşadığım həyatın da rolu oldu. Məncə, öz yaradıcılıq imkanlarımın böyük bir hissəsini hələ reallaşdıra bilməmişəm.

Hər halda, bu günəcən yazmadıqlarım yazdıqlarımdan qat-qat çoxdu.

6. “Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu: “Milyonçular ölkəsi, dilənçilər vətəni”nin qara ləkəsi nə zaman silinəcək?

- Dilənçilik təkcə maddi anlamda başa düşülməməlidir. Görünür, neft Tanrının bizə verdiyi bəxşişdən daha çox qarğışdı.

Neft bizi qəribə bir şəkildə tüfeyliləşdirib. Həm dövlət, həm də millət kimi bizdə neftə həddən artıq arxayınçılıq var.

Neft qurtarandan sonra biz xoşbəxt olacağıq, ya yox, bunu zaman göstərəcək. Amma biz nəyik, nəyə qadirik, bunu ancaq neft tükənəndən sonra biləcəyik.

Odur ki, indidən neftsiz yaşamaq haqqında düşünmək lazımdır.

7. “Bizim Yol” qəzetinin redaktoru Pərviz Həşimli: Əvvəlki Ramiz Rövşənlə bugünki Ramiz Rövşən arasında fərq nədədir?

- Zahiri fərq göz qabağındadır. Daxili fərq o qədər də yoxdur. Əvvələr insanlara qarşı daha maksimalist idim. Sonra gördüm ki, insanlara qarşı bu qədər maksimalist olsan gərək bayquş olasan. İnsanları olduğu kimi qəbul etmək lazımdır. Bütün eyibləri və zəiflikləriylə birgə.

8. “Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağı: Sizi cəmiyyət, həmçinin oxucularınız Müsavat Partiyasının üzvü kimi qəbul edir. Halbuki bildiyimiz qədəri ilə siz müsavatçı olmamısınız.

Amma həmişə mitinqlərdə iştirak etmisiniz. Bu girişi verməkdə isə məqsədim odur ki, siyasi proseslərin gedişini bir sənət adamı kimi çox gözəl anlayırsınız. Bu mənada ərəb ölkələrində baş verən inqilablar sizə nə deyir? İnsanlar azad olmaq istəyir, yoxsa hamı kortəbii axın istiqamətinə yönəlib.


- Mən ömrüm boyu heç bir partiyanın üzvü olmamışam. Amma Müsavat ideologiyasına çox böyük hörmətim var.

Dostum Cavanşir Quliyevlə birgə Müsavatın himnini də yazmışıq.

Yeri gəlmişkən, böyük Məmməd Əmin Rəsulzadənin yaratdığı bu ən qədim Azərbaycan partiyasının bu il 100 yaşı tamam olur.

Məncə, bu tarixi yubiley yalnız bir partiya və ya müxalifət çərçivəsində deyil, dövlət səviyyəsində qeyd olunmalıdır. Bunun belə olması hakimiyyətə ancaq başucalığı gətirərdi.

Ərəb ölkələrində gedən proseslərin isə təbii tərəfləri də var, siyasi tərəfləri də.

Texnologiyanın bu qədər inkişaf etdiyi bir zəmanədə diktatura rejimlərinin mövcudluğu artıq mümkün deyil.

Diktatura rejimlərinin əsas şərtlərindən biri informasiyanın bir mənbəli olmasıdır.

Əgər informasiya ən azı iki mənbəlidirsə, artıq orada total ideologiya yeritmək, total düşüncə formalaşdırmaq mümkün deyil.

İndisə insanlar yüz yerdən informasiya alır. Ərəb ölkələrində baş verən proseslər gözlənilməz sonluqlarla nəticələnə bilər. Bütün inqilabların iki tərəfi var.

Müsbət, yəni qurucu və mənfi, yəni dağıdıcı tərəfi. “Bu proseslərdə Amerikanın barmağı var” deyənlər də bəlkə müəyyən qədər haqlıdır. Amma ərəb dünyasında gedən bu proseslər məncə Amerikanın özü üçün də gözlənilməz sonluqlara gedib çıxa bilər.

Amma artıq hamıya aydın olan budur ki, bu cür hakimiyyət modeli davamlı və yaşarı deyilmiş.

Tərif və tərənnümlə, heykəl və plakatlarla əbədiliyi qazanmaq mümkün deyil. Zaman gəlir və o rejimlər dağılmağa məhkum olur. Niyə?

Ona görə ki, kökündə səmimiyyət dayanmır. Sovet rejimi niyə dağıldı?

Çünki üzdə deyilənlərlə içdə yaşananlar üst-üstə düşmürdü. Istənilən halda, bu proseslər islam dünyasında müəyyən dəyişikliklərə gətirib çıxaracaq.

Köhnə model dəyişir, yenisi nə olacaq, onu biz sonra görəcəyik.

Amma hər bir totalitar ölkə üçün belə hadisələrin bir müsbət tərəfi də ondadır ki, daşlaşmış mənzərə dəyişir, cəmiyyət ölü nöqtədən tərpənib hərəkətə gəlir. Bu həm də başqaları üçün bir xəbərdarlıqdır.

9. “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan: Fikir adamı olaraq Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini qənaətbəxş sayırsınızmı? Jurnalist fəaliyyətinə görə həbs olunan mətbuat işçilərinin məhkəməsində olmusunuzmu?

- Məndən ötrü “söz azadlığı” məfhumu ikibaşlıdır. Həm sözü yazanın, həm də yazılan sözün azadlığı. Şayiədən, yalandan, böhtandan... Təəssüf ki, bu gün bizdə “söz azadlığı”nın hər iki başı problemlidir.

Gündəlik qəzetləri Zamin Hacının köşə yazılarını oxumaqdan başlayıram. Bəzi cızmaqaraçılar kimi roman-filan yazmasa da, onda təkcə jurnalist yox, həm də yazıçı gücü var.

Hadisələrə sanki arxa qapıdan yol tapır, hamıya məlum olan şeylərin tamamilə fərqli və gözlənilməz tərəflərin göstərir.

Çox güclü də ironiyası var. Bu isə heç də hər qələm sahibinə xas olan keyfiyyət deyil.
Vaxtilə olmuşam məhkəmələrdə.

Həbslərin çoxu qurama təsiri bağışlayır.

Bunu qəti surətdə pisləyirəm. Sözə görə jurnalistləri həbs etmək olmaz.

Mətbuatda bir çox naqisliklərin olmağına, bəzi qələm dostlarımın və mənim özümün də ünvanıma məqsədli şəkildə təhqiramiz, yalan, şər və böhtan dolu cızmaqaraların getməsinə baxmayaraq, təzədən köhnə senzuranı bərpa edib mətbuatı guya abıra salmaq istəyənlərin də qəti əleyhinəyəm.

Çünki senzura Təpəgöz kimi bir şeydir.

Get-gedə iştahı artacaq və təkcə pisi yox, yaxşını da basıb yeyəcək.

10. Simsar.az saytı “Onlara sualı siz verin” layihəsinin müəllifi Aynurə Həsənova: “Mən iyrənib susa bilərəm. Bəzən elə mühit yaranır ki, iqtidarlı, müxalifətli bunun siyasi fərqi yoxdu, insanı iyrəndirə bilər”. O mühitin adı nədi?


- Mənim ən çox iyrəndiyim şey səmimiyyətin olmamasıdır.

Qəribədi, mən bir vaxt bu sözü deyəndə ad-zad çəkməsəm də, elə məni iyrəndirənlərin bəziləri öz paylarını götürüb ordan-burdan dingildəndilər.

Bilirsiz, bu gün Azərbaycanda barmaqla sayılan bir ziyalı təbəqəsi var.

Son on beş ildə ictimai rəydə bu təbəqəni vurub hörmətdən salmaq, bu adamlara qarşı şübhə oyatmaq cəhdi görürəm.

Bu gün iqtidarla müxalifəti birləşdirən qəribə bir məqam var.

İqtidardakı guya ən qatı hakimiyyət keşikçisi olan, hakimiyyəti qorumaq istəyən bir təbəqə ilə, yəni, iqtidarın ən mürtəce qanadı ilə müxalifətin guya bu iqtidara qarşı ən qəti mübarizə aparan, ən çığırqan və qaraguruhçu qanadını Azərbaycan ziyalısına olan nifrət hissi birləşdirir.

Hər milləti savaba çıxaran insanlar var və o cür insanlara bu cür naqis münasibət bəsləməklə, sənətkara “sev məni, sevim səni” prinsipilə yanaşmaqla bu ölkəni xoşbəxt etmək olmaz.

Aynurə Həsənova
simsar.az
XS
SM
MD
LG