Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Kamil Əfsəroğlu. Xəzri (3)


Əvvəli


Dənizdən əsən sərin məltəm sifətimi oxşayırdı, elə bil meh dəryanın sərin suyuyla üz-gözümü yuyurdu. Kirpiklərimdən asılmış ağırlıq çəkilib itmişdi, özümdə xoş bir yüngüllük duyurdum.

Mənimlə bir skamyada yaşlı rus qadın oturmuşdu, başını qaldırmadan, sinninə yaraşmayan bir çevikliklə ilmək vurub corab toxuyurdu. Nazik, uzun millər onun damarları çıxmış barmaqları arasında səssizcə, qəribə bir hənglə tərpəşirdi. Əlini işdən ayırmadan şirin bir ləhçəylə dedi:

- Yaman şirin yatmışdın, oğlum. Yəqin, gecəni yuxusuz qalmısan?

- Hə, qatarda yol gəlmişəm... Kirayə mənzil axtarıram, - ümidsiz-ümidsiz dilimi sürüdüm. Qadın başını heç qaldırmadı da, elə bil bayaqkı sualı verən o deyildi. Fikri toxuduğu corabdaydı. Mən də sürətlə tərpəşən gümüşü millərin hərəkətinə baxırdım. Niyə baxırdım, özüm də bilmirdim. Millərin iti hərəkəti gözlərimi yordu, nəzərlərimi ayırdım.

Hannan-hana qadın dilləndi:

- Aydındır ki, kirayə mənzil axtarırsan. Tələbəsən, durub ev almayacaqsan ki... Özü də birinci kurssan, hə? - çoxbilmişlik elədi.

- Bəli.

Qadın yalnız indi başını qaldırıb, qalın şüşəli eynəyin üstündən məni süzdü. Doğrudan da tələbə olub-olmadığımı yoxlayırmış kimi, başladı sorğu-suala, elə bil imtahan götürürdü. Əslində bu, tələbə həyatımın ilk sınaq imtahanı idi. Qəribə oydu ki, suallar ixtisasıma, yəni filologiya elminə yox, biologiyaya aid idi.

- Heyvanları sevirsən? - yaşlı qadın soruşdu.

- Bəs necə, kənddə qoyun-quzu saxlayırdım, - dedim.

- İt-pişiyi deyirəm.

-Pişik niyə heyvan olur? Onun haqqında tərifə heç nağıllarda da rast gəlməzsiniz. Yeganə faydası siçan tutmaqdı, onu da öz qarnını doyurmaqdan ötrü edir. Amma it sadiq, vəfalı heyvandı. İnsan itləri iyirmi min il bundan əvvəl əhliləşdirib. Nə qədər ağıllı, vəfalı da olsa, itin də it yeri olmalıdı - mənzildə yox, həyətdə.

- Bəs gəmiricilərə, həşəratlara necə baxırsan?

- Lenin burjuaziyaya baxan kimi, - bu dəfə fikrimi obrazlı şəkildə, daha sərt ifadə elədim.

Qadın ta heç nə soruşmadı, deyəsən, aldığı cavablardan razı qalmışdı. Ancaq bu söhbəti niyə saldığının səbəbini hələ də anlaya bilmirdim. Hər halda, nəsə məqsədi vardı, yoxsa boşuna soruşmazdı.

Əlindəki ip yumağını və uzun, nazik milləri tələm-tələsik çantasına dürtdü.

- Hə... Mənim adım Polina Qriqoryevnadı, - dedi, - Şanxayda oluram. Sənnən ötrü bir şey fikirləşərik...

- Şanxayda? - təəccüblə soruşdum.

Qadın güldü.

- Bizim məhlənin adıdı - Şanxay deyirlər, - izah elədi. - Uzaq deyil, Sabunçu vağzalından avtobus işləyir, qabağında yazılır: "Vağzal-Şanxay". 1 nömrəli trolleybus da yaxınnan keçir... Bəri başdan deyirəm, mənzilim böyük deyil, darısqaldı, ancaq təmizdir. Bəyənəcəksən. Ən əsası odur ki, ucuzdu - əsl tələbə malıdı. Qiymət məsələsində dil taparıq, amma xozyayka kimi sənnən bir tələbim olacaq: təmizlik, təmizlik, yenə də təmizlik, çistota, çistota, eşyo raz çistota!..

Mən bayaqkı sorğu-sualın illətini indi anladım. Əslində, bu elə mənim də ürəyimdən xəbər verirdi. "Təmizlik, təmizlik, yenə də təmizlik!" - bu sözləri sadə rus qadın yox, bir siyasət adamı desəydi, şüar eləyib, yapışdırardılar daşa-divara. Məncə, Polina Qriqoryevnanın dedikləri də elə-belə sözlər deyildi və mahiyyətcə Leninin "Oxumaq, oxumaq, yenə də oxumaq" şüarından heç də geri qalmırdı...

Polina xalanın mənzili ikigözlüydü. Deyəsən, əvvəllər birotaqlı olub, sonradan arakəsməylə iki yerə bölüblər. Dəhliz də güllü pərdəylə bölünmüşdü. Pərdənin arxasında qab-qaşıq yığılmış dolab, ikigözlü qaz pilətəsi və qab yumaq üçün su kranı vardı. Balaca "Saratov" soyuducusu isə bəri üzdəydi. Köhnə olduğundan tırıltısı mənzili başına götürürdü. İlk günlər bu tırıltıdan yata bilmirdim, ancaq bir müddətdən sonra alışdım. Özü də elə alışdım ki, işləməyəndə onun səsindən ötrü darıxırdım, nəğmətək şirin gəlirdi mənə.

Qaldığım otaq kiçik idi, kayutanı xatırladırdı: dəmir çarpayı, köhnə paltar dolabı, stol və iki kətil güclə yerləşirdi. Nəfəslikdən azca böyük olan pəncərə otağın yeganə təbii işıq süzgəciydi. Səhərlər günəş dənizin mavi sularından boylanıb dünya-aləmi nura bürüyəndə onun ilıq şəfəqlərindən mənə də azacıq pay düşürdü. Qonşu həyətdə yaşayan şofer Ənnağı yük maşınını axşamdan pəncərəmin önündə saxlayırdı. Nə qədər ki, maşını xoda salıb getmirdi, mən mavi səmanın da üzünə həsrət idim. Hərdən ürəyimdən keçirdi ki, kaş Ənnağının maşınının təkərinə mıx bataydı, həyətə gəlməyəydi. Bax, onda mən də günəşin üfüqdən necə doğduğunu görərdim.

Ənnağının qarasınca Polina xala da mırtdanır, gileylənirdi. Mənim ürəyimdəkiləri dilinə o gətirirdi. Dediyinə görə, kvartirantla xozyaykanın fikirləri az hallarda üst-üstə düşür. Bizimki tuturdu. Polina xala kirənişinin qeydinə qalan ev sahibəsiydi. Əgər yük maşını kirənişinin pəncərəsinin işığını kəsirsə, bu, təbii ki, ev sahibəsini də narahat etməyə bilməz. Həm də ona görə ki, qaranlıq otaqda elektrik işığından daha çox istifadə olunurdu. Hər dəfə işıq qəbzlərini yazıb hazırlayanda mülayim, mehriban qarının qırımı dəyişirdi, donquldanırdı: "Bu şoferlərə elə yaxşı ad qoyublar - yetmiş üçüncü millət", - deyirdi. Maraqlıdır, görəsən, tələbələr neçənci millətdir? Neçənci olur-olsun, əhalinin bu sadə zümrəsinə Polina xalanın xüsusi hörmət bəslədiyi gün təki aydın idi.

Otaq kifayət qədər işıqlı olmadığından, elektrikə qənaət edim deyə, dərslərimi pəncərənin qabağında hazırlayırdım. Buna bəndmiş kimi, tükləri daranmış ağappaq Məstan pişik o üzdən qalxıb otururdu pəncərədə, matdım-matdım mənə baxırdı. Deyəsən, məhləyə təzə gəlmiş kirənişinin pələnglərin qədim əcdadlarına münasibətini anışdırmaq istəyirdi. Mənəcən bu darısqal otaqda kim yaşayıb bilmirəm, onu bilirəm, heyvancığaz çətin ki, məndən nəvaziş görsün. Pişiklərə heç vaxt rəğbətim olmayıb. Bu hisslər məndə lap uşaq vaxtlarından vardı - oğru pişiklərin yumurtadan təzəcə çıxmış cücələri tutub yediyini görəndən sonra. Pəncərənin o üzündən gözlərini üzümə dikmiş ağ pişik həmcinslərinin harada və nə vaxtsa törətdiyi əməllərə görə cavabdeh deyildi. Ancaq hər halda, mənim ona biganəliyimi sezmişdi; belə şeylərə heyvanlar insandan da həssasdı.

Yaman təkəbbürlüyüdü, lovğa pişiyə oxşayırdı. Qəribə baxışı vardı, sanki demək istəyirdi, təzə kirənişin, sən mənə elə-belə, barmaqarası baxma ha. Mən küllüklərdə küllənən sırtıq-sital pişiklərdən deyiləm, yiyəm var...

İstər pişik olsun, istər it, onlara yiyə duran gərəkdi. Yiyəsizlik heyvandan ötrü böyük dərddi.

Pişik, pələnglərin əcdadına biganəliyimi görsə də, özünü o yerə qoymurdu, dorçununu dartıb oturmuşdu. Pəncərədən düşmək fikri yox idi. İstəyir, axşamacan otursun, mənə nə? Beləcə, günlər ötdükcə yavaş-yavaş mən bu mənzərəyə alışırdım. Ancaq alışqanlıq bu heyvan cinsinə olan münasibətimin dəyişməsi demək deyilidi, sadəcə, Məstanı görmürmüş kimi davranırdım. Amma bir yandan da özümü tələbkar müəllimin nəzarəti altında dərs hazırlayan şagird kimi hiss eləyirdim. Bəzən isə elə bilirdim ki, biz siçan-pişik oyunu oynayırıq. Gözlərimi kitabdan ayırıb, başımı qaldıranda pişik üzünü döndərirdi, guya mənim nə işlə məşğul olduğumun ona isti-soyuğu yoxdur, məni görmür. Kitab oxumağımdan çox, yazı yazmağımla maraqlanırdı; qələmin ağ vərəqdə necə sürüşdüyünə oğrun-oğrun baxırdı. Naxış-naxış artıb çoxalan hərflər, sətirlər əməlli-başlı onu əyləndirirdi. Bizim bu oyunumuz demək olar hər gün baş verirdi - səssiz-səmirsiz. Bu səssizliyi kimin pozmağı onun məğlubiyyəti demək idi.

Bir yol miyoltu səsinə başımı qaldırdım, sevincimdən əllərimi bir-birinə sürtdüm. Bu tabsız miyoltu pişiyin məğlubiyyət etirafıydı. Elə bil deyirdi: "Tələbə, səninki gətirdi. Vaxt gələr, mənə işin düşər, məni onda tanıyarsan".

Doğrusu, ağlımın qırağından da keçməzdi ki, nə vaxtsa ağ tüklü, nərmənazik pişiyə işim düşə bilər...

Polina xalanın qəfil qışqırığına yerimdən sıçradım. Titrək fəryada pişik də döyükdü, təlaşla üzümə baxdı. Miyoldadı. Onun bu miyoltusunu anlamaqdan ötrü baş sındırmağa gərək yox idi. Soruşmaq istəyirdi ki, nə baş verib, sənin "xozyaykan" niyə belə fəğan qoparır? Eyni sual məni də düşündürürdü.

Dəhlizə çıxanda gözlərimə inanmadım. Polina xala kətilin üstündə durub titrəyirdi. Dili-dodağı təpimişdi. Sifətinin qanı qaçmış, üzü ağappaq ağarmışdı.

- Arif, sınok! Sənə qurban, kömək elə, pomoqi! - yazıq-yazıq zarıdı.

"Bu yaşda qoca arvad kətilin üstünə necə çıxıb?" - ürəyimdə özüm özümdən soruşdum. Ancaq bundan da vacibi "niyə çıxıb" sualıydı.

Dəhlizin ortasında saytal bir siçovul dayanmışdı, ətürpədən səslə ciyildəyirdi, "onu kətilin üstünə mən çıxartmışam" - demək istəyirdi elə bil. Uzun, nazik bığlarını saymazyana oynadır, Polina xalanın küy-kələyinə məhəl qoymurdu. Məhəl qoymaq bir yana dursun, öz əməlindən həzz alırdı sanki. Deyəsən, həzzdən də çox yaşlı arvaddan qisas alırdı: "Həə, necəsən, qoca bədxah? Adamı kətilə belə dırmaşdırarlar e. Ayağının biri burdadı, o biri gorda, amma əməlindən əl götürmürsən: tələ qurursan, dünya-aləmi zəhərləyirsən. Cavanlıqda nələr eləmisən, onu Allah bilir. Nəslimizi-kökümüzü qırıb tökmüsən. Yadında qalsın: nə qədər qırsanız da, axırımıza çıxa bilməzsiniz, insan gücsüzdür. Bizi də yaradan var, kim yaradıb, o da canımızı alacaq. Biz heç əbədi-əzəli düşmənlərimiz olan pişiklərdən qorxmuruq, qalmışdı insan olsun..."

- İndi payını alarsan, iyrənc məxluq! - dedim. Ağlıma gələn o oldu ki, bu sırtıq gəmiricinin dərsini versə, Məstan verər. Ona belə ov lazımdı, "hopp" eləyib udsun.

Otağa keçib pəncərəni açdım, dilimin şirin yerinə salıb pişiyi səslədim. Onun yumşaq tüklərini tumarladım. Məstan döyüküb qalmışdı, məndən belə bir nəvaziş gözləmirdi. "Myao" eləyib ağzını açanda yanlardan iti köpək dişləri göründü. Bu iti dişləri Allah bu heyvana niyə verib? Gəmiriciləri gəmirməkdən ötrü. Onları işə salmağın məqamı gəlmişdi. Amma mən pişiyin əzəli-əbədi düşmənini necə parçalayacağına baxmaq istəməzdim.

Pişik götür-qoy eləyirdi. Həmişə maraqla boylandığı və ona müəmmalı görünən bu darısqal otağa girmək fürsətini qaçırmaq istəməyib ehtiyatla döşəməyə tullandı.

- Hə, bəsdir yeyib yatdın, pələng dərisi geymiş pəhləvan. İndi hünərini göstər görüm, - deyib Məstanı dəhlizə ötürdüm. Kətilin üstündə dimdik dayanıb əsən Polina xala pişiyi görüb toxtadı, səsini uddu. Pişik belini dikəldib, tüklərini qabartdı. Bayaqdan meydan sulayan siçovul Məstanı görəndə bir istədi aradan çıxsın, siçan deşiyini satın alsın, ancaq gör-görkəmindən "xanım-xatınlıq" yağan ağ pişikdə o təpər olmadığını hiss edib, fikrindən daşındı, acıqlı-acıqlı fınxırdı. Arxa ayaqları üstə durub iti dişlərini qıcadı, sağ pəncəsiylə pişiyə necə cırmaq atdısa, yazıq heyvan dəhlizdən güllə təki çıxdı. Yanğılı myoltusu indi eşikdən gəlirdi. "Bu ki, lap əfəlmiş", - Məstanın qarasınca donquldandım. Pişiyin əkildiyini görən Polina xala bayaqkından da bərk fəğan qopardı, elə bil ətini kəsirdilər. Bəlliydi ki, nə qədər mənfur gəmirici dəhlizdədir, yazıq arvad da bir o qədər kətilin üstündə dayanıb bağıracaq, əsim-əsim əsəcəkdi.

Məzlum-məzlum mənə baxırdı, yeganə ümidi kirənişinə idi. Bəli, qəhrəmanlığı mən göstərməliydim. Kim anadan qəhrəman doğulur ki? Heç kim. Adam hansısa bir əməliylə qəhrəman olur.

- Arif, sınok! Şvabranı götür, öldür onu! Ubeyy! - dili topuq vura-vura Polina xala yol göstərdi. Mən döşəməsiləni götürəndə siçovul döyükdü. Deyəsən, işin zarafatdan adladığını duymuşdu, təlaşla üzümə baxırdı. Onun iyrənc ciyiltisi, arabir fınxırıb kəsici dişlərini göstərməyi belə mənasız idi. Qələtini qanmışdı, qanmışdı ki, özünü zibilə salıb, daş qayaya rast gəlib. Biz üzbəüz durub baxışırdıq. Mən bu iyrənc varlığı heç vaxt belə yaxından görməmişdim. İyrənsəm də, üzümü çevirmədim. Heyvanın idbar suyumundan görünürdü ki, bu nacinslərin əlində əlac olsa, Yer üzündə yaxşı nə varsa, hamısını dişlərindən keçirər, məhv edərlər. Polina xala kimilər olmasaydı, bu iyrənc kəsəyənlər artıb çoxalar, dünyanı bürüyərdi.

Otağa sükut çökmüşdü. Polina xala ta qışqırmırdı, deyəsən, səsi batmışdı. Əllərini bir-birinə daraqlayıb məzlum-məzlum baxırdı. Siçovul da səsini udmuşdu, ciyildəmir, dişlərini göstərmirdi. Heyvan indi bu yolla sayıqlığımı yayındırmağa, oğurlanıb aradan çıxmağa fürsət axtarırdı. Əlimdə uzun dəstəkli taxta, durmuşdum, cərimə zərbəsi vurmağa hazırlaşan xokkeyçiyə bənzəyirdim. Mənə elə gəldi darısqal, yarıqaranlıq dəhlizdə yox, buz örtüklü geniş bir meydançadayam və boz siçovul buzun üstündə hərəkətsiz qalmış şaybadır, kətilin üstündə dayanıb əsim-əsim əsən Polina xala isə oyunun hakimidir, o hakimi ki, açıqdan-açığa kirənişinin tərəfindəydi.

- Öldür onu! Ubey! - Polina xalanın cır səsinə özümə gəldim. Elə bil qışqırmadı, nəfəsini toplayıb var gücüylə hakim fitini pülədi və hər şey bir andaca baş verdi...

Həmin hadisədən sonra "şvabra" deyilən taxta parçasının üzərinə düşən vəzifənin biri də artdı. Sən demə o, gəmiricilərlə mübarizədə ən etibarlı silah imiş. Adı döşəməsilən olsa da, uzun dəstəkli taxta daha çox tavanla təmasdaydı. Axşamlar "zenit artilleriyası" vəzifəsini yerinə yetirirdi. Yaxşı da kara gəlirdi. Üstdəki mənzildən eşidilən səsləri: çarpayı cırıltısını, ayaq tappıltısını, xorultunu susdurmaq üçün Polina xala döşəməsilənlə taxta tavanı "atəşə" tuturdu. O vaxtadək ki, sakitlik çökürdü. Polina xalanın dediyinə görə, yuxarıda yaşayanların rəsmi kəbini yoxdur. Sarısaç, bizburun qız Saratov vilayətindəndir. Qonşu Sabutay onunla dəmiryol vağzalında tanış olub. Sabutay vağzalda dəllək işləyir. Polina xala onların əhvalatını evində qalan hər kirənişinə danışıb, indi isə məni hali eləmək istəyirdi. Əslində, onun danışdıqları maraqlıydı və çalışırdım ki, eşitdiklərimi qulağımdan ötürməyim. Polina xalanın dediyinə görə, Sabutay perronda turist qıza dondurma alır. Qız dondurmanı yeyib qurtarana kimi dəllək ona eşq elan edir. Cavan qızlar arasında yelbeyinlər az olmur. Biləndə ki, oğlan Şanxayda yaşayır, özü də hallı-pulludur, Maşa çamadanını götürüb qatardan düşür. Rəfiqələrinə tapşırır valideynərinə çatdırsınlar ki, Maşa şanxaylı Sa Bu Taya ərə getdi. Çində yaşayacaqlar... Qızın ata-anası bu xəbərə yamanca sevinir, şadlıqlarından şənlik eləyirlər. Bütün kənd də onlara qoşulur. Məclis qurulur. Kənd sovetinin sədri təmtəraqlı bir tost söyləyir. Deyir, bu hadisə təkcə bir ailənin yox, bütün vilayətin həyatında əlamətdardır. Bundan belə yollar açılacaq, get-gəl artacaq. Pokrovkadan Şanxaya kim bilir nə qədər gəlin köçəcək. Gözəl-göyçək Maşa ilk qaranquşdur, onun ardınca uçanlar çox olacaq. Sovet sədri qızın anasına ürək-dirək verib, onu da deyib ki, yolun uzaqlığını dərd eləməsin, təyyarənin əlində o boyda yol heç nədir, çox olsa, dörd-beş saat vaxt aparacaq. Kürəkəniniz Sa Bu Tay dəvət göndərər, gedib Çini görərsiniz, maraqlı ölkədir. Bir də onu deyib ki, nəvələrin qıyıqgöz doğulacağını da dərd eləyib ürəklərinə salmasın, ruslar nəlbəkigöz olub dünyanı düzəldiblər?.. Yavaş-yavaş bambuk çubuğuyla düyü yeməyi, həlim içməyi öyrənin ki, o yanlara qonaq gedəndə çinli qohum-əqrəbanın yanında biabır olmayasınız...

İnişil qızın anası gəlibmiş, bunları Polina xalaya o danışıb.

Gəmiricilər üzərində zəfəri qeyd eləmək üçün Polina xala məni axşam yeməyinə çağırdı. Planetdə bir siçovul da azalmışdı. Bu, yaşlı qadından ötrü əsl bayram idi.

Dadlı rus blininin ətri otağı bürümüşdü. Yuxaya oxşayan yayma dadlı-tamlıydı, xoşuma gəlirdi. Odur ki, Polina xala blini bişirəndə kirənişini də unutmurdu.

Stolun üstündə alma cemi, qaymaq və bir şüşə "Kəmşirin" şərabı vardı. Polina xala şərab süzməyi mənə həvalə elədi və heç bir sağlıq söyləmədən içkini başına çəkdi. Mən də ev sahibəsindən geri qalmadım. Acqarına içdiyimdən sirkə qoxusu verən şərabın havası beynimə vurdu, elə bil çaxırı mədəmə yox, başıma boşaltmışdım. İçki Polina xalanı da tutmuşdu, danışanda hərdən dilini sürüyürdü,

- Arif, oğlum! - dedi. - Bilirsən, sən neyləmisən? Əsl qəhrəmanlıq göstərmisən...

Qulaqlarıma inanmadım. Nə qəhrəmanlıq, nə igidlik? Mən sadəcə vətəndaş və bir də kirənişin borcumu yerinə yetirmişəm. Kim olsaydı, mənim kimi hərəkət edərdi. Burada nə var ki?..

- Polina Qriqoryevna, axıı...

- Sözümü kəsmə, mən nə dediyimi yaxşı bilirəm. Sən özünü vaxtında yetirib o mənfur krısanın axırına çıxmasaydın, kətilin üstündən yıxılıb o dünyalıq olacaqdım. Təsəvvür edirsənmi?

Nə cavab verəcəyimi bilmirdim, kirimişcə oturub baxırdım. Şərab Polina xalanın dilini açmışdı, dolu ürəyini boşaltmaq istəyirdi. Mən onun dediklərini diqqətlə dinləyirdim. Hərdən ev sahibəsinin səsi harasa uzaqlaşırdı, o qədər uzaqlaşırdı ki, sanki bir də qayıtmayacaqdı. Dodaqlarının tərpənməyindən görürdüm ki, danışır. İyrənc bir gəmiricinin axırına çıxmaq, bəlkə həqiqətən də qəhrəmanlıqdır. Yoxsa, bu yaşlı arvada nə düşüb, ağzını Allah yoluna qoysun.

Bayaqdan itmiş səsi qayıtdı.

- Guya sən bağlamazdın? - Polina xala soruşdu. Özü də cavab verdi: - Bağlayardın!..

"Görəsən nəyi soruşur? Yoxsa, evin çöl qapısını deyir?" - özlüyümdə götürqoy elədim. Soruşdum:

- Açarla?

- Yox! Sinənlə!

- Nəyi?

- Ambrazuranı! Kimdi o? Aleksandr...

- Matrosov, - Polina xalanın söhbəti hardan gətirdiyini indi anladım. Qəribəydi ki, bu yaşlı qadın mənim bir gəmiricini öldürməyimlə düşmən pulemyotunu sinəsiylə qapayan Aleksandr Matrosovun qəhrəmanlığı arasında fərq görmürdü. Onun nəzərində siçovullar da hitlerçiydi, faşist idi.

- Başqasının həyatını qurtarmaq qəhrəmanlıq deyil ki? - soruşdu.

- Qəhrəmanlıqdı, - mən dilucu cavab verdim. Polina xala bayaqdan bu cavabı gözləyirdi.

- Ay sağ ol! Spasibo tebe! Axır ki, mənim fikrimlə razılaşdın, - dedi. - Bunu içək sənin timsalında bütün qəhrəmanların sağlığına! Za nastoyaşix qeroev!

Mən dolu stəkanı yenə birnəfəsə boşaltdım. Adı "Kəmşirin" də olsa, şərabın dadı qaldıqca dəyişirdi elə bil, şərbətə oxşayırdı. Beləsi adamı lap tez tutur.

Beynim dumanlandıqca, Polina xalanın dediklərinə özlüyümdə haqq qazandırır, yavaş-yavaş inanmağa başlayırdım ki, ziyanvericiləri, gəmiriciləri qırmaq doğrudan da qəhrəmanlıqdır. Qəhrəmanlıq olmasa belə, hər halda faydalı və şərəfli işdi. Əgər elə deyildisə, Polina xalaya o qədər fəxri-fərman verərdilərmi? Bu mükafatların bir neçəsi, idman zalında olduğu kimi, divar­dan asılmışdı. Fikirləşirdim ki, "Ən xeyirxah və mehriban insan" mükafatı da təsis edilsəydi, onu alanlar arasında hökmən Polina Qriqoryevna da olardı.

Dəmir çarpayının baş tərəfindəki divardan çərçivəyə salınmış bir şəkil asılmışdı. Polina xalanın gənclik illərinin nişanəsiydi. Şəkildən sarışın, məsum bir qız baxırdı. Başında yanakı qoyulmuş beret vardı, saçları alnına tökülmüşdü. O vaxtın dəbi, ger-geyimi adama qəribə gəlir. Çoxdan çəkildiyindən şəkil saralıb soluxmuşdu. Polina xalanın qırışlı üzünün cizgiləriylə sarışın qızın sifəti arasında bir bənzərlik axtarsam da, tapa bilmir­dim, başqa-başqa adamlardı elə bil. Dəyişməyən yalnız gözlərin işartısıydı.

Ürəyim doluydu, istəyirdim ev sahibəsinin - bu mehriban, qayğıkeş insanın sağlığına badə qaldırım. Deyim ki, nəinki Şanxay deyilən məhlədə, dünyada belə onun tayı-bərabəri yoxdur və elə bilirəm, onu indi yox, çoxdan tanıyıram. Sən demə, ev sahibəsi də mənim haqqımda bu fikirdəymiş.

- Bilirsən, oğlum, biz ev bazarında rastlaşanda elə bildim ki, səni lap körpəliyinnən tanıyıram. Özüm də məəttəl qalmışdım. Skamyada oturub elə şirin-şirin yatmışdın, oyatmağa əlim gəlmirdi... Nə isə, görünür, qismət bu imiş... Deyim ki, qonşular da səndən razıdır. Soruşurlar, Polina Qriqoryevna, bu tərbiyəli kvartirantı hardan tapmısan? Mən də deyirəm, hardan tapacam, ev bazarınnan...

Eşitdiyim tərifdən duyğulanmışdım, gözlərim nəmlənmişdi. Dolux­sunduğumu gizlətmək üçün başımı sallayıb yeməklə məşğul oldum. Polina xalanın əlinin duzu vardı, bişirdiyi ləzzətliydi. Təkcə yeməyi yox, elə sözü-söhbəti də duzlu, maraqlıydı. Sən demə, Leninqrad blokadasının ağır, məşəqqətli günlərini yaşamaq ona da qismət olub. Necə sağ qaldığını indi də ağlına sığışdıra bilmir. Bir kimsəsi, qohum-əqrabası yoxdur, hamısı müharibədə qırılıb. Dava vaxtı çəkdiyi zilləti, ağrı-acını xatırladıqca qəhər onu boğur, danışanda hərdən səsi titrəyirdi. Deyir, dava vaxtı acından ölməmək üçün adamlar əllərinə keçəni yeyirmişlər: it, pişik, hətta siçovul da. Bu qadında heyvanlara, gəmiricilərə sonsuz nifrətin hardan gəldiyini indi anladım. Bəlkə də Polina xala hər dəfə onları görəndə o dəhşətli günlərin ağrı-acısını yenidən yaşayır, dərdi təzələnirdi. Bu yaşlı, ifallı qadın, həyatı sadəcə pak və təmiz görmək istəyirdi.

- Nə qədər ki, iyrənc gəmiricilərin, həşaratların kökü kəsilmiyib, insan onlarla döyüşməlidi, vuruşmalıdı - sonuncusu qırılanacan! - Polina xala dedi. Səsini qaldırdı: - Pridyot vremya... Vaxt gələcək, dünya bu iyrənc varlıqlardan biryolluq xilas olacaq!..

Söylədiklərinə nə özü, nə mən inanmasam da, axırıncı badələri son damlasınadək bu sağlığa içdik.

Polina xala danışdıqca, onun keçdiyi həyat yolu gözlərim önündə canlanırdı. Bu, yalnız bir qadının naxışı, alın yazısı deyildi, müharibənin məşəqqətlərini yaşamış, od-alov keçmiş milyonlarla insanın tale, ömür yoluydu.

Başını qaldırıb divardakı şəklinə baxdı, köks ötürdü. Ötən günlərin qəmli-qüssəli xatirələrini həzin bir şərqi əvəzlədi. Pəsdən oxuduğu kədərli nəğmə, əslində, bayaqkı kövrək xatirələrin davamıydı. Ancaq şərqi də çox sürmədi, onun titrək dodaqlarında donub qaldı. Səssizcə, için-için ağladı, astadan dua edib, xaç çevirdi...


* * *

Sentyabrın sonuncu günü aydın, günəşli bir səhərlə açıldı. Yay yerini xəzantökən payıza verdiyinə peşmanmış kimi, təzədən qayıtmaq istəyirdi elə bil.

Yuxudan er qalxsam da, Şıxəlinin axşamkı sözlərini xatırlayıb, dilimə heç nə vurmadım. Görünür, belə lazımdır, Cənnətə acqarına getmək məsləhətdir. Hər halda, orda qəlyanaltı eləməyə bir şey tapılar, yemək-içmək qıtlığı olmaz.

Qonşum məni həyətdə gözləyirdi. Gözlərinin altı tuluqlanmışdı, axşam içdiyi içkinin təsiri hələ də üzündən çəkilməmişdi. Üzündən çəkilməyibsə, deməli, beynindən də silinməyib. Bunu Şıxəlinin danışığından da bilmək olurdu, sözləri ərincək-ərincək tələffüz edirdi.

- Sabahın xeyir olsun, qonşuu! - məni salamladı.

- Sabahın xeyir!

Həyətdən çıxdıq. Üzü gündoğana baxan Şanxay üfüqdən təzəcə boylanan günəşin qırmızımtıl şəfəqlərinə bələnmişdi, dənizin mavi sinəsində bərq vururdu. Uzaqlarda göyümtül duman gəzişirdi. Buradan baxanda adama elə gəlir ki, dəniz günəşin anasıdır, səhərlər onu bətnindən doğur və hər səhər doğulan da eyni günəş deyil, təzədir, sadəcə, bir-birinə bənzəyirlər.

Məhlə yatıb yuxuya qalmışdı, günəşin üfüqdən boylanmağından xəbəri olan yox idi. Dənizdən gələn sərin meh, yuxulu sifətimi yalayırdı. Meh əsməsəydi, bəlkə də gözlərim yumular, ayaq üstəcə yatardım. Yaxşı ki, dəniz vardı, mavi sulu, mavi gözlü dəniz. Özü də lap yaxındadır - əlimi uzatsam, çatar.

Məhlənin ayağındakı kiçik meydan şəhərin cənub qapısıdı, burada canlanma duyulurdu. Maşın çox olmasa da, arabir eşidilən motor gurultusundan səhərin ünsüzlüyü paramparça olmuş, qeybə çəkilmişdi. Qeybə çəkilən bir də mavi dəniz idi, görünmürdü. Görünməsə də, onun lap yaxında - istilik elektrik stansiyasından o tayda olduğu yosun qoxuyan mehdən bilinirdi.

- Qədeş, o donqarbel adama fikir verginən, - Şıxəli işarəylə dayanacaqdakı kişini göstərdi. - Myaskombinatın "pravitelski" sexində fəhlə işliyir, - dedi. - Amma gəl ki, padşah kimi dolanır, nastoyaşi milyonerdi. Heç akademik elənçiyinə dolanmır.

Şıxəlinin göstərdiyi kişi sur-suyumu, geyim-keçimiylə ətrafdakılardan heç nəylə seçilmirdi. Diqqət çəkən onun yöndəmsiz biçimiydi.

- Bilirsən də, hökumət adamlarının yemək-içməyi spes-zakazdı, onlar qara camaatın yediyini yemir. Mərkəzi Komitədə işliyənlərin, nazirlərin Şıxəlidən nəyi artıqdı, qədeş? Onların da iki gözü, bir ağzı var, mənim də. Yoxsa, göydən zənbillə düşüblər? Belənçik şeyləri fikirləşəndə, odlanıram, prosto tüstüm görsənmir. Elə bilməginən Şanxaylı Şıxəli ancaq özünü düşünür, öz hayındadı. Söbəti yoxdu. Nöş belənçig yaşamalıyıq, başa düşmürəm? Bu, "jizn" deyil ki... Nə bilim, danışmırsan olmur, danışırsan da, Bayandur kimisi deyir, sən antipartiyasan. Bəgəm, mən artıq-əskik söbət eliyirəm, qədeş?

Şıxəlinin sualı qəliz idi. Mənə qalsa, dediklərində qəribə heç nə görmürdüm, bu da onun fikridi. Hamı eyni cür düşünə bilməz ki... Qaldı qonşumun dediklərini yozmağa, o, baxır adamına, kim necə qəbul edir. Bayandur kişi kimisi, əlbət, buna başqa don geydirərdi. Elə don geydirərdi, elə tərəfgirlik eləyərdi, guya Şıxəlinin dediyi o "pravitelski" sosika-kolbasadan ona da pay çatır.

Şıxəlinin, dediyinə görə, o donqarbelin nazir qədər hörməti var və şəhərdə onu hamı tanıyır. Axşamlar Şanxayın itləri avtobus dayanacağına çıxıb donqarbeli qarşılayır, üst-başını iyləyə-iyləyə düz həyətəcən ötürürlər. Paltarından gələn hisə verilmiş kolbasanın, sosiskanın iyinə yarım litr araq içmək olar. Oğurluq-doğurluq çıxardığı nemətləri gətirib məhlədə xırd eliyir.

Qonşum söhbətinə ara vermirdi. Deyəsən, avtobus gələnəcən baş qatır, vaxt öldürmək istəyirdi.

- O pravitelski kolbasadan hərdən mən də alıram, - dedi, - yeyəndə qabığını da soymuram. Alayı şeydi. Qədeş, bu kişi gətirib satdıqları sexin "otxodlarıdı", indi sən gör, nazirlər yeyən necədi. Nə isə, onu bilirəm ki, bu məmləkətin adamları bir razmerdə yaşamır. Küçədə-bayırda şüar asırlar e - bərabərlik, xoşbəxtlik haqqında, oların hamısı fuflodu, sözdü, qədeş. Nə bərabərlik, bərabərlik hərləyən kimdi? Bir dənə şüar var - "İnsanı zəhmət ucaldır" - onu görəndə elə bil məni söyürlər.

- Niyə?

- Necə yəni niyə? Bu qədər də olmaz axı. Mən özümü demirəm, götür həyətimizdəki Tahiri, Neft daşlarında qara qızıl çıxardır, di gəl ki, çırağa tökməyə kerosini dükandan pulnan alır. Alə, o yetim aylarla ev üzü görmür, zəhmət onu haçan ucaldacey, ölənnən sonra? Hökumət bicdi, eləsinin başını alayı cür bişirir. Birisinin adına mahnı qoşdurur, o birisinə şeir. Soruşan gərək, ac qarına şeir mənim nəyimə gərəkdi? Aclıq olsun, kef olsun, bunda deyiblər e...

Şəhərə sarı gedən maşınlar şəhərdən çıxanlardan çox idi. Adama elə gəlirdi, şəhər bir yandan dolan, bir yandan boşalan nəhəng bir qabdır və belə davam eləsə, axşama kimi maşın əlindən dolub daşacaq.

Biz tərs səmtə getməliydik, Şıxəlinin dediyi Cənnət-məkan o səmtdəydi. O yandan gələn avtobuslar təpiliydi. "Əlbət, bu insanlar Cənnətdən qayıdırlar. Görəsən, camaat elə yerdən niyə qaçır"? - fikirləşdim.

Mindiyimiz avtobus böyük deyildi. Şəhərdə beləsinə "Alabaş" deyirlər. İlk dəfə bu sözü eşidəndə gülmüşdüm. Kənddə bu adı itlərə verirlər. Qonşumuz Zəkəriyyə dayı da köpəyini alabaş çağırır, ancaq niyə, bilmirəm. Onun itinin başı ala deyil axı.

Oturmağa yer yox idi. Oturanlar qədər də ayaq üstə duran vardı. Motorun yeknəsəq səsindən savayı heç nə eşidilmirdi, hamının dili qarnına girmişdi, cınqırını çıxaran yox idi. Kimi oturduğu yerdə, kimi isə ayaq üstəcə mürgüləyirdi. Gözü açıq olanlar da vardı. Ancaq elə bil onlar da yuxudaydılar, sadəcə, gözüaçıq yatmışdılar. Səssizlik adamı darıxdırır, yolu dartıb uzadırdı, guya üz tutub getdiyimiz bu güzarın sonu yoxdu, bitib tükənməyəcək. Nədənsə özümü tənha hiss elədim, sanki "Alabaş" deyilən bu köhnə, taraqqa avtobusda yalqızdım, heç sürücü də yox idi, maşın yellənib gedirdi. Hara gedirdi, məni hara aparırdı, bilmirdim. Bir onu bilirdim ki, getdikcə sürət artırdı. O qədər artdı ki, təkərlər yerdən üzüldü, avtobus quş təki qıy vurub havada süzdü. Ağ bulud topaları lap yaxındaydı, əlimi uzadıb onları ovcuma yığmaq istəyirdim, ancaq sürüşüb əlimdən çıxırdı. Buludların yanından şəhər bambaşqa görünürdü. İnsanlar qarışqa kimi qaynaşır, maşınlar ora-bura şütüyür, dayanmaq bilmirdi. Şəhər sükunət sevmir, burada hər şey tərpənməli, titrəməli, hərəkətdə olmalıdır. Burada həyat qaynar qazan təki qaynamalıdır.

- Cavan oğlan, əlivi götür! Bu yetimin boynu dəstəkdir ki, bərk-bərk yapışmısan?! - Şıxəlinin səsi məni xəyaldan, mürgü vuranları isə yuxudan oyatdı. Ötkəm danışığından o, sərnişindən çox, konduktora oxşayırdı.

Oğlan tanımadığı adamın haqlı iradından qızardı, əlinin yerini dəyişdi. Bayaqdan boynunu əyib durmuş kişi qamətini düzəltdi, "yetim" adlandırılmasından xoşlanmasa da, dönüb minnətdarlıqla Şıxəliyə baxdı, yəni "sağ ol, qardaş, sən olmasan, yolu axıracan əzab-əziyyətlə gedəcəkdim".

- Alə, pioner! - Şıxəli üzünü çantasını qucaqlayıb arxada oturmuş məktəbliyə tutdu. - Məktəbdə sizə belənçik tərbiyə veriblər? "Timur və onun komandası"nı oxumamısan? Böyük-kiçik söbəti var. Çatdı sözüm sənə? Leninin işi uğrunda mübarizəyə hazır ol!

Məktəbli yerindən dik sıçradı. Sağ əlini qılıncına alnına aparıb "Həmişə hazıram!" - dedi. Yerini cavan qadına verib, əsl Timurçu olduğunu sübut elədi.

- Alə, qədeş, qapının ağzında nöş diyanmısan, keç qabağa! - Şıxəli bu dəfə orta yaşlı kişiyə irad tutdu. Ancaq onun sözləri kişini açmadı, dönüb tərs-tərs baxdı. Dilini saxlamadı:

- Sənin nə işinə qalıb, konduktorsan?

Şıxəli onun eyhamını cavabsız qoymadı.

- Konduktoram-kiməm, özüm bilərəm, - dedi. - Lap adi vətəndaşam. Xətrivə nöş dəyir? Düz söz belənçikdir də, istiot kimi yandırır. Bu dünyada heç kimə yaxşılıq yoxdur, mən ölüm.

- Yaxşılıq deyəndə, sən kimsən axı, mənə yaxşılıq eləyəsən! - kişi də söz altda qalana oxşamırdı. - Nə qədər olmasa, sənnən üç-dörd bayram böyüyəm. Uşaq deyiləm ha, durub mənə öyüd verirsən! - üzünü sərnişinlərə tutdu: - Mənə ağıl verənə baxın. Sir-sifətinnən görünür - axşam necə gillədibsə, üst-başınnan "vinzavod" iyi gəlir.

Kişi dayanacaqda enməsəydi, söz-söhbət uzanacaqdı. Onun dedikləri Şıxəlini möhkəm tutmuşdu. Başını pəncərədən çıxardıb hayladı:

- Qədeş, yadında saxlaginən, kişidən "vinzavod" iyi gələr, sənin kimi parfümerni mağaza ətri yox!..

Sərnişinlər gülüşdü. Şıxəli bunu söz meydanından qalib çıxmağı kimi başa düşdü, özünü dartdı. Üzündə zəfər qazanmış sərkərdə təkəbbürü vardı. Deyəsən, sərnişinlər də elə bu fikirdəydilər, yarıyuxulu gözlər indi ona başqa ifadəylə baxırdı. Bu gözlərdə sezilən bir də minnətdarlıq hissiydi, yəni, sağ ol, avtobusda hər kəs öz hayındadı, bircə səndən savayı. Hər kəs oturmağa özünə yer axtarır, sənsə başqalarının qayğısına qalırsan. Əslində, bu, sosialist əxlaq kodeksinin əsas prinsiplərindən idi - özünü qurban ver, başqasını xilas et. O başqası kimdir axı? Tanıdın, tanımadın, fərq etməz, sosializmdə yad yoxdur, bütün insanlar doğmadır, qardaşdır. Deyilənə görə, yaxın gələcəkdə - kommunizmdə insanların düşüncəsi, tərbiyəsi bundan beşbetər olacaq. Bir az dərinə getsən, bəlkə buna heç ehtiyac da yoxdur. Əgər adamlar başqasının xoşbəxtliyi naminə öz səadətini itirməyə hazırdısa, tanımadığı birinin yolunda həyatını qurban verirsə, ta bundan o tərəfi nə ola bilər?

Növbəti dayanacaqda da biz düşdük. Bura dayanacaq demək də doğru olmazdı. Ətrafda çor vurmuş ağacları xatırladan saysız-hesabsız neft buruqlarından, mancanaqlardan savayı heç nə görünmürdü. Görünən bir də tək-tük iri neft çənləriydi. Uzaqda bir xırda bina qaralırdı. Buruqlar meşəsi uzanıb dənizəcən gedirdi. Dəmir qurğulardan dənizdə - qırxayağı xatırladan estakadaların üstündə də vardı. Bu cansıxıcı məkanda Cənnətdən əsər-əlamət görünmürdü, heç iyi də gəlmirdi. Qatran, mazut dolu iri çala-çuxurlar Cəhənnəmin qır qazanlarıydı sanki. Qır "qazanlarına" hələ od salmamış, üstünün qıl körpüsünü çəkməmişdilər. Qazanların altını yandıran pələqulaq şeytan-şəyatinlər yatıb yuxuya qalıblar, yoxsa? Qır pıqhapıq qaynayanda gəl üstündəki qıl körpüdən keç, görüm keçə bilirsənmi? Buradan yalnız günahsızlar keçə bilər. Günahsız insan hardadı?.. Əlbət, elə o üzdən də Behişt deyilən o aləmdə tünlük olmaz. Cəhənnəmdə isə əksinə, ayaq basmağa bəlkə də yer tapılmaz...

Yol uzanmasın deyə qatran dolu çala-çuxurların ortasından keçib gedirdik. Gedirdik deyəndə, Şıxəli qabağa düşüb bələdçilik eləyirdi, mən də kirimişcə düşmüşdüm onun dalınca. Qonşum başını qaldırmadan yeriyirdi, dönüb arxaya baxmırdı, elə bil mədənlərin arasında təkcəydi, məni unutmuşdu.

Axşamın sərinindən qatran layı bərkiyib hamarlanmış, qapqara səthi çoxdan su görməyən torpaq təki cadar bağlamışdı. Sulardan boylanan qırmızımtıl günəş Göyün qançıxmış gözünə bənzəyirdi, gecəni narahat yatmışdı. Səma yuxulu günəş gözüylə bic-bic bizi süzür, sirli-sirli gülümsəyirdi. Elə bil bizi irəlidə nələr gözlədiyini görürdü. Hərdən yerişimi soyudub boylanır, qarşıdakı yolu-yolağanı seçməyə çalışırdım. Saysız-hesabsız buruqların, mancanaqların əlindən uzağı görmək olmurdu. O üzdən də adamın ürəyi qısılırdı. İrəlini görməkdən ötrü, əlbət, göylərə qalxmaq lazımdır, yaxın-uzaq gələcək yalnız oradan görünür, yəqin...

Arabir dəniz tərəfdən qağayıların ney ahəngini andıran titrək səsi eşidilirdi. Yol bitmək bilmirdi. Yamaca sığınmış Şanxay darısqal həyətləri, xırda evlərilə getdikcə uzaqlaşır, uzaqlaşdıqca da kiçilirdi. Hər dəfə qanrılıb arxaya baxanda elə bilirdim biz yox, Şanxay ayaq götürüb bizdən qaçır. Aralıdan bu fəhlə qəsəbəsi doğrudan da miskin Çin məhləsini xatırladırdı. Bir-birinin qarnına girmiş evlər oyuncaq evciklərə bənzəyirdi. Şanxay naşı bir rəssam fırçasından çıxmış mənzərəni andırırdı. Bizim həyətin çəhrayı darvazası güclə də olsa seçilirdi. Açıq rəngli darvaza məhlənin qəlbisində işaran mayakı xatırladırdı və sanki dənizdə ora-bura üzən gəmilər bu darvaza-mayakı səmt götürürdülər. Deməginən, bir vaxtlar həyətdə yaşamış bosman Timofey Petroviç taxta doqqazı elə bu məqsədlə çəhrayı rənglə boyayıbmış ki, uzaqdan seçilsin. Hər səfərdən qayıdanda Nargin adasını keçən kimi qırıq-qırıq fit verirmiş. Onun yük gəmisinin fitini Şanxayda yaxşı tanıyırmışlar. Eşidəndə bilirmişlər ki, Timofey Petroviç səfərdən qayıdır. Arvadı Mariya əl-ayağa düşüb, ərini qarşılamaq üçün hazırlıq görürmüş, məhlə uşaqlarından birini araq dalınca çaparaq dükana qaçırdırmış. Timofey Petroviçin gəlişiylə həyət canlanırmış. Arvadlı-kişili qonşuları başına yığıb yeyib-içir, kef çəkirmiş. Sonra da köhnə balalaykasını sinəsinə sıxıb rus çastuşkaları çalıb-oxuyurmuş. Uşaqlar onun botsman düdüyünü püləyib züy tuturmuşlar. Yeni səfərəcən həyət beləcə şənlənirmiş. Bu dəniz fatehinin səfərləri o qədər uzun çəkərmiş ki, bir müddət sakinlər belə bir qonşuları olduğunu yaddan çıxarar, arvadı Mariya isə Timofey adda əri olduğunu az qala unudarmış - ta o tanış fit səsi yenidən eşidilənəcən... Bunları mənə Bayandur kişi heyfslənərək danışmışdı. Bilmirdim niyə heyfslənirdi: mənim Timofeyi görmədiyimə görəmi, yoxsa onun köçüb Kerç şəhərinə getdiyi üçünmü?..

Məhlənin lap aşağısında köhnə hamamın dimdik dəmir borusu tüstülənirdi. Uzaqdan baxanda adama elə gəlirdi bu hamam binası döşdəki tikililərə dayaqdı, əgər o olmasa, domino daşları təki qarış-quruş evlər-evciklər yuxarılarda bənd almaz, sürüşüb gələr üzüaşğı. Belə baxanda, deməzsən ki, Şanxayda insan yaşayır.

Mənim ayaq sürüməyimə Şıxəli arxaya döndü, ilk dəfə görürmüş kimi dayanıb aralıdakı fəhlə qəsəbəsini mənalı-mənalı süzdü. Nəsə xatırlayıb gülümsündü.

- Yeddi-səkkiz ilin söbətidi, - dedi, - o vaxt Xruşşov Bakıya gələndə Şanxayı göstərib, soruşub ki, bura nədir belənçik? Mərkəzi Komitənin başçısı xəcalətdən pul kimi qızarıb, bilmiyib nə cavab versin. Deyib, Nikita Sergeyeviç, bunlar donuz damlarıdı... Alə, Xruşşova kəf gəlmək olardı? Bicbalanın birisiydi. Bir adam ki, Stalin kimi əjdahanın cəsədini mavzoleydən çıxartsın, adını yer üzündən silsin, ona üçlük atmaq olar? Damlardakı antennaları göstərib, deyib ki, Vəli qədeş, dünya-aləmi mən barmağıma doluyuram, sən də mənə paçka basırsan? Məndə 21-di. Qədeş, bəgəm sizdə donuzlar televizora baxır?.. Hardan bilsin ki, Şıxəli kimilərinin ömrü belənçik donuz damlarında çürüyür. Sənə deyim, Rusiyetdə donuz damları bizim Şanxay evlərinnən rahatdı: isti-soyuq suyu postoyannı, qışda da "oteplenni" işliyir, necə lazımdı. Deməginən, Şıxəli ancaq özünü fikirləşib danışır. Heç vaxt naşükür olmamışam. Mənə nə var, başımı dürtməyə, daldalanmağa balaca "krışam" oldu, bəsimdi. Millətin dərdini çəkirəm, yoxsa özümə çoxdannan bir gün ağlamışdım. Alə, nöş belənçik olmalıdı axı?..

Buruqların arasını acı bağırsaq təki uzanan dəmir borular sarımışdı. Pas tutmuş borular yerin üzə çıxmış damarlarıydı elə bil, yan-yörəyə şaxələnmişdi. Ağacdələn kimi yorulmadan torpağı dimdikləyən mancanaqların zəhlətökən taqqıltısından, cırıltısından savayı heç nə eşidilmirdi. Bəlkə də bu səslər olmasaydı, neft qoxuyan bu bulaşıq məkan lap bezdirici, cansız görünərdi. Bir vaxtlar proletar yazıçısı Maksim Qorki qara qızılla zəngin bu mədənləri cəhənnəmə bənzətmişdi. Ağlıma da gəlməzdi ki, nə vaxtsa həmin mənzərəni gözlərimlə görəcəyəm. Adamın inanmağı gəlmirdi ki, bu ürək qısan məkanda - torpağın altında bir dünya sərvət yatır. Dəmir borular dolaşıq düşmüş bağırsaq təkiydi, nə başı vardı, nə ayağı. Fışıltıyla axan qatı maye boruların içində alataş qalmışdı elə bil, çıxmağa yol axtarırdı. Dəmir mancanaqlar bir ucdan torpağın iliyini sorurdu. Aralarında əldən düşənlər, işləməyənlər də vardı: əlbət, o quyularda ta bir şey qalmamışdı.

Haradasa it hürdü. Biz də elə nağıllardakı təki it hürən səmtə üz tutduq. Mancanaqların zəhlətökən səsi içindən eşidilən hafıltı heyvan səsi də olsa, canlıydı. Dəniz yaxındaydı, ancaq havadan yosun qoxusu gəlmirdi. Bəlkə də gəlirdi, sadəcə, onu burundeşən qır-mazut iyindən ayırmaq olmurdu. Hava isindikcə, aləmi bürümüş bu iy-qoxu daha da güclənirdi. Torpağın altının nə təlxi, üfunəti vardı, vurub üzə çıxmışdı. Yerin altı iylənmişdi elə bil, adamın ürəyini bulandırırdı. Yox, təkcə adamın yox, əyri-üyrü sahil boyu uzanan şəhərin də başı dönürdü bu iydən.

Ayaqlarım ağırlaşmışdı, sözümə baxmırdı. Bu heysizliyi yavaş-yavaş bütün vücudumda duyurdum. Dilim ağzımda qupquru qurumuşdu, boğazım gicişirdi. Bircə qurtum su olaydı kaş. Bir yandan da tərləməyim bədənimin mayeyə olan ehtiyacını artırırdı. Hərdən gözüm qaralırdı, saysız-hesabsız buruqlar, mancanaqlar, "bağırsaq" borular harasa qeybə çəkilir, itirdi. Mənə elə gəlirdi ucsuz-bucaqsız səhrada susuz qalmış, dəvəsi ölmüş ərəbəm. Susuzluğun nə demək olduğunu onu yaşayan bilər. Təyyarəçi Antuan de Sent Ekzüperinin qəzaya uğrayıb Ərəbistan səhralarında susuzluqdan nələr çəkdiyini indi anladım. Əlbəttə, onun düşdüyü vəziyyətə baxanda, mənə şükür. Amma yox, susuzluq hər yerdə eyni cür dəhşətli və amansızdır. Tərslikdən, külək də səmtini dəyişmişdi, arxadan əsirdi, yoxsa üz-gözümə çırpılar, sərinlədərdi canımı. Hərdən dönüb dalı-dalı gedirdim, xəfif yel sifətimi yalayırdı. Doğrudan da Bakı küləyinə etibar yoxdu, üzü tez-tez dönür: gah belə əsir, gah da elə. Bayaqdan gilavar idi, indi çöndərmişdi xəzriyə - Şimaldan əsirdi. Qoy əssin...

Qara bir it şöngüyüb aralıdan bizə baxırdı. Əlbət, bayaq hürən bu köpək idi, onun kal hafıltısını səmt götürmüşdük. Ancaq bu səmtdə də eyni mənzərəydi. Əksinə, qır-mazut dolu çala-çuxurlar daha da çoxalmışdı. Torpağın üzü qara yara tökmüşdü elə bil. Qara itin səsinə gedən ağ günə çıxmaz ki...

İtin yanından keçəndə onun tüklərini tumarlamaq istədim, kənara çəkildi, qapqara quyruğunu bulayıb astadan zingildədi. Bu adi zingilti deyildi, köpək nəsə demək istəyirdi. Elə bil soruşmaq istəyirdi ki, səhərin korunda buruqların arasında, cəhənnəmin bu xaraba guşəsində nə itiniz azıb?.. İtimiz yox, özümüz azmışdıq.

Başımı qaldıranda Şıxəlini görmədim, buruqların arasında qeybə çıxmışdı. İyli-qoxulu mədən əjdaha olub bir gözqırpımındaca onu udmuşdu. Bir istədim barmaqlarımı ağzıma salıb fit çalım, amma fikrimdən daşındım, elə bilirdim mədənin ürəkbulandıran iyi-qoxusu barmaqlarıma da bulaşıb.

Tənhalıq hissi yorğunluğumu, canımın təşnəsini lap da artırdı. Gücürləyib yerişimə haram qatdım, addımlarımı yeyinlətdim. Səmti itirmişdim, elə bilirdim getdiyim yolun nə başlanğıcı var, nə də sonu və mən çıxılmaz bir labirintdə havayıdan avara-avara dolaşıram.

İrəlidə, ensiz maşın yollarının qovuşağında kiçik tikili qaralırdı. Yox, bu bir ilğımdır. Səhrada susuz qalıb ölümlə çarpışan adamın gözünə belə şeylər görünür. Gözlərimi ovuşdurub baxdım, bu dəfə qaraltını aydın seçdim - yastı damlı kiçik köşk idi. Ayaqlarımı güclə sürüyürdüm. Kaftar it də dalımca düşmüşdü. Heysiz-heysiz yeriyirdi, yəqin, aclıq-susuzluq onu da əldən salmışdı. Mənə elə gəldi ki, dalımca dabanqırma gələn it deyil, ac yalquzaqdı və məni özünə yol yoldaşı yox, qurban bilir. Heyi olsaydı, üstümə atılar, iti dişlərini boğazıma keçirərdi. Ancaq onda o təpər yox idi. Heyi qalmadığından, yeganə silahı səbr idi. Yalquzaq əldən düşsə də, əl çəkməyəcək, izləyəcəkdi, ta qurbanı gücdən düşüb yerdə hərəkətsiz qalanacan onun dalınca gedəcəkdi. Ürpəndim, canımı dişimə tutub yeriyirdim. Yox, durmayacağam, nə qədər ki, dizlərimdə taqət, canımda hey var, irəli gedəcəyəm. İrəli!..

Zingilti səsinə geri qanrıldım. Köpək quyruğunu döşək eləyib şöngümüşdü, dilini bir qarış çıxardıb ləhləyirdi. Bayaqdan dalımca düşmüş heyvanın yalquzaq yox, it olduğuna sevindim. Səslədim. Köpək qulaqdan mayıf imiş kimi mənə məhəl qoymadı, şöngüdüyü yerdəcə qaldı. Yəni mənimki buracandı, buracan yoldaşlıq elədim, bəsindi... Cibimdə dişə dəyən bir şey olsaydı, itə atardım. Heyvanın ac olduğu aşkarca görünürdü, qarnı belinə yapışmışdı. İyli-qoxulu neft mədənlərində dişə vurmağa çətin ki, xırda-mırda bir canlı tapsın. Haradan tapacaq? Bağrına mazut hopmuş torpağın altında qızıldan yuva qursan da, bir kəsəyən, gəmirici belə burada tutduruq verməz. Bu məkanda eşidilən yalnız borularla axan neftin uğultusu, mancanaqların yeknəsəq taqqıltısıdı ki, bu da soyuqluq gətirir, adamı üşüdürdü. Elə bil bu uğultu həm də yerin təkindən gəlirdi. Sanki torpağın altında neft dolu nəhəng qazan qaynayırdı, himə bənddi, indicə fontan vurub aləmi basacaqdı.

Sürtünən dəmir-dümürün ətürpədən cırıltısını, taqqıltısını eşitməyim deyə, əllərimlə qulaqlarımı tutdum. Dünya-aləm bir andaca səssizliyə çulğalandı. Belə halətdə torpağı dimdikləyən mancanaqların hərəkəti lap gülməli görsənirdi, səssiz kinoydu elə bil. Bu ünsüzlükdən buruqlar səltənəti daha da usandırıcı, bezdiriciydi. Səssizliyin də qaramatı varmış.

Yolun qırağındakı kiçik köşkün qabağında iri hərflərlə "Soyuq pivə" yazılmışdı. Gözlərimi geniş açıb yazını bir də höccələdim. İstəyirdim, bu ikicə kəlmə uzansın. "Soyuq pivəə..." - höccələdikcə gözlərimə işıq gəlirdi, elə bilirdim, bu sərin mayeni içirəm, içdikcə də doymuram.

Şıxəli köşkün açıq pəncərəsindən boylanan ağ xalatlı kişini tələsdirdi:

- Mirtağı, ciyərim yandı, tez süz görüm! Pojardı!..

Qonşumun bu sayaq danışığı mənə toxundu, guya ciyəri yanan tək odur. Deyəsən, bu qədər yolu mənimlə gəldiyini unutmuşdu. Ac gözlərini şırnaqdan süzülən köpüklü pivədən ayırmırdı.

- Qədeş, soyuqdur? - soruşdu. Şıxəlinin sualı yersiz idi. O, sadəcə hövsələsini cilovlaya bilmirdi. İri krujka pivənin soyuqluğundan tərləyib donuq rəng aldı.

- Soyuq nədi? Şimal buzlu okeandı, mən ölüm, - satıcı malını öydü. - Şıxəli, bu qərdeşimizi tanımadım, - məni göstərdi.

- Həyətimizin təzə kvartirantıdı, canlara dəyən oğlandı, - qonşum məni təriflədi. - Tanıginən, Cənnətə mənsiz gəlsə, mərifətli qulluq eliyərsən.

- Mənim gözüm üstə, - sağ əli məşğul olduğundan satıcı sol əlini sol gözünün üstünə qoydu. Qızıl dişlərini göstərib qımışdı. Mənə elə gəldi, onu haradasa görmüşəm. Yox, bəlkə də şəhərdəki pivəsatanlara oxşadırdım. Onlar da Mirtağı kimi qızıldişlilər, sanki pivəxanada işləmək üçün satıcının qızıldiş olmağı şərtdir. Oxşarlıq həm də onların əyinindəki qısa ağ xalatda, davranışlarındadır. Mirtağı da müştərinin üzünə baxmırdı, diqqəti şırnaqdan süzülən kəhrəba rəngli mayedəydi. Süzdüyü köpüklü içkini kim içir, ondan ötrü heç bir mənası yox idi. Bu balaca köşkün qarşısında növbə düzülsəydi, bəlkə Mirtağı bizə bir o qədər məhəl qoymaz, bizimlə söhbətə girişməzdi. Mədənlərin ortasında tək-tənha qaldığından çənə vurmağa bir Allah bəndəsi axtarırdı.

Şıxəli qurumuş dodaqlarını yaladı.

- Nöş belənçiginə süzülür, qədeş?- hövsələdən oldu. - Alə, bunun "davlenisini" artırginən, tez dolsun də!

- Çəşm! - Mirtağı əyilib kranı açdı, ilan fısıltısına bənzər səs gəldi, şırnağın şırıltısı artdı.

Şıxəli gözünü şırnaqdan ayırmadan soruşdu:

- Alə, Miri, "çəşm" deyirsən a, o nə deməkdi elə?

Mirtağı belə sual gözləmirdi, bilmədi nə cavab versin. Başını qaldırmadan mızıldandı:

- Qədeş, mən ölüm, heç özüm də düz-əməlli bilmirəm. Mənnən qabaq burda Məmmədağa kişi işliyirdi, onnan eşitmişdim. Elə ha deyirdim, mənasını soruşaram, qismət olmadı, kişi rəhmətə getdi. Rəhmətlik danışığını bilən, abırlı adam idi... "Çəşm" pis söz olmaz...

- Farscadı, "göz üstə" mənasındadı, - mən izah elədim. Mirtağı özünü necə itirdisə, krujkanın dolub daşdığını belə görmədi.

- Eşitdin, qədeş, sənə nə deyirdim? - Şıxəliyə baxıb irişdi. - Dedim, nalayiq söz olmaz də...

Şıxəli qürurla məni süzdü, əlini kürəyimə vurdu, dönüb mənalı-mənalı satıcıya baxdı. Buna cavab olaraq satıcı da qızıl dişlərini göstərdi.

- Kvartirant kəllədi, bu mən ölüm, - məni təriflədi. - Allah belənçik birisini bizim həyətə də yetirsəydi, əntiqə olardı, millətə xeyri dəyərdi. Şıxəli qədeş, bəxtiviz gətirib, necə lazımdı.

Qonşum özünü dartdı.

- Bəs necə? Biz hər adamı həyətə buraxmırıq, - öyündü. Elə öyündü, guya kirənişin məsələsində Polina xala qonşularla məsləhətləşir, onarın razılığını alır. Nə bilim, bəlkə də elədi, mənim xəbərim yoxdu.

Şıxəli ağzını marçıldadıb yenə dodaqlarını yaladı. Ona baxıb qeyri-ixtiyari mən də qurumuş dodaqlarımı yaşlamaq istədim, ancaq dilim oduna dönmüşdü. Udqunmaq istədim, udquna bilmədim, boğazım da qupquru qurumuşdu. Ürəyimdə Şıxəliyə həsəd aparırdım, o, buz təki soyuq içkiyə məndən bir addım yaxın idi. Bax, indicə dolu krujkanı alıb, köpüklü içkini birnəfəsə başına çəkəcək... Bunu görməyim deyə, gözlərimi yumdum. Səhrada dili ağzında qurumuş adamın durub su içənə tamaşa etməyinin nə demək olduğunu o iztirabı yaşayan bilər.

- Student, al, vur bədənə, gör nə görürsən.

Şıxəlinin səsinə gözlərimi açdım. O, ağ köpüklü şüşəni mənə uzatdı. Mən hələ də nə baş verdiyini anlamır, kirimişcə durub baxırdım, gördüyümə inanmağım gəlmirdi.

- Nöş baxırsan, qədeş? - Şıxəli soruşdu. - Atalar deyib, su kiçiyindi.

Özümü toxtadıb, qonşumun təklifindən imtina eləmək istədim, guya susuzluğa dözümüm var, günlərlə içməyim, eynimə də gəlməz. Amma Şıxəli təkidindən əl çəkmədi.

Krujkanı dodaqlarıma apardım, üzdəki qalın ağ köpüyü acgözlüklə uddum, onun dalınca soyuq pivənin dadı damağıma dəyəndə gözlərimə işıq gəldi. Bir qurtum, iki qurtum, üç qurtum... İlahi! Bu nə halətdi? Qıcqırıb qıvşamış arpa tamı verən mayenin sərinliyi damarlarımla axıb bütün vücüdumu sarıdı. Gözlərimin qabağında nəsə işartılar oynadı, süngü buruqlar birdən-birə ağac olub yarpaqladı, qır, mazut dolu çalalar göy sulu nohurlara, göllərə çevrildi, havadan qatran iyi yox, bihuşedici gül-çiçək ətri gəldi...

Şüşə krujkanı dodaqlarımdan ayırmırdım. Bu nədi ki, elə bilirdim, yaxındakı dənizin suyunu belə sümürüb boşaltmağa nəfəs çatdıraram.

- Alə, tələbə, tormozla görək, - Şıxəli məni dayandırmaq istədi. - Nəfəsin gedər, qayıtmaz, bizi salarsan zibilə, - krujkanı əlimdən dartdı. Qımışdı: - Hə, necədir, student, de görüm indi hardasan?

-Cənnətdə! - mən düşünmədən cavab verdim. Bu sualın ayrı cavabı yox idi.

- Cənnət belənçik olur də, özgə cür olmaz ki... - qonşum özündən razı halda dilləndi. Nimçədəki noxuddan bir-ikisini ağzına atdı. - Bu pivnoy yedinkadı, mən ölüm, - dedi. - Şəhərin ən bərkgedən restoranında pivə içsən, belənçiyinə kayf verməz. Xramvozduxdu - Kislovodsk, - Şıxəli təriflədi. - Buranın havasında yod var, o da ki, dərmandı, müftə-müsəlləh, qəbul elə özünçün. Sənə deyim, taksiylə də gələ bilərdik, amma onda Cənnət olmazdı, olardı adicə pivnoy. Eləsi Şanxayda da var. Yoxsa, bu qədər yolu payi-piyadə nöş gəlirdik?..

Mən indi bildim, yəqin elədim ki, Cənnətin yolu Cəhənnəmdən keçir, könlü balıq istəyənin ayağı suda gərək. İnsanın xisləti belədir: pisi görməsə, yaxşının qədrini bilməz. Buruqların arasındakı kiçik pivə köşkü bu kimsəsiz məkanda bir mayak idi. Ancaq bu "mayak" işıqsızdı, uzaqdan qaraltı təki görünürdü və adamlar yolu azmasınlar deyə, əlbət, onun qaraltısını səmt götürürlər.

- Növbə dəyişəndə, neftçilər tökülüb gələcək, - Şıxəli dedi. - Bircə saata o boyda çəlləyi sümürüb qurudaceylər. Bu pivnoy olmasa, yetimlər susuzluqdan qırılar, mən ölüm.

Qonşumdan eşitdiyim bir xəbər isə məni lap haldan eləmişdi: sən demə, "Neftçi" komandasının oyunçularından da bura pivə içməyə gələnlər var. Futbolçu Eynullayev qardaşları Bayılda Mirtağı ilə bir həyətdə yaşayırmışlar. Dediyinə görə, Şıxəli onlarla Yasamal gölünün suyu qədər pivə içib. Mənimsə inanmağım gəlmirdi ki, azarkeşi olduğum bu məşhur oyunçularla qonşu məhlədə kirənişin yaşayıram. Bunu dost-tanışa danışıb öyünəcəm. Niyə də öyünməyim? Bilirəm ki, mənə həsəd aparan çox olacaq...

Məndən fərqli olaraq, qonşum pivəni birnəfəsə yox, aramla, qurtum-qurtum içir, yanğısını yavaş-yavaş söndürür, bununla da aldığı ləzzəti uzatmaq istəyirdi. Hərdən də əlində tüstülənən papirosa qullab vururdu. “Kazbek”in qəribə tüstüsü vardı, sarımtıl idi, burula-burula qalxdıqca arabir yaşıla da çalırdı. O, ağzından buraxdığı tüstünün havaya necə ağır-ağır qalxdığını sakitcə izləyir, arabir krujkanı dodaqlarına aparırdı. Şıxəlinin üzünün ifadəsi də dəyişmişdi, yeri gəldi-gəlmədi gülümsəyirdi. Danışığı da əvvəlki deyildi, astadan, sözləri uzadıb danışırdı.

- Mirtağı qədeş, alver necə gedir? - Şıxəli maraqlandı.

Satıcı onu eşitmirmiş kimi, əvvəl dillənmədi, əlini çiynindən asdığı dəsmala sildi, yalnız bundan sonra müştərinin sualına cavab verdi:

- Miyana. Qədeş, sən məni yaxçı tanıyırsan, bilirsən ki, heç vaxt naşükür olmamışam. Üç də qazananda "min bərəkət" demişəm, beş də qazananda... Qazandığım özümə qalsa, pis deyil, dolanmaq olar. İmkan vermillər: bunun uçastkovısı var, sanepidstansiyası var... Hərə bir yannan cibini açır. O gün təzə pojarnik gəlmişdi. Hara gəldi burnunu dürtür, ilişməyə bir şey axtarır. Onnan qabaqkı alayı cayıl idi, yüz araq, bir bakal pivəyə yola salırdım gedirdi. Təzə pojarniknən dil tapmaq çətindi...

Mirtağı daha nəsə demək istəyirdi, ancaq aralıda şöngümüş itin qəfildən acıqlı-acıqlı hafıldamağını eşidib səsini uddu, şüşənin arxasından buruqlara sarı boylandı. Sifətinin ifadəsi dəyişdi. Onun bu halı Şıxəlinin gözündən yayınmadı. Sual dolu nəzərini dostunun üzünə dikdi. Baxışından Mirtağı onun nə soruşmaq istədiyini anladı, ağzını açmağını gözləmədi, əllərini çiynindən sallanan ağ dəsmala silə-silə dedi:

- Allaha qurban olum... Adını tut, qulağını bur buna deyiblər e... Pojarnikdi gələn, it bircə ona hürür.

- Əlbət, heyvanın gözü paqon-maqon götürmür, - qonşum mülahizə elədi, it hürən səmtə baxdı.

Buruqların arasıyla hərbçi qiyafəsində bir adam gəlirdi. Əlindəki daşı hürüb özünü həlak eləyən köpəyə sarı tolazladı. Dəmir-dümürə dəyən daşın çıxardığı gurultu kilsə zəngini xatırlatdı, boğuq it hafıltısına qarışıb mədən boyu yayıldı. İt hürə-hürə daşın dalınca götürüldü, sonra qayıdıb yenidən hərbçiyə qıcandı.

Şıxəli bu mənzərəni kirimişcə izləyirdi, sanki kinoya baxırdı.

- Alə, bu qiryətli itmiş ki... - qımışdı. - Pojarnikin yumşaq yerinə bir kərəm ağız atsa, o yetim bu yannara ayaq basmaz, mən ölüm.

- Amma nə dedin, qədeş, - eşitdiyi pivəsatanın ürəyinə sarı yağ təki yayıldı. - Mən ölüm, bu pojarnikin əlinnən cana yığılmışam. Ərinmir, bu qədər yolu pay-piyadə gəlir ki, "proverka" aparsın. Deyirəm, nəçənnik, canınnan bezmisən? Hər yan qır-mazut çalasıdı, düşərsən çuxura harayıva çatan da olmaz. Qeyidir ki, Mirzəliyev, sən mənnən narahat olma.

davamı
XS
SM
MD
LG