Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:33

Suriyada geniş əraziləri ələ keçirən silahlılar kimlərdir?


İdlib əyalətinin şimal-qərbindəki Səraqib şəhərində "Həyat Təhrir əl-Şam" bayrağı daşıyan döyüşçü.
İdlib əyalətinin şimal-qərbindəki Səraqib şəhərində "Həyat Təhrir əl-Şam" bayrağı daşıyan döyüşçü.

Suriyanın geniş ərazilərini nəzarətə götürən döyüşçülər uzun müddətdir "yatan" vətəndaş savaşını yenidən oyadıb.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi yazır ki, ölkənin şimal-qərbindəki qəfil hücuma prezident Bəşər Əsədə qarşı vuruşan ən böyük silahlı qruplaşmalardan biri – "Həyat Təhrir əş-Şam" başçılıq edir.

Birləşmiş Ştatların terrorçu təşkilatı kimi tanıdığı "Həyat Təhrir əş-Şam" (HTŞ) müttəfiqləriylə birgə noyabrın 27-dən bəri Suriyanın ikinci ən böyük şəhəri Hələbi ələ keçirərək cənub istiqamətində irəliləyir.

HTŞ kimdir?

Sünni müsəlmanlardan oluşan qruplaşmanın bir çox üzvü qatı radikal sələfi hərəkatının davamçılarıdır. Onlar Suriyada şəriət qanunlarıyla yönəldiləcək dövlət qurmaq istəyirlər.

Qruplaşma 2012-c ildə - Suriyada vətəndaş savaşı başlayandan bir il sonra "Cəbhət ən-Nüsrə" adı ilə "əl-Qaidə"nin Suriyadakı qolu kimi yaradılıb.

Əbu Məhəmməd əl-Covlaninin başçılığı altındakı qruplaşma "əl-Qaidə"nin İraqdakı lideri Əbu Bəkr əl-Bağdadiyə tabe idi. Sonuncu daha sonra "əl-Qaidə" ilə əlaqələrini kəsdi və İŞİD-in təməlini qoydu. Əl-Covlani ona qoşulmaqdan boyun qaçırdı.

Əsəd qüvvələrinə qarşı vuruşan "Cəbhət ən-Nüsrə" ən qanlı silahlı qruplaşmalardan biri sayılır və kamikadze partlayışlarından, əldəqayırma bombaların tətbiqindən yararlanır.

Adını bir neçə dəfə dəyişən döyüşçülər "əl-Qaidə"dən uzaqlaşmağa çalışıblar.

Qruplaşma 2017-ci ildə Suriyanın şimal-qərbindəki müxalif qruplarla birləşib.

ABŞ kəşfiyyatının bilgilərinə görə, qruplaşmanın 5-10 min üzvü var. Ağ ev 2018-ci ildə HTŞ-ni terrorçu təşkilat kimi tanıyaraq qara siyahıya salıb. Əl-Covlaninin başına 10 milyon dollarlıq mükafat da qoyulub.

Müttəfiq dəstələr kimlərdir?

HTŞ İran və Rusiyanın dəstəklədiyi Əsəd rejiminə qarşı vuruşan döyüşçü və qiyamçı qruplara rəhbərlik edir.

İndiki döyüşlərə qatılan ittifaqının əsas üzvləri "Fələq əş-Şam", "Ceyş əl-İzzə", "Hərəkat Əhrar əş-Şam" və Türküstan Briqadasıdır.

2012-ci ildə yaradılan Türküstan Briqadası üzvlərinin çoxu Çin və Mərkəzi Asiyadan olan, daha çox tacik və özbəklərdən ibarət əcnəbi döyüşçülərdir (bir çox qaynaq sayca uyğurların daha çox olduğunu bildirir -red.).

HTŞ ilə rəsmən müttəfiq olmayan, ancaq eyni məqsədləri güdən qruplaşmalar da var. Bunlar Suriya Milli Ordusu və Azad Suriya Ordusudur. Hər iki silahlı qrupun Türkiyə tərəfindən dəstəkləndiyi və indiki döyüşlərə qatıldığı bildirilir.

XS
SM
MD
LG