Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

'İstənilən azərbaycanlı Yerevana gəlsin' - Alen Simonyanın AzadlıqRadiosuna müsahibəsi


Alen Simonyan
Alen Simonyan

"Ermənistan Azərbaycana hücum etməyə hazırlaşmır". Bunu AzadlıqRadiosunun Azərbaycan xidmətinə oktyabrın 18-də verdiyi müsahibəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan vurğulayır ki, Ermənistan öz ərazisinin 29 min 743 kvadratkilometr olduğunu elan edib və onun istədiyi yalnız bu ərazilərdir.

Ermənistanın xarici ölkələrdən silah alması ilə bağlı Azərbaycanın ittihamlarına gəlincə isə, Simonyan ölkəsinin bunu özünü müdafiəsi üçün etdiyini deyib. O, Azərbaycanla Ermənistanın silah alışının müqayisəedilməz olduğunu bildirib: "Hər zaman nəsə barədə razılaşıb, bir-birini nədəsə ittiham etmək olar. Rusiya Ukraynanın təhlükəsizliyinin zəmanətçisi idi. Sizə yaxşı nümunədir. Bu gün Ermənistanda təkcə bizim partiyamız hakimiyyətdə olduğu üçün yox, insanlarda da artıq sülh bağlamağın vaxtının çatması ilə bağlı əhval-ruhiyyə var. Bizim öz ölkəmiz var və ərazisi 29 min 743 kvadrat kilometrdir. Bizim dəqiq xəttimiz var və biz onu Almatı Bəyannaməsi ilə tanımışıq. Ermənistanla Azərbaycan arasında olan sərhəd hər iki tərəfdən hüquqi sənədlərlə tam olaraq sənədləşdirilib".

2020-ci il 44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan müxtəlif platformalarda apardıqları danışıqlarda bir-birilərinin ərazi bütövlüklərini tanıyıblar. Tərəflər ərazi bütövlüyünün SSRİ dağıldığı dönəmdə imzalanan Almatı Bəyannaməsi əsasında tanınması barədə razılaşıblar. Bu fonda iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası başlanıb. İlkin olaraq Ermənistan tərəfi Azərbaycana Qazaxın dörd eksklav olmayan kəndini qaytarıb və tərəflər müstəqillikdən sonra ilk dəfə sərhədlərini demarkasiya ediblər. Lakin hər iki tərəf delimitasiya və demarkasiya ilə bağlı prosesin uzun çəkə biləcəyini istisna etmir.

"Ermənilər Bakıya, Sumqayıta gəlsinlər"

Simonyan həmçinin iki ölkə arasında müzakirə olunan sülh müqaviləsi layihəsində yer alan 16 bənddən 13-nün tam razılaşdırıldığını, üçü ilə bağlı isə razılığa yaxın olduqlarını deyib. O bildirib ki, Ermənistan günü sabah sülh müqaviləsini imzalaya bilər. AzadlıqRadiosunun hansı bəndlərdə razılığın əldə olunmaması sualına Ermənistan parlamentinin spikeri cavab verməkdən imtina edib.

Azərbaycanın "Zəngəzur dəhlizi" adlandırdığı nəqliyyat xəttinə gəlincə, Simonyan Ermənistanın öz ərazisindən dəhliz vermək fikrinin olmadığını söyləyib. O, iki ölkə arasında kommunikasiyaların açılması məsələsində Avropa İttifaqı ilə Rusiya arasında olan Kalininqrad nümunəsinin tətbiqinin mümkünlüyünə də toxunub: "Biz Rusiya və Avropa İttifaqı kimi yaşamağa hazırlaşırıq? Mən hesab edirəm ki, biz Ermənistanın Gürcüstanla, Gürcüstanın isə Azərbaycanla yaşadığı kimi yaşamağa hazırlaşırıq. Biz mümkün olan bütün yolları sabah da açmağa hazırıq ki, istənilən azərbaycanlı Yerevana gəlib istirahət edib, nəsə alıb oradan başqa yerə - Naxçıvana getsin. Geri qayıdanda isə başqa şəhərdə dayanıb, sonra yenə davam edə bilər... Ermənilər də Bakıya, Sumqayıta və digər şəhərlərə gəlib, orada münasibət qursunlar, çay və ya kofe içib, məsələn, Dağıstana yola düşsünlər".

Tərəflər bir müddət əvvəl kommunikasiyaların açılması məsələsinin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəliblər. Hazırda tərəflər arasında əsas problem kommunikasiyaların hansı formada açılacağıdır. Azərbaycan Naxçıvana maneəsiz yol istəyir və rəsmi Bakı bunun üçün Kalininqrad variantının nəzərdən keçirilə biləcəyini belə deyir. Azərbaycanın bu istəyini hökumət rəsmiləri, əsasən, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il üçtərəfli bəyanatı çərçivəsində Yerevanın üzərinə götürdüyü öhdəliklər və vətəndaşlarının təhlükəsizliyi ilə izah edirlər. Lakin Ermənistan Azərbaycana dəhliz anlayışı çərçivəsində yol vermək istəmədiyini bildirir.

"Əks təqdirdə mən hakimiyyətdə olmazdım"

A.Simonyan isə deyir ki, Ermənistanın Azərbaycanla yenidən müharibə başlatmaq fikri yoxdur. O, hazırda ermənilərin dinc birgə mövcudluq istədiyini və buna sübutun onların partiyasının hakimiyyətdə olması olduğunu bildirib: "Mən tez-tez təəccüblənirəm ki, niyə və nə üçün Azərbaycan tərəfi və ya Azərbaycan əhalisi "Ermənistan yenidən hücum etmək qərarına gələ bilər, ya da yeni müharibə başlada bilər" barədə düşünməlidir? Mən buna hansısa səbəblər görmürəm. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tam tanıyıb... Ermənistan əhalisinin istədiyi yeganə şey dinc mövcudluqdur, əks təqdirdə mən hakimiyyətdə olmazdım, o dəyişərdi. Hər zaman "ermənilər güc toplayıb bizə hücum edəcəklər" fikrinə istinad etmək, üzr istəyirəm, məncə, bu, ciddi deyil".

Xatırlatma

Ermənistanla Azərbaycan arasında konflikt 30 ildən çoxdur davam edir. 2020-ci il 44 günlük müharibə və 2023-cü il sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü tam təmin edib. Tərəflər arasında 44 günlük müharibədən sonra aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər.

XS
SM
MD
LG