Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

Latviyada rusdillilər seçim qarşısında: Ya dil sınağından keçməli, ya da ölkədən çıxmalıdırlar


Rusdillilər Riqada latış dili dərsində
Rusdillilər Riqada latış dili dərsində

Latviyada daimi yaşayan, ancaq latış dili imtahanını verə bilməyən etnik rus vətəndaşlara 30 gün ərzində ölkəni tərk etmək, ya da deportasiya ilə üzləşəcəkləri haqqında məktublar gəlməyə başlayıb.

Məktubları Latviya miqrasiya xidməti göndərir. Məktubun ünvanlandığı şəxslərsə Latviyaya sovet dönəmində gələn, çoxunun yaşı 60-ı aşan, Latviya müstəqillik qazandıqdan sonra Latviya pasportu almamağı seçən, əvəzində Rusiya vətəndaşlığı alan keçmiş SSRİ vətəndaşlarıdır. Onlar Latviyada daimi yaşayış icazəsi ilə yaşayırlar. Ancaq bir qayda olaraq, latış dilində danışmır və latış mədəniyyətinə maraq göstərmirlər.

AzadlıqRadiosunun əməkdaşı Mariya Andreyevanın hazırladığı materialda deyilir ki, çox zaman rusiyayönlü olan bu şəxslərin xəbər qaynağı da Rusiya mediasıdır.

Latviya vətəndaşları Rusiya ilə ikili vətəndaşlığa sahib ola bilməzlər

"Mən, sadəcə, pulum olmadığından kurs götürməmişəm. Üç ayda 340 avro təqaüd alıram. Riqadan mənə kağız parçası göndərib deyirlər ki, buna 70 avro ödəməliyəm", - bir rusdilli qadın CurrentTimeTV-yə dil imtahan mərkəzinin qarşısında verdiyi müsahibədə belə deyib.

"Böyük ehtimalla keçməmişəm. Yalnız bəzi sualları cavablamışam. Latış dilində ünsiyyətdən ötrü heç bir sfera, yer yoxdur", - yenə həmin qadının sözləridir.

2022-ci ildə Rusiya Ukrayna üzərinə tammiqyaslı hücuma başlayandan bəri Latviya parlamenti miqrasiya qanununa düzəliş edib. İndi Rusiya pasportu daşıyan şəxslər Latviyada yaşayış icazələrini uzatmaq üçün latış dilini gündəlik danışıq səviyyəsində bildiklərini təsdiqləməlidirlər. Ancaq Latviyada yaşayan rusların bir çoxu bu imtahanı keçməyib. Bəziləri bu yaşda xarici dil öyrənməyin çətinliyindən şikayətlənir, digərləri də, sadəcə, bunu etməkdən boyun qaçırır.

Müxtəlif qaynaqlara görə, mindən çox rus bu imtahandan kəsilib. Latviya qanununda deyilir ki, imtahan verilməsə, Latviyada yaşayış icazəsi (o cümlədən daimi yaşayış icazəsi) ləğv olunur və həmin şəxs ölkədə qanuni yaşamaq imkanını itirir. Son 12 ayda Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi (PMLP) belə insanların ölkədən çıxmasına 63 order verib.

Riqada sovet hərbi abidəsi sökülür.
Riqada sovet hərbi abidəsi sökülür.

Latviya rəsmiləri doqquz halda insanları ölkədən zorla deportasiya ediblər. İmtahandan kəsilən daha 632 nəfərsə PMLP-nin orderini gözləmədən ölkəni könüllü tərk edərək Rusiyaya gedib.

Daha min nəfərədək adam havadan asılı qalıb. Bunlar heç vaxt dil imtahanı verməyən, yaxud Latviyada daimi yaşayış icazələrinin uzadılması üçün sənəd təqdim etməyən şəxslərdir. PMLP onların bu addımı atmamalarının səbəbini açıqlamalarını gözləyir.

"İnsanlar bu davranışlarını müxtəlif cür izah edirlər. Məsələn, Miqrasiya Xidmətindən məktub almadıqlarını deyirlər. Ancaq, əlbəttə, əlimizdə xəbərdarlıq məktublarının alınmasının təsdiqi var", - PMLP-nin sözçüsü Madara Puke belə deyir.

"Daha sonra adamlar onlara Konstitusiya Məhkəməsinin müsbət qərar verəcəyini və yeni qaydaların onlara təsir göstərməyəcəyini deyən siyasətçilərə inandıqlarını deyirlər. Bir çoxları gerçəkdən son anadək bunun onlara təsir etməyəcəyinə inanıb. Xeyli bəhanələr var", - yenə Rukenin sözləridir.

Bu ilin rəsmi statistikası

Latviya sakinlərinin 63 faizi özünü latış, 23 faizi rus, 3 faizi ukraynalı, 3 faizi Belarus, 2 faizi polyak sayır. 2022-ci ilin rəsmi bilgilərinə görə, ölkə sakinlərinin 62 faizi evdə latış, 35 faizi isə rus dilində danışırlar.

Moskvanın Ukraynaya hücumu ilə bağlı münasibətə gəlincə, baxışlar, müəyyən mənada, etnik sərhədlərə görə parçalanır. Latviyada son üç ildə aparılan bir sıra sorğunun sonuclarına görə, latış dilində danışanların azı 80 faizi müharibəyə görə Rusiyanı qınayıb. Rusdillilərə gəlincə, bu say 32 ilə 38 faiz arasında olub.

Ancaq Kreml qonşu ölkələrdə yaşayan rusdilli azlıqları çoxluğun təzyiqinə məruz qalan qruplar kimi qələmə versə də, Latviyada rus dilində danışanların çoxu Kremlin aqressiyasını dəstəkləmir.

Latviyadakı rusdilliləri təmsil edən Harmoniya Partiyası bir zamanlar rusiyayönlü kimi tanınırdı və Rusiyanın hakim Vahid Rusiya Partiyası ilə bağlantılıydı. Ancaq partiya Rusiyanın Ukraynaya hücumunu qınayıb. Onun parlamentdəki üzvlərindən biri - Boris Tsileviç isə BBC-yə belə deyib: "[Müasir Rusiya] nasist Almaniyası siyasətinin tam eynisidir. Normallaşmanın tək yolu Rusiyanın hərbi yenilgisidir".

Riqada rus azlığının nümayəndələri İkinci Dünya müharibəsinin bitməsini və Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsini bayram edirlər. 2017
Riqada rus azlığının nümayəndələri İkinci Dünya müharibəsinin bitməsini və Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsini bayram edirlər. 2017

PMLP-yə görə, yeni qanunun təsirinə məruz qalacaq rusların 85 faizindən çoxu artıq bütün zəruri sənədləri doldurub və ya artıq imtahanını verdiyi, ya da latış dilini öyrənməkdə olduğu üçün müvəqqəti yaşayış icazəsini alıb.

Di gəl, Rusiyanın dövlət mediası və təbliğatı imtahandan keçməyənlərin deportasiyası mövzusuna fokuslanaraq bütün rusdillilərin ayrıseçkiliyə məruz qoyulduğunu iddia edir. Bir ildən çoxdur ki, Rusiya mediası Latviyanın "rusdilli təqaüdçüləri zorla deportasiya etməsi" xəbərini yaymaqdadır.

Latviya hökuməti ölkədə rusdillilərə qarşı heç bir ayrıseçkiliyin olmadığını vurğulayır. Latviya yaşayış icazəsi almaq istəyən bütün əcnəbilərə tam eyni dil tələbləri qoyur. Başqa ölkələrin də imtahanı verə bilməyən vətəndaşları ölkədən çıxarılır.

Latviyada miqrasiya qanununa dəyişiklik təxminən 25 min adama təsir göstərib

Ölkə içində ictimai müzakirə Latviya parlamentini ötən ilin sentyabrında qanuna düzəliş etməyə vadar edib. Yeni düzəlişə görə, dil tələbləri yerində qalıb, ancaq insanlara dili öyrənmək və imtahanı vermək üçün daha çox vaxt verilib. Bu, 2003-cü ilin mayından sonra Rusiya vətəndaşlığı alan ölkə sakinlərinə şamil edilir. Onların arasında imtahanı verməyə çalışan, ancaq kəsilənlər də var, tutarlı səbəblərdən imtahana getməyənlər də.

XS
SM
MD
LG