Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:10

Paşinyan yenə də Müstəqillik Bəyannaməsindən danışıb


Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümü münasibətilə təbrikində deyib ki, Ermənistan Konstitusiyasında bu bəyannaməyə istinad var, lakin bu heç də bəyannamənin konstitusiyanın tərkibində olması anlamına gəlmir.

Paşinyan vurğulayıb ki, müstəsna əhəmiyyətə malik Müstəqillik Bəyannaməsi Ermənistanda Qarabağ hərəkatının zirvə nöqtəsinə çatdığı və SSRİ-də iqtisadi, siyasi və ideoloji böhranın baş verdiyi bir vaxtda qəbul olunub:

“2020-ci il müharibəsindən əvvəl, xüsusilə də müharibədən sonra mən Bəyannamənin mətnini təkrar-təkrar oxumuşam. Etiraf etməliyəm ki, mənim bu sənəddən müharibədən sonra aldığım təəssürat müharibədən əvvəlki təəssüratdan fərqlənirdi”.

“İncil ayəsi deyil”

Paşinyanın sözlərinə görə Bəyannamə mətninin tənqidi təhlili göstərir ki, Yerevan sonunda “bizi Sovet İttifaqının bir hissəsi edən” diskurs və məzmunu seçib.

Baş nazirin sözlərinə görə söhbət Ermənistanı qonşuları ilə daimi münaqişələrdə, regional qarşıdurma mühitində tutub saxlayan diskursdan gedir:

“Müstəqillik Bəyannaməsi ilə biz Sovet İttifaqından çıxış istiqamətini elan etmişik, amma eyni zamanda Sovet İttifaqından bütün çıxış yollarını bağlamışıq. Demək olar, 20-ci əsrin sonunda Müstəqillik Bəyannaməsi ilə biz elə bir formul seçmişik ki, bu formul artıq 20-ci əsrin əvvəllərində müstəqilliyimizin itirilməsi ilə nəticələnmişdi”.

Paşinyan deyib ki, “başqa yolların Ermənistanı hara gətirib çıxaracağı məlum deyil, amma keçilmiş yolun təhlili bizim tarixi borcumuzdur”:

“2018-ci ildə Ermənistan Respublikasının baş naziri olmazdan əvvəl mən Ermənistanın Müstəqillik Bəyannaməsinə “İncil ayəsi” kimi baxmışam. Halbuki Bəyannamənin lap belə təməl sənəd olsa da, dərin təhlilinə ehtiyac vardı. Çünki bu, həm də nəticələri olan siyasi sənəddir”.

Azərbaycanın tələbi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, son bir ildə Azərbaycan iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına düzəliş edilməli olduğunda israr edir.

Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın başqa rəsmiləri deyirlər ki, Ermənistanın indiki konstitusiyasında Azərbaycana ərazi iddialarını ehtiva edən müddəalar var.

Bakı özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir.

Müstəqillik Bəyannaməsində isə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Bu da qeyd olunmalıdır ki, o vaxt daha yüksək instansiya olan SSRİ Ali Soveti sözü gedən aktı qanunsuz sayaraq dərhal ləğv etmişdi.

Paşinyanın özü də ötən fevral ayında indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Ermənistanın baş naziri iyulun 5-də bir daha Ermənistanın yeni konstitusiyasının qəbuluna çağırmışdı.

Paşinyan konstitusiyanın dəyişdirilməsi istiqamətində ilk addım kimi xüsusi islahat şurasına ana qanunun yeni mətninin layihəsinin hazırlanmasını tapşırıb.

Baş nazirin sözlərinə görə yeni konstitusiya 2026-cı ilin sonunadək referendumla qəbul olunmalıdır.

Müxalifət Paşinyanın bu çıxışını da tənqid edir

Öz növbəsində Ermənistan müxalifəti Paşinyanı Azərbaycanın bütün istəklərini yerinə yetirməkdə və əvəzində heç bir qarşılıq istəməməkdə ittiham edir.

Paşinyanın avqustun 23-də Müstəqllik Bəyannaməsinin ildönümü ilə bağlı verdiyi bəyanat da müxalifət tərəfindən tənqidsiz ötüşməyib.

Keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyasının deputatı Artur Xaçatryan Azatutyuna deyib ki, Paşinyanın bu istiqamətdə siyasəti dəyişməyib.

Deputat deyib ki, baş nazir Azərbaycanın təzyiqi altında Müstəqillik Bəyannaməsindəki prinsiplərdən də əl çəkmək istəyir.

Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Hovik Ağazaryan etiraf edib ki, baş nazir Bəyannaməyə tənqidi yanaşmaqda davam edir:

“Bizim baxışımız belədir ki, məncə biz konstitusiyanın yeni mətnində bu bəyannaməyə istinad etməməliyik”.

Azərbaycan 'Zəngəzur dəhlizi'ndən imtina edibmi?
Gözlə

No media source currently available

0:00 0:10:22 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

2023-cü il, sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG