Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:32

Miqrant qayığından salamat çıxmış qazax ailəsi Amerika arzusundan əl çəkmir


Bayxan Japak və Aray Japarkulova miqrant qayığı Kolumbiyanın Karib dənizi sahillərində batmadan bir neçə gün əvvəl Braziliyada.
Bayxan Japak və Aray Japarkulova miqrant qayığı Kolumbiyanın Karib dənizi sahillərində batmadan bir neçə gün əvvəl Braziliyada.

Qazaxıstanın Almatı şəhərindən olan Japak ailəsi Amerika arzusunu gerçəkləşdirməyə, bu yay Birləşmiş Ştatlarda yeni həyata başlamağa ümid edirdi.

Ancaq onların Amerikaya qanunsuz daxil olmaq cəhdi faciəylə bitib. Hazırda Janıraq işçi rayonunda köhnə həyatlarına davam edirlər.

Bayxan Japak, həyat yoldaşı Aray Japarkulova və dörd övladlarından ikisi iyulun 9-da Kolumbiyanın Karib sahillərində batan qayıqda olublar. Qayıqdakı 18 qanunsuz miqrantın azı biri həlak olub.

Ailə danışır ki, Birləşmiş Ştatlara uğursuz səfərə görə maşınlarını, ev heyvanlarını satıblar, evlərini girov qoyaraq 40 min dollar pul götürüblər.

Onlar Qazaxıstandan qonşu Özbəkistana keçməyi, oradan Qətərə, daha sonra Braziliyaya getməyi planlayıblar. ABŞ-yə yol alan minlərlə qazax miqrant məhz bu yolu seçir.

Ailə Braziliyadan sonra Kolumbiya, Meksika vasitəsilə ABŞ sərhədinə çatacaqdı.

Onlar Qazaxıstanı maliyyə çətinlikləri, övladlarına daha yaxşı təhsil vermək üçün tərk etmək istədiklərini deyirlər.

Almatı aeroportunda sürücü işləyən Japak yaxşı maaş aldığını, amma bunun altı nəfərlik ailəni doyuzdurmağa çatmadığını söyləyir.

"İpotekamızı, uşaqların geyimini, məktəb xərclərini dövlətin verdiyi uşaqpulu ilə ödəyirdik", – 35 yaşlı Japarkulova deyir.

Ana əlavə pul qazanmaq üçün piroq bişirib satdığını söyləyir. Dediyinə görə, normal dolanışıq üçün onlara ayda 1250 dollar lazım idi, amma ailənin gəliri bundan çox az olub.

Braziliyada təyyarəyə minməyə qoymayıblar

Ailə iyunda başladığı uzun səyahətə özləri ilə övladlarından ikisini – yeniyetmə oğlu Bekoşu və beşyaşlı qardaşı Darını götürüb.

Almatıdan 46 yaşlı aşpaz Kabidulla Kali də onlarla gedib. Onlar ABŞ-yə köçmək istəyən qazaxların çət qrupunda dostlaşıblarmış.

Japak ailəsi və Kabidulla Kali Braziliyada uğursuz səyahətləri zamanı.
Japak ailəsi və Kabidulla Kali Braziliyada uğursuz səyahətləri zamanı.

Beş nəfər Braziliyaya çatanda işlər düyünə düşüb. Rio-de-Janeyroda aeroport rəsmiləri onlara Nikaraqua paytaxtı Manaquaya uçmağa icazə verməyib. 36 yaşlı Japak danışır ki, əllərində qayıdış biletləri, Manaquada otel rezervasiyası da olub. Məmurlar onlara deyib ki, Nikaraqua uçuşu qadağan olunası sərnişinlərin siyahısını göndərib.

Birləşmiş Ştatlar Cənubi və Mərkəzi Amerika ölkələrinə təzyiq göstərir ki, ərazilərindən ABŞ-yə keçən qanunsuz miqrantlara qarşı tədbir görsünlər. Vaşinqton mayda Nikaraquanı miqrantlara yardım göstərməkdə ittiham edərək sanksiyalar tətbiq edib.

Japak deyir ki, ailə Qazaxıstana qayıtmağa qərar verir, hətta Kali Almatıya bilet də alır. Amma sonradan fikirlərini dəyişir, təhlükəli dəniz yolu ilə Nikaraquaya getmək üçün insan qaçaqçıları ilə əlaqə yaradırlar.

Riskli səyahət

Ailə Kolumbiyadan Nikaraquaya getmək üçün 8 min 500 dollar ödəyir. İyulun 8-də axşam İran, Ekvador, Kolumbiya və Venesueladan olan digər qanunsuz miqrantlarla birgə kiçik qayığa minirlər.

Oturmağa yer olmayan balıqçı qayığında ikisi kapitan olmaqla 20 nəfər vardı.

Japarkulova danışır ki, qayıqla 10 kilometr gedəndən sonra ada gözdən itib, böyük dalğalar peyda olub. Qayıqdakılar dərin fikrə dalaraq dalğalara fikir vermirmişlər. Ancaq qəfildən yekə bir dalğa qayığı çevirib, miqrantlar və əşyaları gecənin ortasında suyun üzündə qalıb.

Suda bir-birini tapan ailə bir neçə saat su üzərindəki benzin çəlləyindən yapışıb qalıblar.

"Həmin dəqiqələrdə ağlımdan nə keçdiyini təsvir edə bilmirəm. Bütün həyatım gözümün önündən keçdi. Uşaqlarıma görə qorxurdum... Düşünürdüm ki, gərək Qazaxıstana qayıdardıq, indi burada öləcəyik", – Japak yada salır.

Japarkulova dalğaların şahə qalxdığını, hər dəfə onları suya qərq etdiyini danışır.

"Şor su gözlərimizi yandırırdı, onu udurduq. Ürəyimiz bulanırdı. Uşaqlardan yapışmışdıq ki, batmasınlar", – ana xatırlayır.

Japak ailəsi daxil azı 15 miqrantı Kolumbiya donanmasının çevik reaksiya bölümü xilas edir. Amma Kali sağ qalmır, xilasedicilər onun cəsədini tapırlar.

Ailə dənizdə yükünü, pulunu, geyimini itirir. Di gəl, xoşbəxtlikdən pasportlarına heç nə olmur, Japak qayıq səyahətinə çıxmazdan öncə sənədləri lentlə bağlayıb kiçik çantaya qoyubmuş.

Japak ailəsinin pasportları zədələnməyib.
Japak ailəsinin pasportları zədələnməyib.

"Yalnız evə qayıtmaq istəyirdik"

Yorğun, kəlmə kəsə bilməyən ailə Kolumbiyada miqrasiya mərkəzinə yerləşdirilir. Japak danışır ki, onlara üç gün ərzində yaxşı baxıblar, yemək, geyimlə təmin ediblər. Amma mərkəzdən çıxmamalarına nəzarət olunub, hətta tualetə və mətbəxə gedəndə belə kimsə onları müşayiət edib: "Biz onsuz da (o zaman) ABŞ-a keçmək niyyətindən daşınmışdıq, yalnız evə qayıtmaq istəyirdik. Bütün borcları unutmuşdum, özümə deyirdim ki, pul qazanmağın yolunu taparam".

Kolumbiya rəsmiləri ailədən tələb edib ki, ölkəni mümkün qədər tez tərk etsin. Üç gün sonra Qazaxıstandan bir qohum onlar üçün Almatıya birtərəfli bilet alıb. İyulun 14-də Japak və ailəsi Qazaxıstana qayıdıb.

İşsiz, pulsuz, ödəməyə böyük borcu olan cütlük indi həm həyatlarını yenidən qurmağa, həm də yaşadıqları travmanı unutmağa çalışırlar. Amma onlar Amerika xəyallarından da əl çəkməyiblər.

Ancaq növbəti dəfə qanuni yollara baş vurmaq istəyirlər.

"Sınadığımız yol xüsusilə uşaqlar üçün riskə dəyməz. Bu məşəqqətdən çıxmaq taleyimizə yazılmışdı", – Japak vurğulayır.

Bu məqaləni AzadlıqRadiosunun jurnalisti Farangiz Nacibullah radionun qazax xidmətinin Almatıdan məlumatları əsasında yazıb.

XS
SM
MD
LG