Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:33

'Şərə haqq qazandırmaqdan' boyun qaçıran rus keşişləri


Rus pravoslav keşişi Ukraynada həlak olan əsgərlərin xatirəsinə dua mərasimi keçirir.
Rus pravoslav keşişi Ukraynada həlak olan əsgərlərin xatirəsinə dua mərasimi keçirir.

Ruhani Aleksey Ata bir zamanlar Moskva yaxınlığında Rusiya hərbi texnikasına dirilik suyu ilə xeyir-dua verirdi. Ancaq indi o, Rusiya qoşunlarına xeyir-dua vermək yerinə San-Fransiskoda ortayaşlı müştərilərə sağlam, gözəl olmağın və əzələlərini oynaq saxlamağın yollarını öyrədir.

Rus Pravoslav Kilsəsi rəhbərliyinin dəstəklədiyi müharibəni tənqid etdiyindən təqib təhlükəsi ilə üzləşən Aleksey rahib həyatı ilə vidalaşaraq, sağlamlıq kouçu peşəsini seçib. AzadlıqRadiosunun əməkdaşı Elizabet Ouenin Anastasiya Dzustati və CurrentTimeTV-nin materialları əsasında hazırladığı yazıda Alekseyin gerçək adı güvənliklə bağlı səbəblərdən açıqlanmır.

Aleksey tək deyil. Rus Pravoslav Kilsəsinin müharibəyə dəstəyini tənqidə tutandan sonra rahiblikdən boyun qaçırıb mühacirət edən rus pravoslav rahiblərinin dəqiq sayını göstərəcək bilgi yoxdur. Di gəl, Latviyada fəaliyyət göstərən müstəqil media qurumu "Novaya Gazeta Europe"un araşdırması nəticəsində 2022-ci ilin fevralından bəri Rus Pravoslav Kilsəsi və Rusiya təhlükəsizlik xidmətlərinin müharibəyə qarşı çıxan, azı, 59 rahibi susdurmaq üçün tədbir gördüyü üzə çıxıb.

"Müqəddəs Rusiya"ya dua oxumaq?

Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Rusiyanın Ukraynaya hücumunu, sözün gerçək anlamında, "müqəddəs" savaş kimi qələmə verib. Rus Pravoslav Kilsəsi öz rahiblərinə moizələrində "müqəddəs Rusiya"ya dualar oxumaq və Rusiyanın qələbəsi üçün dua etməklə bağlı təlimat verib. Patriarx ötən ilin sentyabrındakı xütbəsində deyib ki, bu müharibədə əsgər kimi ölmək "bütün günahları yuyur".

Kirill onun mövqeyi ilə razılaşmayan rahiblərin istefası və mühacirəti ilə bağlı ictimai açıqlama verməyib. CurrentTimeTV açıqlama üçün Moskva Patriarxlığı ilə əlaqə yarada bilməyib.

Patriarx kilsənin daxili problemlərə dair söhbətdən qorxmadığını bəyan etsə də, CurrentTimeTV-nin müsahibə aldığı dörd rahib müharibəyə qarşı olduqları üçün Rus Pravoslav Kilsəsini tərk etməkdən və özünü yenidən tapmaqdan başqa seçim görmədiyini deyib.

Andrey Kordoçkin
Andrey Kordoçkin

2022-ci ildə Andrey Kordoçkin inancının qırıldığını hiss edib. O, Madriddə fəaliyyət göstərən tək rus pravoslav kilsəsinin – Santa Mariya Maqdalina kilsəsinin baş rahibi və Rus Pravoslav Kilsəsinin ispan-portuqal yeparxiyasının katibi idi. Ancaq Rusiyanın Ukraynaya tammiqyaslı hücumunu dəstəkləmədiyindən öz baxışlarından da imtina etməyib: "Mən deyirəmsə ki, insanları öldürmək qarşıdurmanın qəbul edilən forması deyil, bu mənim fikrim deyil, bu mənim inancımdır", - Kordoçkinin sözləridir. O, 2022-ci ilin martında din xadimlərinin müharibəyə qarşı birgə müraciətini imzalayıb.

"Ukrayna və Rusiya xalqlarına qarşı cinayət"

Ancaq 2022-ci ilin sonlarında 160 şəxs Kordoçkinin Rusiya rəhbərlərinə dua etməməsinin "təhqiramiz, antixristian əməl" olduğunu iddia edərək patriarxlığa şikayət göndərib. Onun özü şikayəti imzalayanların yalnız bir neçəsinin onun kilsəsinin ziyarətçisi olduğunu iddia edir.

Rahiblik fəaliyyətindən azad ediləcəyini gözləyən keşiş ötən ilin sonlarında istefa verərək ailəsi ilə birlikdə Almaniyaya köçüb. Alman Protestant Təriqətləri Federasiyası – Almaniya Yevangel Kilsəsi onun Göttinqen Universitetində post-doktorantura araşdırmalarını maliyyələşdirir. Kordoçkin ayda iki dəfə Niderlandda başqa bir şərq ortodoks icmasına xidmət göstərir.

O, Almaniyada başqa bir rus pravoslav rahibi ilə birlikdə "Mir Vsem!" (Hamıya sülh!) adlı layihəni maliyyələşdirir. Bu layihə onlayn ianələrdən yararlanaraq savaşa qarşı çıxdıqlarından iş yerlərini itirən rus pravoslav rahibləri dəstəkləyir.

Layihənin digər məqsədi Moskva Patriarxlığı və Rus Pravoslav Kilsəsinin "diktatura və müharibəni yekdilliklə dəstəkləyən monolit" qurumlar olmadığını göstərməkdir.

O deyir ki, rahiblərin müharibəyə qarşı çıxması "şərə əxlaqi yolla haqq qazandırmaqdan imtinadır".

Yakov Vorontsov
Yakov Vorontsov

"İndiki şəkildə Rus Pravoslav Kilsəsi kilsə deyil"

"Mir Vsem!" layihəsinin hər ay dəstəklədiyi din xadimlərindən biri də qazaxıstanlı Yakov Vorontsovdur. Almatı Merac Kilsəsinin keçmiş rahibi Yakov Qazaxıstanın özünə aid pravoslav kilsəsini yaratmasını təklif edən adamdır.

İyulun 15-də Rusiyanın "RIA Novosti" dövlət xəbər agentliyi Patriarx Kirillin kilsə adı "Yakov Ata" olan Vorontsovu kilsəyə xidmətdən azad etməsi haqda xəbər yayıb.

"Mənim üçün indi mövcud olduğu şəkildə Rus Pravoslav Kilsəsi kilsə deyil. O, konkret bir etnik qrupun maraqlarına xidmət edən bir növ dünyəvi təşkilatdır. Patriarx Kirillin yaratdığı bu avtoritarizm modeli Qazaxıstanda bizə yaramır", - Vorontsov xəbəri belə şərh edib.

Rus Pravoslav Kilsəsini Rusiya-Ukrayna sülh danışıqlarını təşviq etməyə çağıran Vorontsov ötən ilin iyununda vəzifəsindən istefa verib. İddia edir ki, kilsə ona yazılı şəkildə "Qazaxıstan Rusiyaya yardım göstərməlidir" bəyanatını vermək əmri göndəribmiş.

Onun Avtokefal Qazaxıstan Pravoslav Kilsəsi yaratmaq layihəsi, hələlik, irəli getməyib. Ortodoks xristianlığın müxtəlif məzhəbləri arasında ən üstün mövqeyə sahib Konstantinopol Ekümenik Patriarxlığı onun Qazaxıstan Kilsəsini tanımaq xahişini cavablandırıb. Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Dini İşlər Komitəsi də 50 nəfər davamçısı olsa, bu təşəbbüsü dəstəkləyəcəyini bildirib.

Vorontsov və ailəsi çətinliklə dolanır. "Mir Vsem!" layihəsinin ianələrindən başqa, onun anası mənzilini kirayə verib. Vorontsov həm də reklam mətnləri yazır (kopirayterlik edir) və kitab redaktəsi ilə məşğul olur.

Ancaq o, bütün bu çətinliklərə rəğmən, doğma Qazaxıstanı tərk etmək niyyətində deyil. "Mənim aid olduğum insanlar buradadır. Mənə inanan adamları niyə tərk etməliyəm?", - onun sözləridir.

XS
SM
MD
LG