Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

AXCP sədri barəsində cinayət işi açılıb


Əli Kərimli, arxiv fotosu
Əli Kərimli, arxiv fotosu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli
barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb.

AXCP sədrinin deməsinə görə, iş üzrə məhkəmənin hazırlıq iclası avqustun 13-ü, saat 11:00-da Nəsimi rayon Məhkəməsində olacaq. Ə.Kərimli qeyd edir ki, məhkəmədən ona göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən və hansı səbəb ilə qaldırıldığı yazılmayıb:

“Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var”.

Bu maddələr üzrə şəxsə 3 ilə qədər həbs cəzası verilə bilər.

Əli Kərimli deyir ki, o, heç kimi təhqir etməyib, heç kimə böhtan atmayıb. “Repressiya maşınının növbəti saxtakarlığı, növbəti üzəduranlığıdır”, -- deyə o vurğulayıb.

Ancaq rəsmilər bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı səslənən fikirləri əsassız sayırlar.

Şikayətçi keçmiş partiya üzvüdür

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, AXCP sədrindən bir neçə il öncə bu partiyadan çıxarılmış Aydın Əliyev şikayət edib. Onun şikayəti əsasında ötən il partiyanın qurultayının nəticələri ləğv olunub.

AXCP-nin qurultayı 2023-cü ilin iyunun 24-də keçirilib. Amma A.Əliyev qurultayla bağlı məhkəməyə müraciət edərək, orada qəbul edilən qərarların etibarsız sayılmasına nail olub. Üstəlik, Ədliyyə Nazirliyi də son qurultayın nəticələrini tanımayıb. Halbuki, qanunverciliyə son dəyişiklikdən sonra, 2023-cü ilin sentyabrında AXCP-nin yenidən qeydiyyatdan keçdiyi açıqlanmışd.

Aydın Əliyev 2019-cu ildə AXCP-dən xaric edilib. Sonradan 2020-ci ildə o, məhkəmə yolu ilə Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib. A.Əliyev deyib ki, komissiya sədri kimi partiya nizamnaməsinin pozuntularını qeydə almaq onun vəzifə səlahiyyətinə aid olub. Amma dediyinə görə, ona partiyanın şəhər, rayon təşkilatlarının konfranslarında iştirak etməyə imkan verməyiblər və partiya sənədləri ilə tanış olmaqdan kənarlaşdırıblar. Bu səbəbdən AXCP-nin qurultayının nəticələrinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət edib.

Amma cinayət işi ilə bağlı Əli Kərimlidən şikayətin detallarını isə, hələlik, öyrənmək mümkün olmayıb.Bununla bağlı Aydin Əliyevlə sonradan danışmaq cəhdi də nəticəsiz qalıb.

AXCP sədri: ‘Hazırda 12 nəfər həbsdədir’

AXCP sədri Əli Kərimli habelə əlavə edib ki, ölkədə repressiyalar “absurd həddə çatıb” .

Onun sözlərinə görə, Xalq Cəbhəsinin indiyədək 50-yə yaxın funksioneri siyasi məhbus həyatı yaşayıb:

“Hazırda 12 nəfər həbsdədir. Üstəlik, bizim sonuncu qurultaydan sonra, AXCP-ni sıradan çıxarmaqdan ötrü məqsədyönlü iş başlanıb”.

Əli Kərimlinin vurğulamasına görə, o hər zaman çıxışlarında korrekt olub və heç kimi təhqir etməyib:

“Azərbaycan hakimiyyətini sərt tənqid edirəm. Onların korrupsiyasından danışıram, seçkini saxtalaşdırmağından danışıram, Azərbaycandakı repressiyalardan danışıram, Azərbaycandan oğurlanan sərvətlərin ofşorlara daşınmağından danışıram, amma konkret heç kimi təhqir eləmirəm”.

Onun deməsinə görə, Azərbaycan elə bir ölkədir ki, müxalifət liderinin həbsi haqqında qərar prezident İlham Əliyev səviyyəsində verilir.

Hələlik, AXCP sədrinin bu fikirlərinə Prezident Administrasiyası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma dövlət başçısı bir qayda olaraq deyir ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

Rəsmilərin fikrincə, ölkədə siyasi məhbuslar yoxdur və siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb edilirlər.

Üstəlik, onların vurğulamasına görə, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə mövcuddur.

Xatırlatma

AXCP sədri barəsində bundan əvvəl (onda bu təşkilat Azərbaycan Xalq Cəbhəsi adlanırdı, Əli Kərimli həmin təşkilatda sədr müavini idi) 1994-cü ilin sentyabrında cinayət işi qaldırılıb. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdilər. Həmin vaxt o, həbs edilmişdi .Ancaq AXC sədrinin müavini, həbsdə elə də uzun müddət qalmayıb.

Ə.Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Ancaq 1994-cü ildə açılan cinayət işi əsas gətirilərək, ona yeni pasport verməkdən imtina edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyulun 16-da Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində (hərəkət etmək azadlığı) nəzərdə tutulan hüquqlarının pozuntusu kimi qiymətləndirib. Məhkəmə mənəvi ziyana və çəkilmiş digər xərclərə görə dövlətin Əli Kərimliyə 8 min 600 avro kompensasiya ödəməsinə qərar verib. Amma AXCP sədri hələ də xarici pasport ala bilməyib.

XS
SM
MD
LG