Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:39

İranda iki günə 36 nəfər edam edilib


Kərəcdə "Qızıl Hasar" həbsxanasının girəcəyi
Kərəcdə "Qızıl Hasar" həbsxanasının girəcəyi

Avqustun 6-7-də İranda 36 nəfər edam edilib. Onlardan 26-sı bir həbsxanada qrup şəklində edama məruz qalıb. Bu haqda avqustun 7-də insan haqları qrupu məlumat yayıb. Bundan bir gün öncə isə Qadın, Həyat, Azadlıq etirazlarında həbs edilən iranlı fəalın edamı beynəlxalq ictimaiyyət tərəfindən pislənilib.

Norveçdə yerləşən İran İnsan Haqları (İİH) təşkilatının məlumatına görə, ikisi əfqan olmaqla 26 nəfər Tehran yaxınlığındakı Kərəc şəhərində “Qızıl Hasar” həbsxanasında qətlə yetirilib.

İİH bildirir ki, İranda bu miqyasda qrup edamının misli görünməyib, sonuncu belə edam 2009-cu ildə baş verib.

Edam cəzasına məruz qalanlar qətl, narkotik və zorlama ittihamları ilə təqsirli bilinmişdilər. Bunu həm İİH, həm də İranda İnsan Haqları Mərkəzi bildirir.

İnsan haqları qrupları dəfələrlə İranı ölüm cəzasından 2022-ci il etirazlarından sonra cəmiyyətdə qorxu yaratmaq üçün istifadədə ittiham edib. Həmin il hicabı düzgün bağlamadığına görə saxlandığı bildirilən Məhsa Əmini polis nəzarətində vəfat edib və bundan sonra ölkəni kütləvi etirazlar bürümüşdü.

Bilinən və bilinməyən edamlar

“Beynəlxalq ictimaiyyət təcili reaksiya verməsə, yüzlərlə şəxs gələn aylarda İslam respublikasının qətl maşınının qurbanlarına çevrilə bilərlər”, – İİH direktoru Mahmud Əmiri-Moğaddam qeyd edib.

“Qızıl Hasar”da edam olunan 26 nəfərdən başqa, Kərəc şəhər həbsxanasında daha üç nəfər, Xorasan Rəzavi vilayətindəki Sabzevarda bir, Fars vilayətində, Şirazda üç, Hormozqan vilayətindəki Bandar Abbasda üç məhkum edam edilib.

“Bunlar yalnız bilinən edamlardır; bəzən ictimaiyyətə açıqlanmayan əlavə edamlar da gerçəkləşdirilir”, – qurum mətbuat üçün açıqlamada yazır.

Rza Rasai isə İranda 2022-ci ilin sentyabr etirazları ilə əlaqədar edam olunan 10-cu məhkum idi. O, kürd etnik azlığının üzvü, Yarsan etiqadının ardıcılı olub. Rasai İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) üzvünün Sahneh kürd şəhərində iğtişaşlar zamanı ölümü ilə əlaqədar təqsirli bilinib. Özü isə ittihamları rədd edib.

Rza Rasai
Rza Rasai

“Repressiya aləti”

“Amnesty International” fəalın gizlicə qətl edildiyini, ailəsi, yaxud vəkilinə öncədən məlumat verilmədiyini bildirib. Məlumata görə, sonra isə ailəni məcbur ediblər ki, onu evindən uzaq bir yerdə basdırsın.

AI-nin Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Diana Eltahavi (Diana Eltahawy) söyləyib ki, bu edam İranda edam cəzasının “əhali arasında qorxu səpməkdən ötrü siyasi repressiya aləti” kimi istifadə etdiyini göstərir.

Fransanın Xarici İşlər Nazirliyi avqustun 7-də Rasainin edamını pisləyib, “istənilən yerdə və şəraitdə ölüm cəzasına qarşı” olduğunu vurğulayıb, bunu “ədalətsiz və qeyri-insani cəza” adlandırıb.

İİH-in məlumatına görə, İranda bu il azı 345 nəfər edam olunub, islahatçı prezident Məsud Pezeşkian ötən həftə and içəndən bəri ölüm cəzasının tətbiqinə heç fasilə verilməyib.

XS
SM
MD
LG