Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

Putinin inauqurasiyası: iştirakçılar və etirazçılar


Putin and içməyə gedir
Putin and içməyə gedir

Mayın 7-də Kremldə Rusiya prezidentinin inauqurasiya mərasimi keçirilib.

Vladimir Putin 5-ci dəfə prezident olub. Onun budəfəki prezidentlik müdəti 2030-cu ildə başa çatmalıdır.

Putin özünün inauqurasiya nitqində Rusiyanın qarşısında “tarixdə dəfələrlə olduğu kimi yeni üfüqlərin açılacağını” vəd edib.

Onun çıxışında yenə də “çoxəsrlik ailə dəyərlərindən”, “tarixi məqsədlərdən”, “dünya dövləti yaratmış əcdadların ənənələrindən” bəhs edilib.

Putinin sözlərinə görə o bugün də bütün bunlardan “ilham alır”.

O habelə iddia edib ki, öz prezidentliyinin bundan əvvəlki illərində Rusiyanı qoruyub və xalqa xidmət edib.

Aİ-dən 6 ölkənin nümayəndələri iştirak ediblər

Xəbər verilir ki, mərasimə bütün diplomatik missiyaların nümayəndələri dəvət edilmişdilər. Lakin Qərb ölkələrinin əksəriyyəti, o cümlədən ABŞ, Britaniya və Avropa İttifaqının demək olar bütün ölkələri bu dəvətə laqeydlik nümayiş etdiriblər.

Mərasimdə Aİ üzvlərindən yalnız 6-sının – Fransanın, Macarıstanın, Slovakiyanın, Yunanıstanın, Malta və Kiprin nümayəndələri iştirak ediblər. Belçika nümayəndəsi mərasimdə iştirak etmək planını son anda dəyişib.

Putin 2024-cü ilin martında keçirilmiş seçkilərin nəticəsində Rusiya prezidenti olub.

Rusiya MSK-nın məlumatına görə ona seçicilərin 87.3 faizi səs verib.

Amma “Qolos”, “Vajnıye istorii” və “Novaya qazeta – Yevropa” saytlarının hesablamalarına görə Putinin xeyrinə 22 milyon səsin saxtalaşdırıldığı təxmin edilir.

Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti Rusiyada keçirilmiş seçki nəticələrinin legitimliyini tanımayıblar.

Yuliya Navalnaya: “Ölkəmizi yalançı, oğru və qatil idarə edir...”

Prezident seçkilərinə bir ay qalmış Rusiyanın Arktika zonasındakı koloniyalarından birində ölən müxalifət lideri Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya Putinin inauqurasiyası ilə bağlı müraciət edib:

"Bu çox mürəkkəb məsələdir, amma biz çalışmalıyıq. Bu isə daha əzmlə, daha inadla işləmək deməkdir. Hazırda bizim ölkəmizi yalançı, oğru və qatil idarə edir. Amma bu mütləq qurtaracaq. Təslim olmayın! Həqiqət mütləq qalib gələcək”.

İnauqurasiya ərəfəsində Ukrayna müharibəsinə səfərbər edilmiş şəxslərin arvadlarının “Put domoy” hərəkatı bəyanatla çıxış edib.

Bu bəyanat Putinin qəbul idarəsinin qarşısında yazılıb.

Bəyanatda deyilir ki, Putin insan haqları və vətəndaş azadlıqlarına dair “içdiyi andın bütün bəndlərini pozub”.

Aksiya iştirakçıları Putinin impiçmentini tələb edən petisiya hazırlamaq barədə qərar qəbul ediblər.

“Kremlə yox, Haaqaya”

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin qarşısında elə inauqurasiya saatlarında etiraz aksiyası keçirilirdi. Aksiya iştirakçıları Putini Kremlə yox, həbsxanaya “yerləşdirməryi” tələb edirdilər.

Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı əsassız və səbəbsiz tammiqyaslı hərbi müdaxiləyə başlayıb.

Bu müharibədə on minlərlə insan həlak olub, Ukraynanın infrastrukturuna, tarixi abidələrinə və təbiətinə nəhəng zərbə vurulub.

Rusiya hakimiyyəti antimüharibə çıxışları edənləri təqib edir. OVD-Info saytının hesablamasına görə antimüharibə mövqeyinə görə Rusiyada azı 911 nəfərə qarşı cinayət işi açılıb.

XS
SM
MD
LG