Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:15

Rusiyada bu prezident seçkisi Putinin Stalindən bəri ən uzun hakimiyyətini möhkəmləndirə bilər


Vladimir Putin və İosif Stalin
Vladimir Putin və İosif Stalin

Rusiyanı sovet diktatoru İosif Stalindən sonra ən uzun zaman yönəldən 71 yaşlı Vladimir Putinin 15-17 mart tarixlərində keçirilən seçkilərdə yenidən qalib çıxacağına, demək olar, heç bir şübhə yoxdur.

Otuz üç yaşlı Sankt-Peterburq sakini Saşa Skoçilenkonun cinayəti supermarketdə qiymət nişanlarını savaş əleyhinə mesajlarla əvəzləməsiydi. O, qiymət nişanlarını “Mənim ulu babam 4 il II Dünya Müharibəsində ona görə vuruşmayıb ki, Rusiya faşist dövlətinə çevrilsin” kimi mesajlarla əvəz edib. Oleq Tarasov öz wi-fi-na “Slava Ukraini!” adı qoyduğu üçün həbsə atılıb. Aleksey Moskalyov 13 yaşlı qızının məktəbdə çəkdiyi şəklə görə Rusiya ordusunu gözdənsalma maddəsi ilə suçlanaraq, iki il həbs cəzasına məhkum edilib. Qızı da uşaq evinə göndərilib.

“USA Today” qəzeti yazır ki, Rusiyanı sovet diktatoru İosif Stalindən sonra ən uzun zaman yönəldən 71 yaşlı Vladimir Putinin 15-17 mart tarixlərində keçirilən seçkilərdə yenidən qalib çıxacağına, demək olar, heç bir şübhə yoxdur. Seçki qalibinin andiçmə mərasimi mayda Böyük Kreml sarayında keçiriləcək.

Müşahidəçilər deyirlər ki, 1999-cu ildən bəri ölkəni yönəldən keçmiş KQB zabiti Putin yenidən qalib olacaqsa, bu onun öz hakimiyyətinə təhdid kimi gördüyü amilləri zəiflətmək üçün bütün rıçaqlardan yararlanması, Rusiyanın siyasi sisteminə sərt nəzarəti gerçəkləşdirmək üçün çox böyük məbləğdə vəsait xərcləməsi və seçkini saxtalaşdırması ilə bağlıdır.

Moskvada yaşayan insan haqları fəalı Alyona Popova 2021-ci ildə keçirilən parlament seçkilərində mandat qazana bilməyib. O öz seçki kampaniyasını qadın haqları və məişət zorakılığı məsələləri üzərində qurmuşdu. Rəsmi qurumlar onun feminist baxışlarının “ekstremist” olduğunu və “ənənəvi dəyərlərin məhvinə” yol aça biləcəyini söyləyiblər. Üstəlik, Popovaya "xarici agent" damğası yapışdırılıb.

“PUTİN ALTERNATİV FİKİR İFADƏSİNİ KRİMİNALLAŞDIRIB”

Popova Putinin alternativ fikirləri dilə gətirməyi cinayət saydığını deyib. Son illər Rusiya hökuməti insan haqlarını, o cümlədən söz və toplaşma azadlığını, eləcə də azlıqların hüquqlarını məhdudlaşdırmaq üçün çox sayda yeni qanunlar qəbul edib. Putin Rusiyanın Ukraynaya müdaxiləsini “müharibə” adlandırmağı yasaqlayıb.

O, 2021-ci ildə Rusiya Konstitusiyasını dəyişdirib ki, ən azı, 2036-cı ilədək hakimiyyətdə qala bilsin. Builki seçkilərdə isə Putin, sadəcə, rejimlə əməkdaşlıq edən üç nəfərin namizəd olmasına imkan verib.

Bu namizədlər Liberal Demokrat Partiyasından olan ifrat millətçi Leonid Slutski, Kommunist Partiyasını təmsil edən Nikolay Xaritonov və Yeni Xalq Partiyasından millətçi və mərkəzçi Vladislav Davankovdur. Onların heç biri Ukraynada aparılan savaşa qarşı deyil və hər üçünün adı, Putinin özü kimi, Qərbin sanksiya siyahılarındadır. Heç biri seçki məntəqələrinə müstəqil müşahidəçilər gətirmək öhdəliyi də götürməyib. Hər üçü antifeminist və antiLGBT qanunlarını, o sıradan məişət zorakılığının dekriminalizasiyasını dəstəkləyir.

“AVTORİTAR LİDERLƏRİ…ELİTA DEVİRİR”

Ötən ay müxalifət lideri Aleksei Navalnının həbsxanadakı ölümü (ailəsi və tərəfdarları onun qətlə yetirildiyini düşünürlər), Putinin çox sayda opponentinin müəmmalı şərtlərdə ölməsi, yaxud xəsarət alması onun dövlət sifarişli qətllərə də qadir olduğunu göstərir. Düzdür, Kreml belə zorakılıq halları ilə bağlı bütün ittihamları rədd edir.

Durum belədirsə, Putin Rusiyada istədiyini edə bilirsə, onda niyə özünü əziyyətə salıb seçki keçirir?

London Kral Kollecinin Rusiya siyasətindən dərs deyən professoru, uzun illər Moskvada yaşamış Səm Qrin (Sam Greene) deyir ki, Putin “rusiyalılara səslərinin önəmsiz olduğunu deməklə bağlı riski üzərinə götürmək istəmir”.

Onun sözlətinə görə, “avtoritar liderləri küçə hərəkatı yox, elita devirdiyindən”, seçki Putinin “kütlələrə nəzarət edə bilən” lider olduğunu nümayiş etdirmək üçündür.

“BAZAR GÜNÜ GÜNORTA”

Məqalədə deyilir ki, Rusiyanın mühacir müxalifətinə indi Navalnının dul xanımı Yuliya Navalnaya rəhbərlik edir. O, rusiyalıları bazar günü günorta saat 12-də, etiraz əlaməti olaraq, məntəqələrdə sıxlıq yaratmaqdan ötrü elliklə məntəqələrə gəlməyə çağırıb:

“Bu çox sadə və təhlükəsiz davranışdır. Onu qadağan edə bilməzlər və bu, milyonlarla insana bənzər düşüncədə olan insanları görüb, tək olmadığını anlamağa kömək edəcək. Biz bizim kimi müharibəyə, korrupsiya və qanunsuzluğa qarşı olan insanlarla əhatə olunmuşuq”.

Navalnının ölümündən sonra Rusiya təhlükəsizlik xidmətləri cəld tərpənərək, hər hansı kütləvi toplaşma, yaxud tənqid əlamətlərinin qarşısını alıb. Rusiya polisi 400-dək insanı Navalnının məzarı üstündə növbə çəkdiyinə, yaxud gül qoyduğuna görə həbsə atıb. Onların arasında dəfn günü saxlananlar da var.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Rusiya və Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində səsvermə hüququ olan təxminən 112 milyon nəfər var. Xaricdə yaşayan seçicilərinsə sayı 1,9 milyon nəfərdir.

XS
SM
MD
LG