Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:23

Avropa Parlamenti Azərbaycanı kəskin pisləyən hesabatını açıqlayıb. Bakıdan sərt reaksiya


Avropa Parlamentinin fevralın 28-də açıqlanmış “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” adlı illik hesabatında Ermənistana Avropa Sülh Fondu vasitəsilə dəstək verilməsinə çağırış edilir.

Sənəd Avropa İttifaqını Cənubi Qafqazdakı mövcudiyyətini gücləndirməyə çağırır.

Hesabatda habelə Ermənistana öz hazırkı hərbi müttəfiqliklərinə yenidən baxmaq şəraitinin yaradılması üçün Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətindən Yerevana Avropa Sülh Fondu vasitəsilə lazımi yardımların edilməsi istənir.

Avropa deputatları bu məqsədlə Ermənistanda Azərbaycanla sərhəddə yerləşdirilmiş müşahidəçilərin sayının artırılması, bu missiyanın mandatının gücləndirilməsi, missiya müddətinin uzadılması və onun potensial olaraq Ermənistanın Türkiyə ilə sərhədini də əhatə etməsini təklif ediblər.

Sanksiyalara çağırış

Hesabatda deyilir ki, Avropa Parlamenti Azərbaycanın Qarabağ erməniləri üzərinə “səbəbsiz və əvvəlcədən planlaşdırılmış hücumunu” pisləyir.

Bu hesabatda Azərbaycan beynəlxalq qanunu və insan haqlarını kobud şəkildə pozmaqda ittiham olunur, Qarabağda baş verənlər isə “əslində de facto etnik təmizləmə kimi qiymətləndirilə biləcək” hadisə adlandırılır.

Sənəddə deyilir ki, Azərbaycanın hərəkətləri nəticəsiz qala bilməz və bu səbəbdən çoxsaylı atəşkəs pozuntuları üçün məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə sanksiyalar elan olunmalı, Azərbaycanla Aİ arasında Enerji Anlaşması Memorandumu ləğv edilməli, Azərbaycanla yeni tərəfdaşlıq sazişi üçün danışıqlar dayandırılmalıdır.

Hesabatda deyilir ki, Ermənistanın ərazi bütövlüyünə hər hansı hərbi təcavüz təqdirində prezident Əliyevin “hərbi və siyasi” əhatəsinə hədəfli və fərdi sanksiyalar elan olunmalı, Azərbaycandan neft və qaz idxalı dayandırılmalıdır.

Sənəddə habelə “qeyri-Aİ” ölkələrinin Azərbaycana yardımları pislənir.

Bu da qeyd olunmalıdır ki, Avropa Parlamentinin hesabatları icra üçün hüquqi baxımdan icbari deyil və yalnız məşvərət səciyyəsi daşıyır.

Bakının sərt reaksiyası

Azərbaycan Avropa Parlamentinin hesabatına kəskin reaksiya verib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə sənədi Azərbaycana qarşı “qarayaxma” adlandırıb.

O, hesab edir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik nümayiş etdirib:

“ ...heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi, ərazilərimizdə separatçılığın, Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir".

Azərbaycan Milli Məclisi sözü gedən hesabatı “qərəzli və birtərəfli” adlandırıb, Avropa Parlamentini Azərbaycan torpaqlarının 30 il müddətində işğalının pislənməsindən ardıcıl şəkildə imtina etməkdə ittiham edib:

“Avropa Parlamenti başa düşməlidir ki, daha əvvəl qəbul etdiyi qətnamələr kimi, bu sənəd də Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç kim tərəfindən şübhə altına alına bilməz. Heç kim Azərbaycana təzyiq göstərə bilməz”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG