Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Obamanın keçmiş müşaviri: 'Putin prezidentliyə qayıdanda dəyişmişdi, ABŞ bunu gec sezdi'


ABŞ prezidenti Barak Obama Şimali İrlandiyada keçirilən G8 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirir. 2013
ABŞ prezidenti Barak Obama Şimali İrlandiyada keçirilən G8 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirir. 2013

ABŞ prezidenti Barak Obamanın keçmiş yüksək vəzifəli müşaviri deyir ki, ABŞ 2012-ci ildə prezident vəzifəsinə geri dönən Putindəki dəyişiklikləri daha tez görməli və onun davranışlarına dirənmək üçün daha cəsarətli olmalı idi.

Milli güvənlik müşavirinin müavini olmuş Ben Rods (Ben Rhodes) "Nastoyaşeye Vremya"ya müsahibəsində Putinlə görüşünün təfərrüatlarından danışıb. Onun sözlərinə görə, Putin bütün görüş boyunca, əsasən, NATO-nun genişlənməsindən və ABŞ-ın Rusiyanı aşağılamağa çalışmasından bəhs edib.

"O, elə hey danışır, susmurdu. Onun qəzəbli aşağılanmış və, düzü, bəlli anlamda inamsız bir adam olduğu görünürdü", - Rods fevralın 21-də yazılmış müsahibədə belə deyir.

Toplam səkkiz il Obama administrasiyasında çalışmış, indi kitab yazan, podkast aparan və MSNBC kanalı ilə əməkdaşlıq edən Rodsun sözlərinə görə, bu, Putinin daha çox millətçilik və avtokratiyaya üz tutmasından xəbər verdiyindən ABŞ administrasiyası üçün daha aydın həyəcan siqnalı olmalı idi.

"Məncə, biz onun nə qədər fərqli bir personaj olduğunu görməkdə çox gecikmişdik", - yenə keçmiş müşavirin sözləridir.

Sankt-Peterburqda ədalətli seçkilər üçün nümayiş. 2012
Sankt-Peterburqda ədalətli seçkilər üçün nümayiş. 2012

"Hər şeyə "hə" deyən adamlarla əhatələnib"

Rodsun sözlərinə görə, Putin nə qədər güclü olduğunu çatdırmaq, ABŞ və digər Qərb ölkələrinə qarşı duran adam kimliyini möhkəmləndirmək istəyir və bunu "Rusiyanın itirilmiş böyüklüyünün bərpası" kimi görürdü. Rods deyir ki, Putin Rusiyaya rəhbərlik etdiyi bütün dövr ərzində həmin istiqamətdə hərəkət edib, ancaq bu hal onun prezident kimi Kremlə qayıtmasından sonra daha da artıb.

"Nastoyaşeye Vremya"nın əməkdaşı Kseniya Sokolyanskayanın yazısında deyilir ki, 2012-ci ildə keçirilən seçkilər saxtakarlıq ittihamları və etirazlarla yadda qalmışdı. Bu etirazların bir hissəsinə Putinin ən böyük opponenti Aleksey Navalnı başçılıq edirdi. Navalnı fevralın 16-da Rusiyada saxlandığı cəza düşərgəsində həyatını itirib.

Etirazları görən və özünün tarixdəki yerini düşünən Putin prezidentliyə daha aqressiv, daha döyüşkən və daha çox hər şeyə "hə" deyən adamlarla əhatələnmiş şəkildə geri dönmüşdü", - Rods belə deyir.

"Məncə, bunların hamısı onun gördüyümüz risklərə,… hər şeydən öncə Ukraynada gördüyümüz risklərə getmək istəyinə təsir göstərib", - yenə keçmiş müşavirin sözləridir.

Rodsun fikrincə, bu, Putinin Navalnı kimi müxalifət fiqurlarına qarşı davranışına da aiddir. Həbsxana rəsmiləri Navalnının təbii səbəblərdən öldüyünü iddia etsələr də, onun rəhbəri olduğu Antikorrupsiya Fondu bunun qətl olduğunu bildirir və bir çox Qərb hökuməti də Navalnının ölümündə Putini günahlandırır.

Rusiyanın baş naziri Vladimir Putin 2012-ci il martın 4-də Moskvada Kremlin qarşısındakı Manej meydanında keçirilən mitinqdə tərəfdarlarına göz yaşları ilə müraciət edib.
Rusiyanın baş naziri Vladimir Putin 2012-ci il martın 4-də Moskvada Kremlin qarşısındakı Manej meydanında keçirilən mitinqdə tərəfdarlarına göz yaşları ilə müraciət edib.

"Empatiyasızdır"

Rods 2014-cü ildə - Rusiya Krımı qanunsuz ilhaq edəndən sonra insanların Obama administrasiyasının Ukraynaya yardım və Putinə dirənmək üçün daha çox iş görməli olması məsələsini qaldırdığını da etiraf edir. Ancaq o bunu da deyir ki, "qlobal siyasətin bir reallığı var. [Putinin] psixologiyasını nəzərə alsaq, həmin tədbirlərdən hər hansı birinin fərq yaratmış olacağına əmin deyiləm".

Rods Putinin onda dərdi-acını anlayıb empatiya göstərə biləcək adam təəssüratı yaratmadığını da deyir.

O, 2011-ci ildə Putinlə görüşündə Suriyanın bəzi yerlərinə humanitar yardımın çatdırılması barədə danışarkən Putinin davamlı şəkildə söhbəti geosiyasət və tarix mövzularına çəkdiyini xatırladığını söyləyir və deyir ki, Putinin empatiyasızlığı - özünü heç kimin yerinə qoyub düşünməməsi "bəlkə də, bütün baş verənlərin [əsas] faciəli özəlliyidir".

XS
SM
MD
LG