Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:34

İlkin Süleymanov: 'Nərminin valideynləri qanuni nəticə istəmir, bilirlər ki, özlərinin ziyanına olar'


İlkin Süleymanov
İlkin Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə suçlanan və 4 ildən çoxdur həbsdə saxlanan İlkin Süleymanov nə vaxtsa bəraət alacağına inanır. Təqsirsiz olduğu halda cəza çəkdiyini deyən İ.Süleymanovun fikrincə, gec-tez, məhkəmələr onun günahsızlığını təsdiqləyəcək.

"Əsl cinayətkarı tapa bilmirlərsə, tapmaq istəmirlərsə, o demək deyil ki, kiminsə yerinə cəzanı mən çəkməliyəm. Təcridxanada müstəntiq Nadir Mirzəyevə dedim ki, mənim bu işə aidiyyətim olmadığını özünüz də yaxşı bilirsiniz. Cavab verdi ki, "neyləmək olar, bəzən təqsirsiz adamlar da tutulur, sonradan buraxılır, buraxılmayanlar da olur". İnanıram ki, bu proses gec-tez mənim xeyrimə bitəcək. Mən törətmədiyim cinayətin cəzasını çəkmək istəmirəm", - İ.Süleymanov fevralın 13-də Gəncə Apellyasiya Məhkəməsindəki çıxışında belə söyləyib.

Bu məhkəmədə İ.Süleymanovun 18 il həbsə məhkum edilməsi barədə hökmdən verilən apellyasiya şikayətinə baxılır.

"Bu necə ola bilər?"

Azyaşlını oğurlayıb öldürməkdə suçlanan İ.Süleymanov deyir ki, ona törətmədiyi cinayətə görə saxta sübutlarla 18 il cəza verilib. Onun sözlərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov məhkəmədə ortaya çıxan həqiqətlərə əhəmiyyət verməyib, ittiham aktında yazılanları hökmə köçürməklə işini bitmiş sayıb.

Apellyasiya şikayətini əsaslandırarkən İ.Süleymanov evlərinin qarşısındakı yanğını necə görməsindən tutmuş, işgəncələrə məruz qalmasına, Nərminin valideynlərinin ifadələrindəki ziddiyyətlərə, ekspert rəylərinədək bir çox məsələyə toxunub. O, yandırılan meyitin Nərminə məxsusluğuna ciddi şübhələr olduğunu da vurğulayıb: "Nərminin qan qrupu IV qrup olub. Bunu onun şəxsiyyət vəsiqəsi də, sonradan Tovuz rayon Xəstəxanasının mənim vəkilimə göndərdiyi cavab da təsdiqləyir. İşin içində genetik ekspertizanın rəyi var ki, guya tapılan meyit bu ata-ananın övladıdır. Ekspert rəyinə görə, meyitdən ekspertiza üçün cəmi 30 millilitr qan götürülüb. Amma genetik ekspertizaya 80 millilitr təqdim olunub. Bu necə ola bilər? Deməli, o qanın başqasından götürüldüyünü düşünməyə əsas var".

"Ata sağlam qızını qoyub..."

İ.Süleymanov vurğulayıb ki, azyaşlının valideynləri bu işin üstünün açılmasında, gerçək cinayətkarın tapılmasında maraqlı deyillər. O yada salıb ki, tapılan meyitin Nərmin olması ilə əlaqədar şübhələrə görə onlar eksqumasiya (məzarın açılması və ekspertiza keçirilməsi) barədə vəsatət qaldırsalar da, valideynləri etiraz ediblər: "Bu işə qanuni qiymət verilməsini istəməyənlərdən biri də onlardır. Başa düşürlər ki, qanuni nəticə həm də onların özlərinin ziyanına ola bilər. Uşaq itkin düşən gün məktəbdən icazə alıb tez gəlib. Valideynləri deyir ki, xəstə olub. Ata sağlam qızını qoyub, niyə xəstə uşağı gödəkcə arxasınca göndərirdi? O biri qızı gəlib bacısının əmisigildə olmadığını deyəndən sonra da uşağı axtarmır, kiməsə zəng eləmir. Əksinə, axşam qardaşları ilə qonşu kəndə şadlıq məclisinə gedir...".

Təqsirləndirilən şəxsin sözlərinə görə, ittihamda onun Nərmini övladlığa götürmək niyyəti ilə oğurladığı iddia olunur, bu da absurddur. İ.Süleymanov deyir ki, uşaq götürüb saxlamaq istəsəydi, bacı-qardaşlarının, başqa qohumlarının xeyli övladı var, onlardan birinə qayğı göstərərdi.

O, ifadəsinin sonunda yada salıb ki, istər başqa ölkələrdə, istərsə Azərbaycanda təqsirsiz adamların törətmədiyi qətl hadisələrində suçlanıb, uzun illər həbsdə saxlandıqdan sonra bəraət alması halları çox olub. İ.Süleymanov bu yaxınlarda Azərbaycanda baş vermiş iki nümunəni sadalayıb. Bunlardan birində iki nəfərin qətlində təqsirli bilinib ömürlük həbsə məhkum edilən Aydın Qəhrəmanov 9 il 5 ay sonra bəraət alaraq azadlığa buraxıldı. İkincisi isə qətl ittihamı ilə 11 il cəza alıb 4 ilə yaxın həbsdə saxlandıqdan sonra 2023-cü ilin dekabrında bəraət hökmü ilə azadlığa buraxılan Polad İsmayılovdur.

"Boynuna alıbsa, cəzalansın..."

Nərminin atası, zərərçəkmişin hüquqi varisi qismində tanınan Şərif Quliyevin çıxışı isə qısa olub. Deyib ki, İ.Süleymanov tutulandan sonra cinayəti etiraf edib. Onun etiraf videosu da var: "Boynuna alıb, etiraf edib. Bu törədibsə, boynuna alıbsa, cəzalansın...".

Ş.Quliyevin vəkili isə bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin İ.Süleymanova kəsdiyi 18 il həbs cəzası yüngül cəzadır. O, təqsirləndirilən şəxs və müdafiəçilərinin birinci instansiya məhkəməsində ədalətli araşdırma aparılmaması barədə dedikləri ilə də razılaşmayaraq 2 ilə yaxın məhkəmə araşdırması aparıldığını vurğulayıb.

Prokuror İ.Süleymanova verilən cəzanı obyektiv saydığını diqqətə yetirib. Onun sözlərinə görə, məhkəmə dövlət ittihamçısının təklifinə uyğun cəza kəsib.

Prokuror tapılan meyitin Nərmin olub-olmaması ilə bağlı şübhələrin əsassız olduğunu da bildirərək genetik ekspertizanın bunu təsdiqlədiyini bildirib.

Xatırlatma

11 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan İ.Süleymanova CM-in 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3-cü (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. O, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini söyləyir.

Baş Prokurorluq İ.Süleymanovun işgəncə iddialarını təkzib edib və vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığını bildirib.

XS
SM
MD
LG