Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:31

Yerevan ərazisində kommunikasiyalara nəzarətdə qərarlıdır. Əliyev 'marşrut açılmasa, sərhədləri açmayacağıq' deyir


Ermənistan və Yunanıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Georgi Gerapetritis
Ermənistan və Yunanıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Georgi Gerapetritis

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 10-da bəyan edib ki, Bakı Yerevanla sülh müqaviləsi danışıqlarında Ermənistanın sərhədlərini birmənalı şəkildə tanımaqdan yayınır.

Mirzoyan Yerevanda Yunanıstanın xarici işlər naziri Georgi Gerapetritislə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Bakının sülh müqaviləsinə dair Yerevana ən son təkliflərində “müəyyən geriləmə” görür:

“Biz Ermənistanın son təkliflərini Bakıya yanvarın 4-də təqdim etmişik. Bəli, mən deməliyəm ki, məzmuna gəlincə, biz Azərbaycanın mətnin bir sıra maddələrinə təkliflərində geriləmə və bir sıra başqa istiqamətlərdə müəyyən irəliləyiş görürük”.

Mirzoyan söhbətin konkret olaraq hansı maddə və təkliflərdən getdiyini xırdalamayıb.

Yerevan üçün iki prinsipial məsələ

O yalnız bunu deyib ki, ərazi bütövlüklərinin qarşılıqlı tanınması Ermənistan-Azərbaycan razılaşmasının əsas elementi olmalıdır:

“Bu elə bir məsələdir ki, burada son dərəcə aydınlığa ehtiyac var. Doğrudur iki ölkənin sərhədlərinin delimitasiya və demarkasiyası uzun çəkən proses olsa da, biz sülh müqaviləsində delimitasiya prosesinin hansı əsasda aparılacağını görməliyik”.

Nazir vurğulayıb ki, sərhədlərin dəyişməzliyi və delimitasiyası Ermənistanın ikimənalılığa yol verə bilməyəcəyi iki əsas məsələdir.

Mirzoyan habelə nəqliyyat kommunikasiyalarının açılması məsələsinə toxunub.

O deyib ki, əslində Ermənistanın “mühasirədə” olduğu bir şəraitdə regionda əsl sülh bərqərar ola bilməz. Lakin nazir bir daha təkrar edib ki, Yerevan öz ərazisindən keçən kommunikasiyaların Ermənistanın nəzarətində olmasında qərarlıdır.

Əliyevsə deyib ki...

“Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir.”

Bunu yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı deyib ki, "əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı Ermənistanın Sünik bölgəsindən keçməli olan yol-red) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik".

Delimitasiyadan əvvəl sülh müqaviləsi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, ötən ay Azərbaycanın yüksək vəzifəli rəsmiləri sülh müqaviləsinin sərhədin delimitasiyasına dair razılaşmadan əvvəl imzalana biləcəyini demişdilər.

Ermənistanın bir sıra təhlilçiləri və müxalifət fiqurları bildirmişdilər ki, Azərbcaycan bununla özünün Ermənistana qarşı gələcək ərazi iddiaları üçün qapını açıq saxlamağa çalışır.

Oktyabr ayında Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı Azərbaycanın səkkiz kəndini işğal altrında saxlamaqda ittiham etmişdi.

Söhbət Azərbaycanın Qazax rayonuna aid yeddi və Naxçıvana aid bir kəndindən gedirdi.

Ermənistan bu kəndləri 1990-cı illərdə, münaqişənin əvvəllərində işğal edib.

Mirzoyan Bayramovla ikitərəfli görüşə hazır olması barədə heç nə deməyib

Azatutyun yazır ki, Ermənistan iki ölkə arasında sərhədin delimitasiyasının sovet dövrünə aid xətritələrin əsasında aparılmasını istəyir.

Azatutyunun yazdığına görə bu təklif Avropa İttifaqı tərəfindən də dəstəklənir. Rəsmi Bakı bu barədə heç bir konkret açıqlama verməyib.

Bundan başqa İlham Əliyev oktyabr ayında Aİ-nin vasitəçilyi ilə baş nazir Nikol Paşinyanla təklif olunan iki görüşdən imtina edib.

Azatutyun yazır ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da noyabrın 20-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin sədrliyi ilə keçirilməli olan görüşdən imtina edib.

Bayramov ötən ay ermənistanlı həmkarı ilə iki ölkənin sərhədində ikitərəfli görüş keçirilməsini təklif etmişdi.

Azatutyun yazır ki, Mirzoyan yanvarın 10-da bu təklifə münasibətini bildirməyib. O əvəzində deyib ki, Ermənistan-Azərbaycan danışıqları “mahiyyətcə” həmişə ikitərəfli olub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

2023-cü il sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib.

XS
SM
MD
LG