Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:04

'Vəkillər sosial şəbəkələrdə, mediada çıxışlarına görə cəzalandırılır…'


Z.Məmmədov
Z.Məmmədov

Yanvarın 1-də Bakıda Vəkillər Kollegiyasının binası yaxınlığında vəkil Zaur Məmmədovun intiharı ölkədə vəkillərlə bağlı yenidən müzakirələrə səbəb olub.

Həmin vəkilin yaxınlarının deməsinə görə, Z.Məmmədov onlara məlum olmayan istintaq orqanının bir müstəntiqinə iş düzəltmək üçün pul verib, daha sonra isə nə pulu geri ala bilib, nə də iş düzəlib. Yaxınlarının vurğulamasına görə, nəticədə vəkil özü qurbana çevrilib.

Vəkillərlə bağlı bundan əvvəl də oxşar iddialar səslənib. Üstəlik, bu illər ölkədə vəkillərin hüquqsuz duruma düşməsi, polisdə döyülməsi ilə də bağlı bir sıra şikayətlər eşidilib.

Z.Məmmədovun intiharından sonra Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov onun qurumla hər hansı probleminin, barəsində intizam işinin olmadığını bildirib.

F.Namazlı
F.Namazlı

Səbəblər, səbəblər, səbəblər…

Vəkillərdən Fariz Namazlı sosial şəbəkədə belə yazıb: "İntihar səbəbi çox ola bilər. Vəkillik hüququnu lazımi qaydada yerinə yetirmədiyinə, vəkillik əvəzinə istintaq orqanı ilə qeyri-prosessual əlaqəyə girməyə məcbur edildiyinə, hüquqlarını qorumağa gücü çatmadığına, rəhbərlikdən lazımi dəstək ala bilmədiyinə, istintaq orqanının əvəzinə dəyən zərəri ödəməyə məcbur edildiyinə görə və s…".

F.Namazlı deyir ki, Z.Məmmədovun özünü yandırması VK ilə bağlı olmaya bilər, amma qeyri-prosessual münasibətə giribsə, istintaq orqanının açıqlanmasını tələb edən toplu azdır, yox dərəcəsindədir.

F.Mustafa
F.Mustafa

"Vəkilliklə əlaqələndirmək absurddur"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə "Turan"a bildirib ki, vəkilin intihar etməsi çox üzücü bir hadisədir: "Bütövlükdə bunu hansısa vəkil fəaliyyəti ilə əlaqələndirmək doğru deyil. İntihar özü heç bir halda çıxış yolu deyil. Onda dünyada yüzlərlə borc, problem içində yaşayan insanların hamısı kütləvi şəkildə intiharmı etməlidir?".

Deputatın fikrincə, hadisənin hansı binanın qarşısında olub-olmaması mahiyyəti dəyişmir: "Amma bütövlükdə bu hadisəni həm də vəkilliklə əlaqələndirmək absurddur. Vəkillər Kollegiyası son illərdə daha çox vəkillərin müdafiəsi istiqamətində addım atır. Şəxsən müşahidə etmişəm ki, qanunvericilikdə dəyişiklərlə bağlı daha çox vəkillərin xeyrinə olan təşəbbüsləri məhz Vəkillər Kollegiyasının rəhbərliyi irəli sürür. Hətta vəkillərə qeyri-qanuni hərəkət törədiləndə Kollegiyanın sərt reaksiyasını görmüşəm".

B.Süleymanlı
B.Süleymanlı

"Haqlı olduğu təqdirdə haqsız duruma düşürlər"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı hesab edir ki, baş verənlər vəkillərin acınacaqlı durumda olduğunun göstəricisidir: "Onlar məhkəmədə nəinki siyasi, hətta mülki işlərdə insanların hüquqlarını müdafiə edə bilmirlər. Müdafiəni düzgün təşkil etməkdə çətinlik çəkirlər və haqlı olduğu təqdirdə haqsız duruma düşürlər".

Onun sözlərinə görə, bu, təkcə vəkilliklə bağlı problem deyil: "Ümumilikdə dövlət institutlarının nə dərəcədə işləməsinin əsas göstəricilərindən biridir".

"Ölkədə hansısa texniki irəliləyişlər olur. Məsələn, vəkillərin sayı artırılır. Amma ümumilikdə mahiyyət üzrə qiymət verilmir. Son illər vəkillərə qarşı basqılar artıb. Hətta vəkillər sosial şəbəkələrdə, mediada çıxışlarına, açıqlamalara görə tənqid olunur, cəzalandırılır və prosesdən çəkindirilir", - hüquq müdafiəçisi AzadlıqRadiosuna şərhində bildirir.

XS
SM
MD
LG