Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:19

Qazaxıstan ilə 'ArcelorMittal'ın əlaqələri qorxunc mədən faciəsi ilə bitdi


Karaqandı vilayətindəki "Kostenko ArcelorMittal" kömür mədəni
Karaqandı vilayətindəki "Kostenko ArcelorMittal" kömür mədəni

Qazaxıstanın şərqində yerləşən Karaqandı əyalətindəki "Kostenko" kömür mədənində ölkənin müstəqillik dövrünün ən ağır sənaye qəzası baş verib. Oktyabrın 29-u səhərindən bəri ölkədə matəm elan edilib.

46 nəfərin həyatını itirdiyi, onlarla insanın yaralandığı bu qəza "ArcelorMittal" şirkətinə məxsus müəssisələrdə baş verən ikinci böyük qəzadır. 2006-cı ildə eyni şirkətə məxsus mədəndə olan qəzada 41 nəfər ölmüşdü.

Qazaxıstan hökuməti ilə "ArcelorMittal" şirkəti arasında investisiya münasibətləri 1990-cı illərin ortalarında başlanıb. Bu ilin avqustunda beş işçinin öldüyü mədən qəzasından sonra əlaqələrin bitəcəyi labüd görünürdü.

AzadlıqRadiosunun qazax xidməti ilə CurrentTimeTV-nin materiallarına söykənməklə Kris Riktonun hazırladığı yazıda deyilir ki, "ArcelorMittal Temirtau"nun yönəltdiyi müəssisələrdə indiyədək toplam 200-dək insan həyatını itirib. Hökumətin şirkətlə yollarını ayırması çox xoşagəlməz şərtlərlə baş verəcək.

Prezident Kasım-Jomart Tokayev ailələrə başsağlığı verir.
Prezident Kasım-Jomart Tokayev ailələrə başsağlığı verir.

Ən pis investor?

"ArcelorMittal"ın işçiləri və oktyabrın 28-də baş verən faciədə ölən mədənçilərin ailələri ilə danışan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə şirkətlə əməkdaşlığa son qoymağı tapşırdığını deyib.

Görüş zamanı Tokayev şirkəti Qazaxıstanın müstəqillik tarixində "ən pis investor" adlandırıb. Müstəqil media nümayəndələri görüşə buraxılmayıb.

Silsilə sənaye qəzaları və son bir-iki ildə təbiətə böyük zərər vurması ilə şirkətin ad çıxarmasını dövlət rəsmilərinin vurğulaması fonunda "ArcelorMittal Temirtau" sükutunu pozmayıb. Ancaq Tokayevin bölgəyə səfərə çıxdığı gün şirkət açıqlama yayaraq bu ay aktivlərinin hökumətə qaytarılmasına dair razılığa gəlindiyini bildirib.

Karaqandı qubernatoru Yermaqanbet Bulekpayev Qazaxıstanın bu birləşmiş mədən və polad zavodu kompleksinə yeni investor axtarmaq niyyətində olduğunu bildirib. Bu kompleks Karaqandı əyalətinin ən iri sənaye müəssisəsidir.

Avqust ayında şirkətə məxsus "Kazaxstanskoye" kömür mədənində baş verən və tələfatla nəticələnən yanğından sonra hökumət də etiraf edib ki, "ArcelorMittal"ın Qazaxıstandakı əməliyyatları hər zaman onun digər ölkələrdəki əməliyyatlarından qat-qat daha ölümcül olub.

Yanğın zamanı həlak olan şaxtaçıların ailələri və dostları şaxtaya toplaşırlar.
Yanğın zamanı həlak olan şaxtaçıların ailələri və dostları şaxtaya toplaşırlar.

"Yerli məmurlar bu mühafizə qaydalarına tüpürürsə…"

Tanınmış siyasi şərhçi Dosım Satpayev oktyabrın 28-də paylaşdığı Facebook postunda bildirib ki, xarici investisiya məsələlərində oyun qaydalarını dövlət müəyyənləşdirir: "Əgər bu qaydalar adi işçilərin maraqlarını qorumursa, əgər yerli məmurlar bu mühafizə qaydalarına …tüpürürsə, o zaman investorlar bunu [eyni şeyi etmək üçün] yaşıl işıq kimi qavrayacaqlar". O, şirkətin nəzarətində olan mədənləri savaş zonasına bənzədib.

Hətta Tokayevin müraciəti zamanı da auditoriyadan narazılıq səsləri eşidilib. Faciədə ölən 42 yaşlı mədənçinin xalası Saule Ukubayeva deyir ki, bacısı oğlu həmkarının mədən qəzasında əlil olmasından sonra yuxusuzluqdan əziyyət çəkirdi: "Anası ona dedi ki, daha işləmə. O da dedi ki, …peşəsini sevir".

Hökumətin baş verənlərdən ciddi rahatsızlığı aydın görünür. Oktyabrın 29-da Mədəniyyət və İnformasiya Nazirliyi media qurumlarına üz tutaraq saytlarında bu faciə haqqında xəbərlərin altındakı şərh bölməsini bağlamağı tövsiyə edib.

Ancaq sosial şəbəkələrdə insanlar qəzəblərini gilə gətirirlər. Bir çox istifadəçi "ArcelorMittal"ın icraçı direktoru, hindistanəsilli milyarder Lakşmi Mittalın mühakimə olunmasını tələb edir.

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevə qarşı da qəzəb ifadə edilib. Özünün də 60 il öncə iş həyatına başladığı bu polad zavodunu dirçəltmək üçün Mittalı Qazaxıstana çağıran məhz odur.

Lakşmi Mittal
Lakşmi Mittal

Hökumətin şirkətlə bağladığı müqavilənin detalları heç vaxt ictimaiyyətə açıqlanmayıb

Dövlətin "ArcelorMittal Temirtau" ilə yollarını ayırmasına dair detallar da bilinmir. Hökumətin nəhəng sənaye kompleksinə yeni investorları hansı şərtlərlə dəvət etmək niyyətində olduğu da açıqlanmır.

Di gəl, Qazaxıstan cəmiyyəti bir şeyi dəqiq bilir. İşçi hüquqlarının qorunduğu, Qazaxıstan hökumətinin bu qədər cidd-cəhdlə qarşısını aldığı həmkarlar ittifaqlarının mövcud olduğu ölkələrdə belə qəzalar bu qədər tez-tez baş vermir.

"Çox sayda qurbanın olduğu qəzaların vaxtaşırı baş verdiyi hallara diqqət yetirsək, bu cür faciələrin siyasi hüquq və azadlıqların ciddi məhdudlaşdırıldığı ölkələrdə baş verdiyini görərik", - veteran jurnalist Lukpan Axmedyarov özünün "Prosto Jurnalistika" adlı YouTube proqramında belə deyib.

Qazaxıstanda "son beş-yeddi ildə mədənçilərin həmkarlar ittifaqlarının, demək olar, hamısının [hakim partiyanın] maraqlarına tabe etdirildiyini [görmüşük]", - Axmedyarovun sözləridir.

XS
SM
MD
LG