Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:30

Qubad İbadoğlu: 'Kamerada təzyiqimi özüm ölçəndə fərqli nəticə görürəm…'


ADR sədri Qubad İbadoğlu
ADR sədri Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, həbsdə olduğu iki aya yaxın müddətdə yeni xəstəliklər tapıb. Bu da vaxtında müayinə və müalicəsinə imkan verilməməsindən, öncədən səhhətində problemlər olsa da qapalı şəraitdə saxlanmasından və başqa səbəblərdən qaynaqlanıb. O, sentyabrın 19-da Nərimanov rayon Məhkəməsində belə danışıb.

Məhkəmədə Qubad İbadoğlunun həbsdə saxlandığı dövrdə müayinə və müalicəsinin gecikdirilməsindən verilmiş şikayətə baxılıb. Şikayətdə bu da iddia olunur ki, onun müayinə nəticələrini ya yarımçıq şəkildə təqdim edirlər, ya da heç açıqlamırlar.

Partiya sədrinin vəkilləri onun sağlamlığında ciddi problemlər olduğunu vurğulayıb. Müdafiəçilər müayinə və müalicəsinin buna adekvat olmadığını, onun durumuna ciddi yanaşılmadığını düşünürlər.

"Gedirəm, təzyiqimi ölçürlər, guya, normaldır…"

İqtisadçının özü də bildirib ki, həbsdə saxlandığı müddətdə sağlamlığına kəskin zərbə vurulub. O bildirir ki, dərmanlar özündə olmadığından, sadəcə, ona təqdim edildiyindən, onları vaxtlı-vaxtında qəbul edə bilmir:

“Gedirəm, təzyiqimi ölçürlər, guya normaldır. Sonra gəlirəm, kamerada özümün təzyiqölçən aparatımla ölçürəm, fərqli nəticə olur. Mənə qarşı olanlar qeyri-insani davranışdır…” - Qubad İbadoğlunun sözləridir.

O, həbsindən öncə səhhətindəki problemlərlə bağlı iki aydan bir müayinədən keçdiyini, nəticəyə baxaraq, həkiminin dərmanlar müəyyənləşdirdiyini də deyib. Onun sözlərinə görə, indi ya nəticələri ala bilmir, ya da nəticələr saxtalaşdırılır.

Həbs yerlərində saxlanılan şəxslərin müayinə və müalicəsinə dair məsələlər Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin səlahiyyətinə aiddir.

Hakim Vüsal Qurbanov qərar verib ki, ADR sədrinin sağlıq durumuyla bağlı həmin idarəyə sorğu göndərilsin. Vəkillər elə idarə təmsilçisinin də məhkəmə iclasına qatılması barədə vəsatət qaldırıblar. Bu məsələyə növbəti məhkəmə iclasında - sentyabrın 22-də baxılacaq.

Xatırlatma

Qubad İbadoğlunu iyulun 23-də xanımıyla birgə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.

O günün axşamı onun adına olan mənzildə axtarış aparılıb və 40 min dollar tapıldığı, həmin pulların bir hissəsinin saxta olduğu iddia edilib.

Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qubad İbadoğlu həmin pulların ora öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.

İstintaqın gedişində - avqustun 25-də Qubad İbadoğluya CM-in 167-3.1(dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu bəyan edərək, ifadə verməkdən boyun qaçırıb.

XS
SM
MD
LG