Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

Borclanmayla bağlı İlham Əliyevlə Maliyyə Nazirliyinin baxışları üst-üstə düşmür


Hazırda adambaşına düşən xarici borc: 1114 manat.
Azərbaycan necə borclanıb və pul nəyə xərclənib? İzah edirik
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Hazırda adambaşına düşən xarici borc: 1114 manat. Azərbaycan necə borclanıb və pul nəyə xərclənib? İzah edirik.

Avqustun 4-də prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyada (2022-2025) dəyişiklik haqqında sənədi təsdiqləmişdi. Həmin dəyişikliyə görə, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 2025-ci ilin sonunadək 30 faizi üstələməməlidir. Dəyişiklikdən öncə bu hədd 20 faiz idi. Bu dəyişiklik hökumətə dövlət borcu məbləğinin ÜDM-ə nisbətini 20 faizdən 30 faizədək artırmağa, başqa sözlə, ÜDM barədə proqnozlara uyğun olaraq, 50 faizədək daha çox borclanmağa imkan verəcək. Sözügedən strategiya 2018-ci ildə qəbul edilmişdi. Görünür, hökumət strategiya müddəti başa çatmadan borclanma limitini artırmağa ehtiyac duyub.

Strategiyadakı digər dəyişikliyə görə, 2026-cı ilədək Azərbaycanın xarici dövlət borcu 10 milyard ABŞ dollarını ötməməlidir. Öncəki versiyada xarici borcun məbləği konkret məbləğlə ifadə edilməmişdi. Əvəzində hökumət xarici borcun ÜDM-ə nisbətinin 15 faizi üstələməməsini hədəfləyirdi.

Prezident borclanmanı necə əsaslandırıb?

Mart ayında prezident İlham Əliyev Almaniyaya səfəri zamanı bu ölkənin iş adamları ilə görüş keçirmişdi. Oradakı çıxışında prezident Azərbaycanın xarici borc məsələsinə də toxunmuş və ölkənin yeni borclanmaya getmək niyyətində olduğunu elan etmişdi: "Biz artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutu ilə ilkin məsləhətləşmələrə başlamışıq. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmiryol və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur".

İlham Əliyevin açıqlamasında bildirilib ki, Azərbaycanın cəlb edəcəyi borc vəsaitinin həcmi 40-50 milyard dollar olacaq və hökumət həmin vəsaiti bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasının gerçəkləşdirilməsinə xərcləyəcək.

Maliyyə Nazirliyi nə deyir?

Bugünlərdə Maliyyə Nazirliyi də dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyadakı dəyişikliklərə dair açıqlama verib. Açıqlamadan aydın olur ki, borclanma təşəbbüsü prezidentdən gəlib. 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə xarici borc vəsaitlərini cəlbetmə imkanlarının nəzərdən keçirilməsi tapşırığı verilib. Açıqlamada bildirilir ki, xarici borclanmadan bu sahələrdə fəaliyyətin sürdürülməsi üçün istifadə ediləcək:

- alternativ enerjinin toplanması və nəqli ilə əlaqədar müasir enerji şəbəkəsinin qurulması;

- özünüməşğulluq və sosial müdafiə tədbirlərinin gücləndirilməsi;

- smart şəhərlərin qurulması;

- ölkənin tranzit potensialının artırılması, o cümlədən, dəmiryol infrastrukturunun yenidən qurulması;

- Cənub Qaz Dəhlizinə daxil olan qaz boru kəmərlərinin nəqletmə həcminin yüksəldilməsi;

- "Bakı Gəmiqayırma Zavodu" MMC-nin fəaliyyətinin genişləndirilməsi;

- su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması tədbirlərinin davam etdirilməsi.

Ziddiyyətli yanaşmalar

Göründüyü kimi, xarici borclanma ilə bağlı prezident İlham Əliyevin və Maliyyə Nazirliyinin açıqlamalarında ziddiyyətli məqamlar var. Axı prezident bildirmişdi ki, əvvəlki illərdən fərqli olaraq, Azərbaycan indən belə infrastruktur layihələri, yol tikintisi, dəmiryol və sair bu kimi sahələrlə bağlı xarici borclanmaya getməyəcək. Çünki artıq ölkənin daxili imkanları bu istiqamətdə fəaliyyəti maliyyələşdirməyə yetərlidir. Di gəl, dövlət borcunun idarəedilməsi ilə bağlı başlıca cavabdeh qurum - Maliyyə Nazirliyi prezidentin açıqlamalarından fərqli düşünür. Prezidentin çıxışında dəmiryolla bağlı xarici borc alınmayacağı bildirilsə də, Maliyyə Nazirliyinin açıqlamasında ölkənin dəmiryol infrastrukturunun yenidən qurulması üçün borc alınacağı qeyd edilib. Eyni zamanda, prezident infrastruktur layihələrinə borc alınmayacağını vurğulayır, amma Maliyyə Nazirliyi su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması yönündə də xarici borca üz tutulacağını açıqlayır.

Xarici borcun riskləri

Maliyyə Nazirliyinin sonuncu açıqlamasına görə, ilk yarımildə Azərbaycanın xarici dövlət borcu 6 milyard 577 milyon dollar olub. Ölkənin xarici borclarının 88 faizi dollarladır. Borclanmanın daha 5.2 faizi avro ilə, 2.8 faizi yapon yeni, 4 faizi isə digər valyutalarla götürülüb.

Xarici borcun 42.4 faizi dəyişkən faiz dərəcəsi ilədir. Deməli, dünyada pul siyasəti sərtləşər və uçot dərəcələri artarsa, borcun faiz dərəcələri də yüksəlir. Hesablama Palatası da bir müddət öncə xarici dövlət borcuna dair açıqlamasında bildirmişdi ki, xarici borcun yarısına yaxını dəyişkən faizli borclardan oluşduğundan son dövrlər bir çox ölkədə sərt pul siyasətinin aparılması Azərbaycana əlavə risk və xərclər yaradır.

Müddət baxımından xarici borcun 49.4 faizi 5 ilədək müddətə, 42.6 faizi 5-10 il müddətinə, 8 faizi isə 10 ildən də uzun müddətə götürülüb.

XS
SM
MD
LG