Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Rusiyanın kömür vilayətinin Ukrayna itkiləri. ‘Çoxları ora uşaqlarına görə gedir’


Prokopyevskdə dəfn olunmuş müharibə qurbanları
Prokopyevskdə dəfn olunmuş müharibə qurbanları

Rusiyanın kömürçıxarma regionu Kemerovoda sakinlər azalmaqda olan maaşlar, köhnəlmiş mədən avadanlığı, yaşadıqları və işlədikləri şəraitdən doğan xroniki xəstəliklər fonunda ağır iqtisadi durumla üz-üzədirlər.

Təqaüddə olan 71-yaşlı mədənçi Vladimir Miroşenko 1970-ci illərin dinc günlərini xatırlayır. O zaman Prokopyevsk Ukraynanın kömür regionu Donbasın mərkəzində yerləşən Horlivka şəhəri ilə qardaşlaşmışdı. Miroşenko SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi 1980-ci illərin əvvəllərinə təsadüf edən hərbi xidmət dövrünü də xatırlayır.

“Heç kim Stalinə görə, ya da Putinə görə müharibəyə getməz”

"Bizə ayyarım təlim keçib haubitsaları idarə etməyə göndərirdilər. Orada baş verənləri heç sizə danışmaq belə istəmirəm. Evə qayıdanda sadəcə içməyə başladım.

İndi Ukraynada nə baş verir – oliqarxlar onsuz da piylənirdilər, indi daha da piylənirlər. Əfqanıstanda olanların eynisidir. Hamısı da nəyin uğrunda? Mənası nədir? Bilinmir.

Eşitmişəm ki, artıq 50 min adam [Ukraynadan] əlilliklə qayıdıb. Nə üçün getmişdilər? Əsasən pula görə. Özünüz başa düşürsünüz ki, indiki zamanda heç kim Stalinə görə, ya da Putinə görə müharibəyə getməz”, – bu yazıda soyadı bilərəkdən dəyişdirilmiş Miroşenko AzadlıqRadiosunun “Sibir.Realii” xidmətinə müsahibəsində deyib.

II Dünya müharibəsindən sonra Avropanın ən irimiqyaslı hərbi əməliyyatları sayılan bu savaşda Rusiya ağır itkilər verib. ABŞ rəsmiləri Rusiyanın 120 minə yaxın canlı qüvvə itirdiyini, 180 minədək əsgərinsə yaralandığını bildirir.

Rusiyanın yoxsullaşmış, ucqar və kiçilməkdə olan regionları bu yükü daha çox hiss edir. Daha çox Kuzbas kimi tanınan Kemerovoda iqtisadi imkanlar get-gedə azalır. Ukrayna müharibəsində iştiraka görə vəd edilən maaşlar və ölənlər üçün ödənən kompensasiyalarsa iş qabiliyyətli gənclərin daha da azalmasına səbəb olur.

“Başqa seçimlərimiz yoxdur”

“Sibir.Realii”nin araşdırmasına görə, əhalisi təqribən 170 min nəfər olan Prokopoyevskdən azı 46 kişi müharibədə ölüb. Onların çoxu şəhərin cənub-qərbində yerləşən Vısoki kəndindəki qəbiristanlığın xüsusi hissəsində dəfn edilib.

"Ölənlərin sayına baxanda adam bir az qorxur. Ancaq çağırsalar, mən də gedəcəyəm, nə edəsiyəm? Mənim hələ uşaqlarım yoxdur, ancaq qəribədir ki, çoxları ora uşaqlarına görə gedir: ev almaq, ya da təhsil üçün. Başqa seçimlərimiz yoxdur”, – Kemerovo mədən texniki peşə məktəbinin bir məzunu deyir.

Kuzbasın bir çox başqa şəhərləri kimi Prokopyevskin də vəziyyəti yaxşı deyil. Sakinlər şəhər xidmətlərindən, o cümlədən yerli xəstəxanada avadanlığın çox vaxt işləməməsindən müntəzəm şikayətlənrlər. Ağır sənaye tullantıları, o cümlədən kömür külü və digər toksik kimyəvi maddələr illərlə ərazini zəhərləyib. Çoxları xroniki xəstəliklərdən əziyyət çəkir.

"Biz burada milçək kimi qırılırıq. Bəzilərimiz mədəndə, bəzilərimiz müharibədə. Qalanı da [ekologiyadan]. Hər ikinci adamda [xərçəng] var”, – 55-yaşlı keçmiş mədənçi Vitali Smorodin deyir.

Qardaşlaşmış şəhər, yoxsa büdcədən pul oğurlamaq?

Şəhər rəsmiləri müharibədə ölən və yaralanan yerli sakinlərin dəqiq sayını açıqlamaqdansa, Prokopyevsklə hazırda əsasən Rusiya nəzarətində olan Horlivka arasındakı qardaş şəhər münasibəti haqda fəxrlə danışmağa üstünlük verirlər.

Yerli səviyyədəki endemik korrupsiyadan bezən yerli sakinlər düşünürlər ki, qardaş şəhər məsələsi də şəhərin büdcəsindən pul oğurlamaq üsullarından daha biridir.

Fotoqraf Vil Ravilov Rusiyanın işğal etdiyi Mariupolu nümunə göstərir. Hazırda Rusiya rəsmiləri şəhərdə tələm-tələsik yeni binalar tikirlər. Ancaq tikintinin keyfiyyətinin bərbad olması haqda xəbərlərin sayı-hesabı yoxdur.

Ravilov bu halı 2014-cü ildə keçirilən Soçi olimpiadasından sonra xüsusi olaraq bu tədbir üçün tikilmiş ictimai infrastrukturun aqibətinə bənzədir. Olimpiya oyunları üçün tikilmiş infrastrukturun bir hissəsi keyfiyyətsizlikdən artıq dağılıb.

"Hər şey görüntü xətrinə edilir”, – Ravilov deyir.

XS
SM
MD
LG