Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:18

Ukrayna Krımda desant əməliyyatı keçirdiyini bildirir


Tarxankut burnunda Rusiyaya məxsus hərbi baza
Tarxankut burnunda Rusiyaya məxsus hərbi baza

Ukrayna hərbçilərinin ilhaq edilmiş Krımda, Tarxankut burnundakı Mayak kəndi ərazisində desant çıxardığı xəbər verilir.

Xəbərdə deyilir ki, ukraynalılar bu məqsədlə üzən vasitələrdən və aviasiyadan istifadə ediblər.

Bundan az sonra Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi kəşfiyyat desantı əməliyyatının videosunu yayıb.

İdarənin məlumatında deyilir ki, xüsusi əməliyyat çərçivəsində bütün tapşırıqlar yerinə yetirilib.

Bu da vurğulanır ki, əməliyyat Ukraynanın müstəqilliyi günündə keçirilib.

Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib ki, hərbi dəniz donanması ilə birlikdə keçirilmiş əməliyyatda canlı heyət arasında itki olmayıb:

"Biz bütün detalları açmırıq. Düşmənin heyətində, habelə qüvvə və vasitələrində itkilər var. İtkilərin sayı dəqiqləşdirilir”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiya hakimiyyəti Ukrayna hərbçilərinin əməliyyatı barədə heç bir şərh verməyib.

Amma Rusiyada iqtidaryönlü SHOT teleqram-kanalı bildirir ki, Tarxankut burnu ərazisində atəş səsləri eşidilib.

Şahidlər sahilin yaxınlığında iki rezin qayıq və onların içində 10 naməlum şəxs görüblər.

Ziddiyyətli məlumatlar

Bu da bildirilir ki, sözü gedən regionda “Krepost” (Qala) planı tətbiq olunub.

Teleqram kanalının mənbələri iddia ediblər ki, “Ukrayna diversantlarının dörd qayığı məhv edilib”.

Tarxankut burnundakı Mayak kəndində Rusiya kosmik hava qüvvələrinin 3-cü radiotexniki alayının bazası yerləşir.

AzadlıqRadiosu xəbər verir ki, habelə bu rayonda Nebo-M adlı radiolokasiya qovşağı və Kasta-2E2 RLS-i var.

Ərazinin perimetri boyunca hava hücumundan müdafiə mövqeləri qurulub.

Ukrayna hərbiyyəsi bir gün əvvəl bu ərazidə Rusiyanın S-400 raket qurğusunun məhv edildiyini xəbər vermişdi.

Rusiya tərəfi bu xəbəri nə təsdiq, nə də təkzib edib.

XS
SM
MD
LG