Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:19

Rusiya İran dronlarını yığarkən azyaşlı işçilərdən yararlanır


Məlumata görə, İran nümayəndə heyəti yanvarda Alabuqa Politexnik Universitetinin yaxınlığındakı Alabuqa xüsusi iqtisadi zonasına səfər edib. ABŞ rəsmiləri tikilməkdə olan zavodun apreldə peykdən çəkilmiş şəkillərini yayıb.
Məlumata görə, İran nümayəndə heyəti yanvarda Alabuqa Politexnik Universitetinin yaxınlığındakı Alabuqa xüsusi iqtisadi zonasına səfər edib. ABŞ rəsmiləri tikilməkdə olan zavodun apreldə peykdən çəkilmiş şəkillərini yayıb.

Tatarstandakı Alabuqa Politexnik Universitetində yetkinlik yaşına çatmayan tələbələrin əməyi istismar edilir. Onlar yaxınlıqdakı xüsusi iqtisadi zonaya aid müəssisələrdə İranın hücum dronlarını yığırlar.

Burada baş verənlər Rusiya rəsmilərinin müharibəni udmaq üçün heç nədən çəkinməyəcəyini açıqca göstərir. Ukrayna şəhərlərini bombalamaqdan ötrü istifadə edilən İran silahlarının təzəlikcə Rusiyada yığılmağa başlaması gərginliyi artıra və dinc sakinlərin ölümünə yol aça bilər.

Yetkinlik yaşına çatmamış tələbələrin dron zavodunun fəhlələri kimi işlədilməsinə və bu istehsal müəssisələrinə dair ayrıntılara ilk dəfə Rusiyanın müstəqil media qurumları olan "Protokol" və "Razvorot" saytları diqqət yetirib. Onlar iyul ayında bu mövzuda silsilə araşdırma yazıları dərc edib.

Bəzilərinin cəmi 15 yaşı var

Ovaxtdan bəri AzadlıqRadiosunun "İdel.Realii" xidməti həmin müəssisələrdəki dözülməz iş şəraitindən danışan tələbələrlə söhbətləşib və Alabuqa Politexnik Universitetində oxuyan uşaqların valideynlərindən müsahibə alıb. Bu tələbələrdən bəzilərinin cəmi 15 yaşı var. Valideynlər istər özlərinin, istərsə övladlarının günün xeyli bölümünü aramsız və naharsız işləməyə məcbur edildiyini deyirlər. Onlar bu müəssisələrdəki dözülməz durumun onların mental sağlamlığına ciddi ziyan vurmasından da danışıblar.

Rusiyanın hücumu zamanı Kiyev səmasında "Şəhed" intihar dronu
Rusiyanın hücumu zamanı Kiyev səmasında "Şəhed" intihar dronu

"Mənim oğlum [universitetdə] oxumağa başladı və 2.5 aydan sonra məni çağırdı ki, gəlib onu aparım. O, telefonda mənə dedi ki, gəl məni apar, yoxsa mən öləcəyəm. Mən də dərhal gedib onu götürdüm", - təhlükəsizliyini qorumaq üçün soyadının yazılmasını istəməyən Jannanın sözləridir.

Janna ötən il oğlunu Nijni-Novqoroddan Rusiyanın ən yaxşı texniki məktəblərindən biri kimi ad çıxarmış Alabuqa Politexnik Universitetinə oxumağa göndərdiyini deyir.

Məktəb yaşı çox zaman 15-18 arasında olan tələbələrə ikili proqram çərçivəsində peşə təhsili təklif edir. Bu ikili proqram həm sinifdə tədrisi, həm də praktik iş təcrübəsini əhatə edir. İş proqramı çərçivəsində tələbələrə işləyərək yerli səviyyədə rəqabətli maaş almaq, eyni zamanda karyeralarını gəlişdirmək imkanı vəd edilir. Maaş ayda 70 min rubladəkdir (1 min 119 manatadək).

Proqrama yazılanlar dron hazırlayan müəssisədə işləməyə dəvət edilir, bəzən onlara birbaşa təzyiq də edilir.

"Bu, istismarın dərslikdəki tərifinə tam uyğundur. [Tələbələr] dron yığır və iş dərsi üstələyir", - "Protokol"un araşdırmaçı jurnalisti Sergey Podsıtnikin sözləridir.

Tələbələrə iş yerində ağır kvotalar qoyulur. Bir çoxunun iş növbəsi 15 saatadək sürür. Onların yatmağa və uyğun istirahətə çox az vaxtı qalır. İş saatlarından artıq işləməyə görə çox vaxt maaş ödənmir. Yorğun tələbələr heç də həmişə kvotalarını təhvil verə bilmədiklərini, nəticədə məktəbin onlara söz verdiyi maaşı almadıqlarını deyirlər.

Bir çox tələbə yoxsul ailələrdən gəldiyindən təhsilhaqqı, otaq və s. xərclərini ödəmək üçün buradakı qazanclarına ümid bəsləyir, pulun qalan hissəsini də evlərinə göndərir.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

"Bu, səbrimin son damcısı oldu…"

Marina adlı valideynsə qızının təhlükəsiz olmayan ortamda çalışdığını öyrənincə, onu proqramdan çıxarmaq qərarına gəlib. Valideynin sözlərinə görə, məktəbin işçiləri tələbələrə dron yığan müəssisədə çalışdıqlarını öz ata-anasına deməməyi tapşırıblar: "Bu, səbrimin son damcısı oldu… axı söhbət təhlükəli kimyəvi maddələrdən istifadə edilən təhlükəli istehsal prosesindən gedir. …Onlar uşaqlara valideynlərinə hər şeyi danışmağı yasaqlayıblar".

Alabuqa Politexnik Universitetində baş verənlər ötən il Ukraynaya hücum ediləndən sonra İranla Rusiya arasında hərbi əməkdaşlığın artması ilə bağlıdır.

İran Rusiyaya müharibədən öncə dron satdığını, ancaq müharibənin başlanmasından sonra bunu etmədiyini deyib. Ancaq ABŞ kəşfiyyat rəsmiləri İranın aylar boyunca, davamlı olaraq Rusiyanı dronlarla təchiz etdiyini, eləcə də tərəflərin İran dronlarını Rusiyada yığmaqdan ötrü zavod qurmaq planlarını götür-qoy etdiyini bildiriblər.

Peyk görüntüləri ictimailəşib

"The Wall Street Journal" yanvarın 5-də İran nümayəndə heyətinin Tatarstandakı Yelabuqa rayonuna gələrək belə bir zavodun tikilməsi üçün Alabuqa xüsusi iqtisadi zonasının ərazisini gözdən keçirdiyini yazır. Aprel ayında ABŞ rəsmiləri bu zavodun tikilməkdə olduğunu göstərən peyk görüntülərini ictimailəşdiriblər.

Müharibənin ilk dövrlərində tutduğu Ukrayna ərazilərindən çıxmağa məcbur qalan Rusiya strategiyasını dəyişərək Ukrayna şəhərlərinə amansız hava zərbələri endirməyə başlayıb. Bu hücumlarda çox zaman kruiz raketləri və partlayıcı maddələrlə doldurulmuş "intiharçı" dronlardan istifadə edirlər. Beləcə, Ukraynanın mülki əhalisinin elektrik və içməli su infrastrukturu dağıdılır.

Ukrayna əsgərləri İran dronlarını avtomat silahlarla vurur
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bu vaxtadək İran Rusiyanı "intihar" dronları kimi tanınan "Şəhed-136" dronları ilə təchiz edib. Hərbi ekspertlər deyirlər ki, bu dronlara az miqdarda partlayıcı maddə yükləndiyindən onlar hədəfə dəydiyi an partlayır.

Rusiya dronları daxildə istehsal etməklə daha ucuz başa gələn və son dərəcə dağıdıcı gücə malik dron arsenalını böyüdə bilər.

Bu sövdələşmə Ukrayna müharibəsində özünü tərəfsiz göstərməyə çalışan İrana da ciddi iqtisadi və siyasi mənfəət gətirir. İran istehsalı olan dronların Ukrayna şəhərlərində görünməsi Qərbin İranı yeni iqtisadi sanksiyalar barədə xəbərdar etməsinə səbəb olub.

"Dünya səviyyəli" maaş?

Hazırda Alabuqa Politexnik Universitetində minədək tələbənin oxuduğu, onlardan bir neçə yüzünün İran dronları yığdığı bildirilir.

"Protokol" və "Razvorot"un araşdırmalarına görə, məktəb bu işə əcnəbi tələbələri də cəlb etməyə çalışır. Əcnəbilərin çoxu Afrika ölkələrindən, Mərkəzi Asiya və Azərbaycandandır. Onlara beynəlxalq təcrübə proqramı çərçivəsində "dünya səviyyəli" maaşlar vəd edilir.

Ancaq bu əcnəbi tələbələrə sonradan məktəbin ərazisində bilik və zehni əmək tələb etməyən, məsələn, təmizlik işləri həvalə edilir və vəd edildiyindən daha az məvacib ödənilir.

XS
SM
MD
LG