Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:22

'Məmuru gəlir bəyannaməsi verməyən ölkədə vətəndaşa tələb qoymaq...'


Bankomat
Bankomat

"Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"na dəyişiklik edilib. Mərkəzi Bankın İdarə Heyətinin bununla bağlı qərarı avqustun 9-da qüvvəyə minib. Dəyişikliyə görə, Azərbaycan vətəndaşlarının ölkə banklarının ödəniş kartları vasitəsilə xaricdə bir ayda 10 min ABŞ dolları qədər pul nağdlaşdırması müəyyən edilib.

Eyni zamanda, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib. (gündəlik 1 min ABŞ dolları ekvivalentində olmaqla, aylıq 10 min ABŞ dolları). Dəyişiklikdən sonra aylıq 20 min ABŞ dolları müəyyən edilib.

Ə.Həsənov
Ə.Həsənov

"Niyə limit dollarla olmalıdır?"

AzadlıqRadiosunun suallarını cavablandıran bank sektoru üzrə ekspert Əkrəm Həsənov qərarda milli valyutadan bəhs edilməməsini irad tutub: "Niyə limit dollarla olmalıdır? Məgər Azərbaycanın milli valyutası dollarladır. Konstitusiyanın 19-cu maddəsinə görə, yeganə ödəniş vasitəsi milli valyutadır. Düzdür, son vaxtlar qanunların çoxunda bu məsələ yoxdur. Yalnız qaydalarda dollar göstərilir, bunun özü səhvdir və milli valyutaya hörmətsizlikdir".

Onun sözlərinə görə, başqa bir problem Azərbaycanda qeyri-rəsmi valyuta alışına məhdudiyyət qoyulmasıdır: "Bir nəfər il ərzində 20 min manatdan çox valyuta ala bilmir. Təxminən 12 min dollar edir. Bu məhdudiyyəti kim müəyyən edib, dövlət orqanlarından heç kim boyuna almır. Guya, banklar edib. Təsəvvür edin, bir tərəfdən, 20 min dollar xaricə aparmağa icazə verilir, o biri tərəfdən də, illik limit qoyublar 20 min manat, təzad burdadır".

"İnsanlara əziyyət vermək idi"

Onun fikrincə, pulun mənbəyinin göstərilməsi qaydası da təəccüblüdür: "Azərbaycanda dövlət məmurlarının da gəlir bəyannaməsi yoxdur. Məmuru gəlir bəyannaməsi verməyən ölkədə xaricə pul köçürdən vətəndaşa "mənbə göstər" tələbi qoymaq doğru deyil. Məsələ ondadır ki, istənilən mənbəni göstərmək olar, deyə bilər ki, tapmışam, babamdan qalıb".

Bununla belə, Ə.Həsənov qərarı müsbət qiymətləndirir: "İndiyə qədər qaydalarda "gündə 1 min dollar, ayda 10 mini keçməməklə" yazılırdı. Bu, insanlara əziyyət vermək idi. Məsələn, mən ayda bir dəfə 10 min manat həddində xaricə pul aparmaq istəyirəm, niyə hər gün götürməliyəm?! Əslində əvvəlki qaydalardan banklar qazanırdı, indi isə aylıq limit olacaq, istəyirsən, birdəfəlik 20 min keçir. Həm də 10 min manatdan 20 minə qədər artırıldı, bu da prinsipcə yaxşıdır".

V.Bayramov
V.Bayramov

Deputatın tövsiyəsi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə güman edir ki, Mərkəzi Bankın qərarında məqsəd çirkli pulların yuyulmasının qarşısının alınması, ölkədən valyuta axınının minimumlaşdırılmasına nail olmaqdır.

Deputatın AzadlıqRadiosuna deməsinə görə, Mərkəzi Bank çalışır ki, oxşar qaydalar ölkə hüdudlarından kənarda yerli plastik kartlara münasibətdə də tətbiq olunsun: "Amma bir sıra hallarda vətəndaşlarımızın səfər etdiyi bəzi ölkələrdə plastik kartlardan istifadə ilə bağlı infrastruktur tam olaraq inkişaf etməyə bilir. Həmin ölkələrdə belə limitlərin müəyyənləşdirilməsi oralara səfər edən vətəndaşlarımızın nağd ödənişlərində müəyyən çətinliklər yarada bilər".

Deputat tövsiyə edir ki, səfərlər zamanı qanunla müəyyənləşdirilmiş limitlər çərçivəsində vətəndaş həm də nağd pul apara bilsin: "Qanunvericiliyə görə, vətəndaşların xarici səfərlər zamanı nağd pul aparması ilə bağlı limitlər var. Bu mənada prosesin kompensasiya edilməsi mümkündür".

XS
SM
MD
LG