Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:27

Yerevan və Moskva Qarabağı sülh müqaviləsi üçün şərt qoyur?


Ararat Mirzoyan (ortada) iyulun 20-də ATƏT-in Daimi Şurasının Yerevanın tələbi ilə çağırılmış xüsusi iclasında
Ararat Mirzoyan (ortada) iyulun 20-də ATƏT-in Daimi Şurasının Yerevanın tələbi ilə çağırılmış xüsusi iclasında

Ermənistan Azərbaycan tərəfindən Qarabağla bağlı dörd addımın atılmasını gösləyir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Daimi Şurasının Yerevanın tələbi ilə çağırılmış xüsusi iclasında deyib.

Onun sözlərinə görə bu addımlar adamların və nəqliyyat vasitələrinin Laçın dəhlizi ilə maneəsiz hərəkətinin bundan əvvəl əldə olunmuş razılaşmalara uyğun olaraq təmin edilməsi, Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizinin açılmasına dair 23 fevral və 6 iyul qərarlarının Azərbaycan tərəfindən yerinə yetirilməsi və Qarabağ münaqişəsi ilə bağlı həll olunmamış bütün məsələlərin beynəlxalq qurumlar, o cümlədən BMT ilə əməkdaşlıq çərçivəsində müzakirəsidir.

Ararat Mirzoyan deyib ki, Azərbaycan “səhv olaraq Qarabağı öz daxili məsələsi hesab etsə də, onun Qarabağda yaratdığı humanitar fəlakət beynəlxalq mexanizm olmadan aradan qaldırıla bilməz”.

Mirzoyan bildirib ki, Azərbaycanla danışıqlar davam etsə də, Qarabağdakı vəziyyət hazırkı siyasi prosesə ciddi şəkildə ziyan vura bilər.

Onun sözlərinə görə Qarabağın “blokadası dərhal aradan qaldırılmalı və bununla bağlı bütün məsələlər həll olunmalıdır”.

Qarabağ əsas məsələdir

Ermənistan naziri Ermənistan baş naziri Nikol Paşinyanın Yerevanın Qarabağ da daxil Azərbaycanın 86 min 600 kvadrat kilometrlik sahədə ərazi bütövlüyünü tanıması barədə bəyanatını xatırladaraq deyib ki, burada Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Bakı və Xankəndi arasında beynəlxalq mexanizm çərçivəsində müzakirəsi nəzərə alınmalıdır:

“Azərbaycanın ərazi bütövlüyünə hörmət yanlış olaraq ona Dağlıq Qarabağda etnik təmizləmə aparmaq icazəsi və imkanı kimi yozulmamalıdır”.

Mirzoyan diqqəti Azərbaycan və Ermənistan arasında üç onillikdir davam edən münaqişənin “kökünə” çəkib:

"Ermənistan Azərbaycanla münasibətlərin tənzimlənməsi səylərini davam etdirməyə və regionda sülh erasının açılmasına sadiqdir. Biz əminik ki, əgər tərəflər münaqişənin əsas səbəblərini həll etməyə maksimum səy göstərsələr, regionda stabil sülh mümkündür. Burda əsas məsələ Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunmasıdır”.

Mirzoyan deyib ki, Azərbaycan Ermənistanla hərbsizləşdirilmiş zonanın yaradılması və qoşunların SSRİ Baş Qəragahının 1975-ci il xəritəsinə uyğun şəkildə geri çəkilməsinə dair danışıqlar aparmaqdan imtina edir.

Rusiya səfiri də ATƏT-in iclasında çıxış edib

Rusiya mediası yazır ki, ATƏT-in Daimi Şurasının sözü gedən iclasında Rusiyanın qurumdakı səfiri Aleksandr Lukaşeviç də çıxış edib.

O deyib ki, Qarabağda hadisələr mənfi ssenari ilə inkişaf edir. Onun sözlərinə görə Qarabağın erməni əhalisinin ərzağa, gündəlik tələbat mallarına və dava-dərmana kəskin ehtiyacı var.

Rusiya diplomatı bildirib ki, Laçın dəhlizinin blokdan çıxarılması üçün təcili addımlar atılmalıdır:

“Hesab edirik ki, belə bir şəraitdə Bakı və Yerevan arasında bundan əvvəl əldə olunmuş razılaşmalar əsasında sülh müqaviləsi mətninin ən tez bir zamanda razılaşdırılmasının zəruriliyi artıb. Ondan çıxış edirik ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə verilən dəqiq qarantiyalar, habelə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması və Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatların qeyd-şərtsiz icrası da daxil bu müqavilənin alınmaz tərkib hissəsi olmalıdır”.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyi bildirir ki, Moskva "Dağlıq Qarabağda normal həyat fəaliyyətinin bərpa olunmasına", habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişaf etdirilməsinə kömək etməyə “tam enerjisi” ilə hazırdır.

Lukaşeviç bunu da bildirib ki, Rusiya razılaşmalara əməl olunmasını ən yüksək səviyyədə müzakirə etmək üçün ən yaxın vaxtda Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammitinin təşkilini istərdi.

Bundan əvvəl

Bundan əvvəl iyulun 15-də Bakı Rusiya XİN-in Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanatına kəskin reaksiya vermişdi.

Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında Qarabağ məsələsinə bu yanaşmanın Azərbaycanla Rusiya arasındakı Müttəfiqlik Bəyannaməsinə, o cümlədən Rusiya prezidenti tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil etdiyi deyilirdi:

"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir."

Qarabağdakı sülhməramlılar muzdlu döyüşçüyə çevrilə bilər? Rusiyalı ekspertin şərhi
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

2023-cü ilin aprelində Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulub.

Ermənistan bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.

Azərbaycan isə postun Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulduğunu açıqlayıb.

XS
SM
MD
LG