Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:04

Rusiya Odessaya ‘qisas zərbələri’ endirdiyini bəyan edib


Odessaya raket zərbələrindən sonra
Odessaya raket zərbələrindən sonra

Rusiya Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair razılaşmadan çıxdıqdan bir gün sonra, iyulun 18-ə keçən gecə Ukraynanın port şəhərləri - Nikolayev və Odessaya hava zərbələri endirib.

Ukrayna ordusunun “Cənub” komandanlığı bildirir ki, rusiyalılar Qara dənizdən Odessaya altı Kalibr raketi atıblar, amma Ukrayna ordusu raketlərin hamısını vurub.

Buna baxmayaraq vurulmuş raketlərin qırıntıları və partlayış dalğası liman infrastrukturuna və bir neçə fərdi evə ziyan vurub. Bir nəfərin yaralandığı xəbər verilir.

Operativ komandanlığın məlumatına görə Odessa üzərində 21 Şahed dronu vurulub.

Nikolayev vilayətində də hava həyəcanı elan edilib. Ukrayna hərbçiləri burada 4 dron vurduqlarını bildirirlər.

Ukrayna və Rusiya mənbələri Nikolayev limanında yanğın baş verdiyini xəbər veriblər.

Rusiyanın Müdafiə Nazirliyi Odessaya “qisas zərbələri” endirildiyini bəyan edib.

Nazirlik iddia edib ki, bu şəhərdə Rusiyaya qarşı hücumlarda istifadə olunan dəniz dronlarının hazırlandığı obyektlərə “yüksək dəqiqliyə malik” raketlərlə zərbələr endirilib.

Krıma dron hücumu

İyulun 17-də gecə ilhaq olunmuş Krımla Rusiyanı birləşdirən Kerç körpüsünə məhz iki dəniz dronu ilə hücum edilmişdi. Körpü qismən bərpa olunsa da, onun tam yenidən qurulması noyabr ayından tez başa çatmayacaq.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Nikolayevdə zərbələr Ukrayna Silahlı Qüvvələrinin yanacaq infrastrukturuna endirilib.

İlhaq edilmiş Krımın Rusiya tərəfindən təyin edilmiş başçısı Sergey Aksyonov iyulun 18-də bildirib ki, yarımada üzərində 9 Ukrayna dronu vurulub və 19 dron zərbəsinin qarşısı elektron mübarizə vasitələri ilə alınıb.

Aksyonov məhz hansı obyektlərə zərbələr endirildiyini deməyib.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl 17 dronun vurulduğunu və 11 dron zərbəsinin qarşısının alındığını bildirmişdi.

Putin qisas vəd edir

Rusiya prezidenti Vladimir Putin iyulun 17-də gecə Krım körpüsünə bitişik rayonların başçıları və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib.

O Krım körpüsünə hücumu “terror aktı” adlandırıb və buna “cavab veriləcəyini” deyib.

Putin əlavə edib ki, Müdafiə Nazirliyi artıq bu barədə “təkliflər hazırlayır”.

Rusiya baş nazirinin Krım məsələlərini kurasiya edən müavini Marat Xusnullin etiraf edib ki, körpünün qanadlarından biri tamamilə dağılıb və bərpa oluna bilməyəcək. Digər zolağın da zədələndiyi bildirilir. Xusnullinin sözlərinə görə körpünün dayaqlarına ziyan dəyməyib, amma onlardan biri möhkəmləndirilməlidir.

Bu da qeyd olunur ki, körpü üzərindən yalnız minik avtomobillərinin “reversiv” hərəkəti qismən bərpa olunub.

Xusnullinin sözlərinə görə körpünün 250 metrlik zədələnmiş hissəsində müvəqqəti körpü qurulmalıdır.

O deyib ki, indilik avtonəqliyyata alternativ yoldan – “yeni regionlardan” (Ukraynanın işğal olunmuş əraziləri-red) istifadə etmək təklif olunub.

Sergey Aksyonovsa deyib ki, Krasnodar vilayəti ilə Krım arasında bərə keçidi fəaliyyət göstərir. Onun iddiasına görə bu bərə günə 450 avtomobili keçirmək qabiliyyətinə malikdir.

O əlavə edib ki, bərədən istifadədə “Müdafiə Nazirliyinin yüklərinə prioritet verilir”.

XS
SM
MD
LG