Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:27

Ukraynada döyüşməkdən imtina edən əsgərləri zirzəmilərə salırlar


Ukrayna
Ukrayna

Rusiyada bir əsgər rəhbərliyə tabe olmamaqda təqsirli bilinib. O, bir qrup çağırışçı ilə birlikdə rəhbərlərini ittiham edirdilər ki, döyüşdən imtina etdiklərinə görə Ukraynanın şərqində zirzəmidə, natəmiz yerdə saxlanıblar, onlara düz-əməlli yemək verilməyib. Bu haqda Rusiyanın müstəqil media orqanı yazıb.

Əsgər Yevgeni Frolov iyulun 12-də Rusiyanın uzaq şərqdəki Spassk- Dalni şəhərində mühakimə olunub. Bundan bir neçə gün öncə yayılmış yeni videoda isə Ukraynada əsir saxlanan rusiyalı əsgərlərin göstərildiyi bildirilir. Onlar gərəkən avadanlıq və dəstək olmadan ön cəbhəyə getməkdən imtina etdikləri üçün əsir saxlanıblar.

“Cəbhəyə getməkdən imtina etdiyimiz üçün bu çalaya salınmışıq”, – kameradan kənarda danışan bir kişinin səsi eşidilir. O, zirzəmiyə oxşayan, divarları ovulub-tökülən bir yerdə kamuflyajda uzanan kişiləri göstərir.

“Bizi it kimi meşəyə atıblar”

“Bizi cəbhə xəttinə aparacaq komandir yoxdur. Avadanlıq, təxliyə komandaları, radio yoxdur. Bizi it kimi meşəyə atıblar”, – videodakı kişi deyir. Videonu Rusiyanın müstəqil “Astra” Telegram kanalı iyulun 8-də yayıb.

“Astra” yeni videodakı şəxslərin Rusiyanın 60-cı əlahiddə motoatıcı briqadasının üzvləri olduğunu bildirir. Ukraynada döyüşməkdən imtina edən rusiyalı əsgərlərin guya cəzalandırılmaq üçün belə əldəqayırma saxlanma yerlərinə salındığı bildirilir.

Spassk-Dalnidə hərbi məhkəmənin tabe olmamaqda təqsirli bildiyi Frolovun isə digər rusiyalı çağırışçılarla Ukraynanın şərqi Donetsk vilayətində Zavitne Bajannya kəndində oxşar zirzəmidə saxlandığı bildirilir. Bunu “Astra” yazır. Söhbət Donetskin Rusiyanın nəzarətində olan hissəsindən gedir.

AzadlıqRadiosu Frolovun Ukraynada döyüşməkdən imtina etdiyi üçün zirzəmidə saxlandığını müstəqil təsdiqlədə bilməyib. Spassk-Dalni hərbi məhkəməsi isə vebsaytında onun tabe olmamağa görə təqsirli bilindiyini qeyd edir. “Astra” onun 2 il yarım həbsə məhkum olunduğunu yazır, qohumlarına, əsgər dostlarına istinad edir.

Komandirə nə lazımdır

Rusiyalı əsgərlərin hüquqlarını müdafiə edən Yelena Popova AzadlıqRadiosunun rus xidmətinə deyib ki, əsgərləri belə yerlərdə saxlamaqda məqsəd “səni yenidən cəbhəyə getməyə məcbur etməkdir”.

“Müharibə zonasındakı komandirə şəxsi həbs eləmək yox, onu öldürməyə və ölməyə getməyə məcbur etmək lazımdır. Ona görə də belə vəhşi metodlara əl atırlar”, – deyən Popova bu təcrübəni “sadəcə orta əsr metodu” adlandıdır.

2022-ci ilin noyabrında Frolovla birlikdə Zavitne Bajannyada zirzəmidə saxlandığı iddia olunan rusiyalı əsgərlərdən biri Rusiyanın İstintaq Komitəsinə müraciət edib. Əsgər “ali komandanlığın taktiki və strateji nöqsanlara yol verdiyini, tabeçilikdə olanlara daim yalan danışdıqlarını, qeyri-adekvat tibbi və maddi dəstək verildiyini” iddia edib.

“Komandirlərə inamım sarsılıb”, – əsgər Mixail Nosov şikayətində yazırdı.

“Uzun müddət stress altında olublar”

Nosovun vəkili Maksim Qrebenyuk dekabrda AzadlıqRadiosunun rus xidmətinə deyib ki, onun müvəkkili olan bir sıra rusiyalı əsgərlər “zirzəmilərə atılaraq orada qeyri-insani şəraitdə saxlanılıblar, prosedur sənədlər tərtib olunmayıb, onlar ittiham irəli sürülməyib”.

Popova radionun rus xidmətinə bildirib ki, belə cəzaya məruz qalan əsgərlər çox vaxt hüquqi müstəvidə mübarizədən çəkinirlər.

“Onlar uzun müddət stress altında olublar, qanunun işləmədiyi, yalnız güc və zorakılığın işlədiyi şəraitdə saxlanıblar”, – o söyləyib.

Ötən həftə yayılmış zirzəmi videosunda görünən çağırışçıların qohumları “Astra”ya deyiblər ki, video onlayn yayılandan sonra əsgərlərlə əlaqə yarada bilməyiblər.

XS
SM
MD
LG