Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:32

İsrail Azərbaycandakı səfirliyinə İranın hücum planlaşdırdığını deyir


Eli Koen
Eli Koen

İsrailin Xarici İşlər naziri Eli Koen iyulun 12-də deyib ki, Azərbaycandakı İsrail səfirliyinə baş tutmayan hücuma görə İran məsuliyyət daşıyır. İsrail mediası nazirin Serbiyaya rəsmi səfəri zamanı belə bir açıqlama verdiyini yazır.

"Bu cəhdin arxasında Tehran dayanır", – Koen vurğulayıb.

"İran terroru qlobal təhdiddir", – deyən nazir son aylar Kiprdə və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərini xatırladıb. O qeyd edib ki, Bakıdakı İsrail səfirliyinə hücum planlaşdıran terror dəstəsini İran maliyyələşdirib və təlimatlar verib.

Koen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətinə qarşı birləşməyə çağırıb.

İran, hələlik, bu ittihamlara münasibət açıqlamayıb.

İyulun 13-də isə Azərbaycanda səfərdə olan İsrailin Müdafiə naziri Yoav Qallantı azərbaycanlı həmkarı Zakir Həsənov qəbul edib. Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu bildirilir.

DTX-nın məlumatı

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 10-da bildirib ki, Bakıda üçüncü ölkənin səfirliyinə hücum planlaşdırmaq şübhəsi ilə 23-yaşlı Əfqanıstan vətəndaşı saxlanıb. Bəyanatda şübhəlinin İsrail səfirliyini hədəf aldığı yazılmayıb.

Ancaq "The Times of Israel" qeyd edir ki, şübhəli "Hyatt Regency" oteli yaxınlığındakı səfirliyin yanında izlənib, Azərbaycan rəsmiləri tərəfindən dindirilib.

DTX-nın məlumatına görə, Əfqanıstan vətəndaşı üçüncü ölkənin səfirliyini izləmək, şəbəkə qurmaq, silah və maliyyə əldə etmək üçün xarici ölkədən gəlib. Şəbəkənin digər üzvlərinin tapılması üçün iş aparıldığı vurğulanıb.

Rəsmi məlumatda adı çəkilən şəxsin ittihamlara münasibəti bəlli deyil.

İndiyədək bir sıra ölkələrdə yəhudilərə və israillilərə qarşı İranın hücum planlarının müəyyənləşdirilməsi haqda məlumatlar yayılıb.

Azərbaycanın əsas silah təchizatçısı

İsrailin Azərbaycanla münasibətləri son vaxtlar intensivləşib. Martda Xarici İşlər naziri Ceyhun Bayramov İsraildə səfirliyin açılışına qatılıb.

Mayda Prezident İsaak Hersoq Azərbaycana səfər edib, İranın yaratdığı təhdidi, ikitərəfli əlaqələri müzakirə edib.

İsrail Azərbaycanın əsas silah təchizatçılarındadır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2016-2020-ci illərdə İsrail Bakının silah idxalının 69 faizini verib. Bu, həmin dönəmdə Təl-Əvivin silah ixracının 17 faizi deməkdir.

2020-ci ildə 44 günlük Qarabağ müharibəsi vaxtı İsrail Azərbaycana silah göndərişlərini artırıb. Azərbaycan ərazilərinin bir hissəsinə nəzarəti bərpa edib.

İkitərəfli münasibətlərdə əsas məqamlardan biri Azərbaycanın İranın şimalında yerləşməsidir. Digər tərəfdən, İsrailin neftinin 30 faizdən çoxunu Bakıdan aldığı bildirilir.

Tehranla münasibətlər

Bakının Tehranla münasibətləri isə son aylar gərginləşib. Yanvarın sonunda Tehrandakı səfirliyə silahlı hücumda bir nəfər həlak olub. Azərbaycan səfirliyin fəaliyyətini dayandırıb, bu hücumu "terror aktı" adlandırıb. Bakı İrana getməməklə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Bundan başqa, tərəflər bir-birinin casus şəbəkələrini aşkarladıqlarını bildiriblər.

İyulun 5-də Bakıda səfərdə olan İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan İranın məhkəmə və hüquq-mühafizə orqanlarının Azərbaycan səfirliyinə terror aktını çox ciddi araşdırdığını deyib. O, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini tezliklə bərpa edəcəyinə ümidini bildirib.

XS
SM
MD
LG