Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:26

Ermənistanda Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına qarşı imza toplayırlar


Avetik Çalabyan məhkəmədə (Arxiv fotosu)
Avetik Çalabyan məhkəmədə (Arxiv fotosu)

Ermənistanda bir qrup vətəndaş Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını kriminallaşdıran təklif üçün imza toplanmasına başlayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, “Ayakve” adlı bu qrupa ictimai fiqurlar, mədəniyyət xadimləri, keçmiş məmur və deputatlar daxildir.

Təşəbbüs müəllifləri Cinayət Məcəlləsinə Ermənistanın adından Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan vəzifəli şəxslər üçün məsuliyyət nəzərdə tutan düzəlişin edilməsini təklif edirlər.

Təklifə görə belə əməldə bulanan vəzifəli şəxsə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Ayakve qrupunun əlaqələndiricisi Avetik Çalabyan bu barədə məlumat verib:

“Birinci maddə Ermənistan Respublikası adından Artsaxın (Qarabağ-red) başqa dövlətin tərkib hissəsi kimi tanınmasını cinayət əməli edir. İkinci maddə Ermənistan Respublikası adından erməni soyqırımının beynəlxalq tanınmasından imtinanı cinayət əməli edir. Nə üçün məhz bu iki maddə? Çünki məhz bu iki bənd Ermənistan Respublikasının müstəqilliyinə dair 23 avqust 1990-ci ildə qəbul edilmiş Bəyannamədə ümummilli məqsədlər kimi göstərilir.”

Paşinyanı dayandırmaq üçün

Azatutyun yazır ki, təşəbbüsçülər 50 min imza toplaya bilsələr, ölkə Konstitusiyasına görə bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. Əgər parlament təşəbbüsü rədd etsə, onda referendum keçirilməsi üçün 300 min imza toplamaq lazım gələcək.

Çalabyan deyib ki, Ayakve hər həftə toplanmış imzaların sayı barədə məlumat verəcək.

O əlavə edib ki, imzalar həm əllə, həm də elektron qaydada toplanacaq.

Azatutyun xatırladıb ki, baş nazir Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Belə halda bu təşəbbüs necə uğur qazana bilər?

Çalabyan bu suala cavab olaraq deyib ki, Paşinyanın bəyanatı hüquqi baxımdan təsdiq olunmayıb:

“Heç müqavilə də bağlanmayıb. Söhbət heç bir hüquqi gücü olmayan şifahi bəyanatdan gedir. Biz elə bu Ayakve prosesini ona görə başlatmışıq ki, Artsaxın (Qarabağ-red) Azərbaycanın tərkib hissəsi kimi tanınması prosesini dayandıraq”.

Azatuyun ötən ilin yayında yazırdı ki, müxalif ictimai fəal Avetik Çalabyan tələbələri pulla antihökumət aksiyalarına cəlb etməyə çalışmaqda ittiham olunurdu.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG