Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:35

Rusiya Ukraynadan nə qədər yetim uşaq aparıb?


5 yaşlı Oleksandra Matviyenko həlak olmuş əsgər atasının medalı ilə
5 yaşlı Oleksandra Matviyenko həlak olmuş əsgər atasının medalı ilə

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən bəri 2.5 minədək hamisiz qalmış yetim uşaq Rusiyaya aparıla bilərdi.

Bu barədə Rusiyanın “Vajnıye istorii” təhqiqat saytı yazır.

Sayt bildirib ki, bu nəticəyə yetim uşaqlara dair məlumat bankını təhlil etdikdən sonra gəlib.

Rusiya hakimiyyət orqanları qəyyum olmaq və ya övladlığa götürmək istəyənlər üçün yetim uşaqlar barədə məlumatları bu bankda yerləşdirir.

Qeyd olunur ki, bu məlumat bankında 2022-ci il ərzində uşaqların sayı kəskin artıb.

Sayt hesablayıb ki, 2022-ci ildə Rusiyanın 21 regionunda, o cümlədən Yamal-Nenetsk muxtar dairəsində məlumat bazasında qeydiyyata alınan uşaqların sayında böyük artım yaranıb.

Məlumada deyilir ki, ötən il belə uşaqların sayı son 6 ilin orta rəqəmi ilə müqayisədə 2450 nəfər çox olub.

Ukrayna ilə həmsərhəd Rostovda

“Vajnıye istorii” yazır ki, yetimlərin sayı ən çox Ukrayna ilə həmsərhəd Rostov vilayətində, Moskva və Nijeqorod vilayətlərində artıb.

Sayt qeyd edir ki, bu 2450 uşağın hamısının Ukraynadan deportasiya olunduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil. Məlumat bankında uşaqların Ukraynadan çıxarıldığı göstərilmir.

Lakin sayt məlumat bankına daxil edilmiş bəzi uşaqlara aid məlumatları araşdırıb və bəlli olub ki, bu uşaqlar Ukraynanın işğal olunmuş ərazilərində yaşayıblar.

Bu uşaqlardan bəziləri müharibədən əvvəl də Ukraynadakı uşaq evlərində olublar, bəziləri isə valideynlərini müdaxilə zamanı itiriblər.

Rusiyanın yaratdığı sistem uşaqların Ukraynadakı qohumlarının axtarışını nəzərdə tutmur.

Müharibə cinayəti

Ukrayna hökumətinin rəsmi rəqəmlərinə görə müharibənin əvvəlindən bəri Ukraynadan Rusiyaya 19 mindən çox uşaq aparılıb.

Onların heç də hamısı yetim deyil, bəziləri Rusiyaya ya valideynləri ilə birlikdə aparılıblar, ya da qohumları ilə yaşayırlar.

Rusiya hakimiyyəti uşaqların deportasiyasını rəsmən müharibə ərazisindən evakuasiya adlandırır.

Lakin beynəlxalq hüquq işğal olunmuş ərazilərdən uşaqların zorla deportasiyasını cinayət hesab edir.

Martın 17-də Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putini və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanı məhz belə cinayət əməlində şübhəli kimi tanıyaraq barələrində həbs orderləri verib.

BCM-in qərarı ABŞ, Ukrayna və Avropa İttifaqının əksər ölkələri tərəfindən dəstəklənib.

Dəhşət doğuran rəqəmlər

Bir neçə yüz uşağın Ukraynaya qayıtdığı məlumdur. Bunlar əsasən valideynlərinin razılığı ilə Rusiyadakı düşərgələrə aparılanlar və cəbhə xətti dəyişəndən sonra orada qalanlar idi.

Rusiya hakimiyyəti belə uşaqları valideynlərinə qaytarır, lakin onların uşaqları götürmək üçün şəxsən Rusiyaya səfər etmələrini tələb edir.

Bu isə müharibə şəraitində o qədər də asan məsələ deyil.

Ukrayna prezidenti Volodimir Zelenski Bratislavada Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konfransda deyib ki, Rusiyanın təcavüzü nəticəsində 500-dək ukraynalı uşaq həlak olub, daha 1000-dək uşaq isə əlil edilib.

İndiyədək 19 min 400 ukraynalı uşağın Rusiyaya deportasiyası rəsmən sənədləşdirilib.

Rusiya rəsmiləri Ukraynadan 744 min uşağın təxliyə olunduğunu iddia edirlər. Bu rəqəm müstəqil şəkildə təsdiq olunmayıb.

Ukrayna prezidentinin uşaq haqları üzrə müvəkkili Darya Gerasimçuk bu rəqəmin 200-300 min arasında olduğunu təxmin edir.

O bildirib ki, Ukrayna indiyədək yalnız 371 uşağı geri qaytara bilib.

XS
SM
MD
LG